Qadin.NET / İşdə nə edərlər?

İşdə nə edərlər?

 

Bəzi insanlar işini çox sevir, bəziləri onsuz həyatını təsəvvür etmir, karyera qurur və həyatda çox şeyə məhz işinə görə nail olur. Elələri də var ki, işinə nifrət edir və iş gününün tez bitəcəyini səbirsizliklə gözləyir. Lakin ən darıxdırıcı işin belə zövq almaq üçün müsbət tərəfləri var. Sadəcə, hər şey məsələyə necə baxmağımızdan asılıdır. Psixoloq, psixologiya üzrə fəlsəfə doktoru Ruhəngiz Mehmanqızının sözlərinə görə, işdə uğur əldə edən və karyera qura bilənlər işindən zövq alanlardır: "Məşhur bir fikirdə deyildiyi kimi, "Xoşbəxt o insandır ki, evdən işə, işdən evə tələsir". Özünü işdə yaxşı hiss edənlər daha gözəl nəticələr əldə edirlər. Hətta bir çox rəhbərlər də anlayırlar ki, işçilərin özünü yaxşı hiss etməsi hər şeydən əvvəl onlara lazımdır". Ən əsası işimizə görə aldığınız maaş bizi heç kimdən asılı etmir, iş sosial status verir, ən əsası isə işdə görmək istədiyimiz kifayət qədər yaxşı insanlar var. Əgər iş çox darıxdırıcıdırsa, işdə əlavə məşğuliyyətlər də tapmaq olar. İşçilər tez-tez sərt və işgüzar müdirdən "İş işdir, işdə işlə məşğul olmaq lazımdır!" kimi sözləri eşidirlər. Lakin buna baxmayaraq, işçilər telefonla söhbət etməyə, sosial şəbəkələrdə yazışmağa, internetdən maraqlı məlumatları oxumağa, hətta klip və ya filmə baxmağa da müvəffəq olurlar. Düzdür, onların buna nə qədər vaxt ayırmaları işdəki qoyulan qaydalardan və onların işi nə dərəcədə tez yerinə yetirmələrindən asılıdır. Eləcə də, işçilər şayiələrə, məhəbbət macəralarına, aqressiyalarını boşaltmaq, hətta konfliktlər üçün də vaxt tapırlar. R.Mehmanqızı bildirib ki, iş yerlərində məhəbbət macəraları yaxşı qarşılanmasa da, qaçılmazdır: "İşdəki məhəbbət macərası çox zaman vaxt qıtlığından yaranır. Əksər insanlarda gərgin işdən sonra evdən çıxmaq həvəsi qalmır, ona görə də tanışlıq üçün təkcə iş yoldaşlarını seçməli olurlar. Digər səbəblərdən biri odur ki, eyni işlə məşğul olan insanların maraqları, zövqləri də eyni olur. Amma işdəki məhəbbət macəraları rəhbərliyi qane etmir, çünki bu, işçinin işə marağını azaldır, məhsuldarlığa bilavasitə təsir edir. Bir çox xarici şirkətlər mübahisələrdən qaçmaq üçün müqavilələrində işdə məhəbbət macəralarını qadağan edir, həddən artıq cəlbedici qadını işə götürmür. Bu cür hallar başqalarının diqqətini yayındırır, həmçinin onun haqqında şayiələr işin məhsuldarlığına təsir edir". Onun dediyinə görə, işdə geniş yayılan problemlərdən biri də dedi-qodu və şayiələrin yayılmasıdır: "İşçilərin çoxu bir-birinin arxasınca nəsə danışmağı, şəxsi həyatlarını müzakirə etməyi xoşlayırlar. Bu, onları işin ağırlığından uzaqlaşdırır və əyləndirir. Lakin bu, iş yerində mühitin sağlamlığına ziyandan başqa heç nə gətirmir. Şayiə həm onu edənə, həm də onun hədəfinə zərər gətirir. İş yerində münasibətlər pozulur, nəticədə şirkətin işinə ziyan dəyir. Özü də belə söz-söhbət çox zaman həqiqətə əsaslanmır". İş kollektivində baş verən konfliktlərdən, şayiələrdən və ya məhəbbət macəralarından uzaq olmaq üçün bəzi insanlar işdə heç kimlə münasibət saxlamaq istəmirlər. Psixoloq qeyd edib ki, harada işləməyindən asılı olmayaraq belə münasibət heç kəsə xoş deyil. Səhiyyə sistemində çalışan Mehriban Həsənovanın isə çox maraqlı fikri var: "Mənimlə ancaq qadınlar işləyirlər. Sözün düzü, əgər dedi-qodu olmasa, bağrımız çatlayar. 8 saat bir yerdə işləyəndə, müəyyən gərginliklər yarana bilər. Ona görə də necə deyərlər, qaynar qazanın buxarını buraxırsan - etibar etdiyin şəxsə yola getmədiyin adamdan şikayət edirsən, ürəyin soyuyur, əsəblərin bir qədər sakitləşir. Əsas odur ki, həddini aşmayasan. Yalan yaymayasan". Psixoloq qeyd edib ki, xarici şirkətlərin birində xanımların çox söhbət etdiyini görən rəhbərlik işdə xüsusi təcrübə aparıb: "Xanımlar danışmasın deyə, iş şəraiti dəyişdirilir. Yeni qurulmuş interyerə görə işçilər arasındakı arakəsmələr onların bir-birini görməyə və ünsiyyət saxlamalarına maneə yaradır. Amma nəticə rəhbərliyi qane etmir. Məlum olur ki, işçilərin yorğun və yuxulu vəziyyəti məhsuldarlığı daha da aşağı salır. Deməli, işdə söhbətin ümumi nəticələrdə müsbət rolu ola bilər". İşdə rast gəlinən xoşagəlməz halardan biri də stressdir. Mehmanqızının fikrincə, işgüzar həyatı stressiz təsəvvür etmək çətindir: "İşdə stress günümüzün ən aktual problemlərindəndir. Stress keçirdiyi vaxt insan enerjisiz olur, başqaları ilə ünsiyyət saxlamaq istəmir, tənhalığa qapılır. Motivasiya zəifləyir, işin keyfiyyəti itir, məhsuldarlığı azalır, işə qarşı biganəlik yaranır. Stressin dağıdıcı təsiri ən qabaqcıl və ən yaxşı idarə olunan şirkətlərdə belə qeydə alınır. 25-dən çox işçisi olan hər bir şirkətdə işdəki münasibətləri tənzimləmək və gərginliyi aradan götürmək üçün məsuliyyət daşıyan insanın olması vacibdir". Qeyd edək ki, İngiltərədə aparılan araşdırmada iş yerlərində stressin kəskin ürək xəstəliklərinə yol açdığı sübut edilib. Ümumiyyətlə, son illərin tədqiqatları göstərir ki, məhz gündəlik, xırda xoşagəlməz hallar stressin yaranmasına səbəb olur. İş yoldaşları ilə qarşılıqlı münasibətlərini, intriqalarını, işdəki xırda uğursuzluqları ürəyinə salan adamlar xroniki stressdən əziyyət çəkirlər. Müsahibimizin dediyinə görə, iş yerlərində stressə məruz qalan şəxslər öz həmkarları və ya müdirləri ilə bunun qarşısını almaq barədə danışmalıdırlar: "Əgər rəhbərlik işçilərin işə necə münasibət bəslədiyini bilmək istəyirsə, onlarla bu haqda danışmalı, hisslərini bölüşməyə şərait yaratmalı və diqqətlə qulaq asmalıdır". 

 

Mənbə: Ekspress.Az

20 dekabr 2013
GO BACK