Qadin.NET / Qayalar üstündə möhtəşəm qala

Qayalar üstündə möhtəşəm qala

 

Qayalar üstündə möhtəşəm qala

El arasında “Koroğlu qalası” kimi tanınan bu qala Gədəbəydə hələ də əzəmətini itirməmiş tarixi abidələrdəndi. Gədəbəydə olarkən, çox adam bizim bu qalada olub-olmadığımızı, görüb-görmədiyimizi xəbər alırdı. Düzdü, bu qala haqqında az da olsa məlumatlıydıq, amma yenə də maraq bizi bürüdü. Və “Koroğlu qalası”na yollandıq. Gədəbəy rayonunun Qalakənd və Miskinli kəndləri arasında sıldırım qayalıqların zirvəsində ucalan möhtəşəm “Koroğlu qalası” strateji baxımdan olduqca əlverişli yerdədir. Qala divarlarının eni bir metrə yaxındır. Daxildə müxtəlif tikililərin xarabalıqlarına da rast gəlmək olur. Müdafiə məqsədi ilə inşa olunan qalanın yeraltı gizli yolu və gizli su xətti də aşkar edilib. Saxsı borularla haradansa çəkilən su qalanın içərisində inşa edilmiş anbara daxil olur, oradan isə yeraltı borular vasitəsilə axıb Miskinli kəndinin içindən keçən çaya tökülür. Qalanın içində, mərkəzi hissədə yerləşən su anbarı hal-hazırda qalanın digər hissələri ilə müqayisədə daha az dağıntıya məruz qalıb. Onun divarlarındakı yazılar isə qalanın tez-tez ziyarət olunduğundan xəbər verir.

Sözün düzü bu qalanı görmək, şəkillərini çəkmək bizim üçün çox maraqlı oldu. Adının həqiqi və ya uydurma olduğunu deyə bilməsək də, Azərbaycan tarixinin bir hissəsini özündə yaşatdığına görə, insana qeyr-adi hislər bəxş edir. Bir zamanlar əlçatmaz, ayaqdəyməz bu yerlərin, bu qalaların indi ovulub tökülməsi, bəlkə də tarixin gücə, hökmranlığa bir ironiyasıdır.

Mənbə: Lent.az

20 dekabr 2013
GO BACK