Qadin.NET / Şaxta babanı kim fikirləşib?

Şaxta babanı kim fikirləşib?

 

Artıq Yeni il yaxınlaşdıqca, çoxlarının, xüsusilə də uşaqların ən çox gözlədiyi Şaxta babadır. Uzun ağ saqqalı və qırmızı geyimi olan Şaxta babanın haradan peyda olması, düzü, uşaqları o qədər də maraqlandırmır. Çünki onlar üçün əsas tərəf Şaxta babanın verdiyi hədiyyələrdir. Şaxta babanın necə yaranmasını bilmək üçün gərək keçmişə nəzər salaq. Rəvayətlərə görə, rus nağıllarının qəhrəmanı olan Şaxta babanı hələ ulu nənələr və babalar dekabrın 19-dan yanvarın 18-nə kimi çağırıb ondan hədiyyə alardılar.Anspress yazır ki, Şaxta babanın adını hələ 3-cü əsrdə Aralıq dənizi ətrafında yaşamış Nikolay adlı bir nəfərlə bağlayırlar. Rəvayətə görə, Nikolay çox imkanlı bir ailədə dünyaya gəlibmiş və həmişə uşaqlara və kasıblara əl uzadarmış. Bir gün Nikolay kasıb bir kəndlinin gecə şikayətlərini eşidir. Həmin kəndli evindəki ocağı yandırmaq üçün odun tapmadığından uşaqlarının corablarını və ayaqqabılarını yandırırdı. Bunu eşidən Nikolay qəpiklə dolu kisə ilə gecə ikən bacadan həmin kəndlinin evinə girərək pul kisəsini orada qoyur. Nikolay dünyasını dəyişəndən sonra isə müqəddəs kimi adlanmağa başlayır. O vaxtdan bəri həm Rusiyada, həm də bir çox Avropa ölkələrində corablarda hədiyyələr gizlətmək ənənəsi yaranır.Ancaq rus nağıllarına aid Şaxta babanı digərlərindən fərqləndirən bir cəhət var ki, o da onun nəvəsi Qar qızdır. Qar qız donmuş suların rəmzidir. Şaxta babanın geyimində rənglərin də mənası var. Ağ rəng ayın, müqəddəsliyin, sirli biliyin, qırmızı rəng isə həyat qüvvəsi, günəş və gözəlliyin rəmzidir. Müxtəlif ölkələrdə Şaxta babanın geyimlərinin rəngləri fərqlənməsə də adı fərqlidir. Amerikada Santa-Klaus, Fransada Per Noel və s. Amma adından və mənşəyindən asılı olmayaraq, təki hər zaman Şaxta baba özü ilə ay kimi təmizlik, günəş kimi istilik gətirsin.

Mənbə: Milli.Az

20 dekabr 2013
GO BACK