Son zamanlar Rusiya Federasiyasının miqrasiya qanunvericiliyindəki yeniliklərlə əlaqədar Azərbaycan Respublikası vətəndaşlarının Rusiya ərazisinə daxil olması zamanı ölkəyə buraxılmaması və vətənlərinə deportasiya olunması halları xeyli dərəcədə çoxalıb. Bu barədə Trend-ə Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.Məlumata görə, nəticə etibarilə, Rusiya ərazisinə girişi qadağan olunan şəxslərin vaxtında məlumatlandırılmaması səbəbindən vətəndaşlarımızın səfirliyə ünvanladığı şikayət və müraciətlərin sayı artıb.Hazırda Rusiya Federal Miqrasiya Xidmətinin rəsmi internet səhifəsində xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər üçün FMX-nin xətti ilə Rusiyaya girişə icazənin olmaması ilə bağlı əsasları yoxlamaq üçün "məlumat xidmətləri" bölməsində online-xidmət fəaliyyətə başlayıb.Anlaşılmazlıqların aradan qaldırılması məqsədilə səfirlik Rusiyaya gəlməzdən əvvəl Rusiya Federasiyası ərazisinə girişə qadağanın olub-olmaması barəsində əmin olmaq üçün bu xidmətdən yararlanmağı məsləhət görür.
Mənbə: Milli.Az