Qadin.NET / ABŞ-da nəşr olunan yəhudi qəzeti bir sayını Azərbaycana həsr edib

ABŞ-da nəşr olunan yəhudi qəzeti bir sayını Azərbaycana həsr edib

 

600 minə yaxın yəhudinin yaşadığı Los-Anceles şəhərində nəşr edilən, ABŞ-da ikinci ən böyük yəhudi nəşri olan nüfuzlu "The Jewish Journal" həftəlik qəzeti 19 dekabr 2013-cü il tarixli sayını Azərbaycana həsr etmişdir.Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan Trend-ə verilən məlumata görə, "The Jews of Azerbaijan: Why they thrive in a Shiite Muslim country" başlıqlı məqalə qəzetin baş redaktoru Rob Eşman (Rob Eshman) tərəfindən yazılmışdır. R.Eşman bu yazını cari ilin 31 oktyabr - 1 noyabr tarixlərində Bakıda keçirilmiş Beynəlxalq Humanitar Forumda iştirak etmək məqsədilə Azərbaycana səfəri zamanı əldə etdiyi təəssüratlar əsasında hazırlamışdır.Məqalə "The Jewish Journal"ın əsas materialı (cover story) kimi dərc olunmuş, məqalənin başlığı qəzetin üz qabığında (dağ yəhudilərinin yaşadığı "Qırmızı Qəsəbə"dən çəkilmiş fotonun müşayiəti ilə) əsas başlıq kimi əks olunmuşdur.R.Eşman məqalədə bildirir ki, Forumda iştirak etməklə neçə illərdir haqqında eşitdiyi, ancaq görmədiyi bir ölkə ilə tanış olmaq imkanı qazanmışdır. O, həmçinin, qeyd edir ki, əslində Azərbaycan əksər amerikalıların müsəlmanlar haqqındakı standart düşüncələrinə uyğun gəlmir. Azərbaycanın sürətlə inkişaf etdiyini və ÜDM-in dəfələrlə artığını qeyd edən müəllif onun İsrailin ən iri neft təchizatçısı olduğunu xüsusilə vurğulaylr.Daha sonra müəllif Azərbaycanın ictimai-siyasi tarixindən mühüm məqamlara toxunaraq, Sovet İttifaqının süqutundan sonra ölkədə Heydər Əliyev və İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu siyasət nəticəsində dövlət quruculuğu və sosial-iqtisadi sahələrdə əldə olunmuş nailiyyətlərdən, dünyəviliyin, multikulturalizm və tolerantlığın təşviqindən bəhs edir. Həmçinin, Azərbaycan Prezidenti tərəfindən ölkədə yaşayan müxtəlif dini etiqadlara, o cümlədən yəhudilərə göstərilən dövlət qayğısının əhəmiyyətini vurğulayır. R.Eşman Azərbaycandakı tolerantlığın qərbdən idxal edilmiş bir xüsusiyyət deyil, Azərbaycanın özünə məxsus olan qədim ənənə olduğunu bildirir.Quba rayonuna səfəri və Qırmızı Qəsəbədə dağ yəhudiləri ilə keçirdiyi görüşlərdən bəhs edən müəllif, həmçinin, 1918-ci ildə Quba rayonunda ermənilər tərəfindən qətlə yetirilmiş azərbaycanlı və yəhudilərin xatirəsinə ucaldılmış "Quba Soyqırımı Memorial Kompleksi" barədə də geniş məlumat verir. Müəllif yazır: "Quba yaxınlığında sivri uclu beton konstruksiya və parlaq qranitdən yenicə hazırlanmış memorial kompleksə daxil olduq. Kompleksin yanında 1918-ci ildə bolşevik, erməni və xristiyan qüvvələr tərəfindən müsəlman və yəhudi əhaliyə qarşı aparılmış qətliamda həlak olan insanların qazıntı nəticəsində tapılmış kəllə sümüklərindən ibarət təpəciklər yerləşir. Burada təxminən 600 nəfər, bələdçimizin də dediyi kimi, "erməni banditlər" tərəfindən qəddarlıqla öldürülmüşlər". R.Eşman abidənin ona yəhudi soyqırımı qurbanlarının xatirəsinə İsraildə ucaldılmış memorial kompleksini xatırlatdığını bildirir.Müəllif BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə zidd olaraq, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin 20%-nin işğalının davam etdirildiyini vurğulayır.

Mənbə: Milli.Az

20 dekabr 2013
GO BACK