Qadin.NET / Xoşbəxtlik bizim içimizdədir

Xoşbəxtlik bizim içimizdədir

 

Ölkəmizdə müəyyən kəsim insanlar var ki, hətta psixoloqa ehtiyac olduqda belə, onlara müraciət etmirlər. Bu cür insanlar düşünürlər ki, psixoloqa, psixoterapevtə müraciət etsələr, cəmiyyətdə onlara qarşı münasibət birmənalı olmaz. Amma tam tərsinə elə insanlar da var ki, yeri gəldi-gəlmədi psixoloqa müraciət edirlər. Hətta özlərinin həll edə biləcəkləri psixoloji sıxıntıların belə “əlacını” psixoloqa müraciətdə axtarırlar. “Refresh” psixologiya mərkəzinin direktoru, psixoloqİlahə Dadaşova deyir ki, hər bir insan özü-özünün psixoloqu ola bilər. Onun sözlərinə görə, əslində psixoloqun gördüyü işin faydalılıq əmsalı 40-50 %-dir: “Əsas iş insanın öz üzərinə düşür. İnsanın özünə inamı güclü olarsa, qorxularına güc gələ bilərsə, əlbəttə, o, özü-özünün psixoloqu ola bilər”. Psixoloq onu da vurğuladı ki, hər bir şəxs istəsə, qarşılaşdığı çətinliklərdən, sıxıntılardan azad ola və özü öz rahatlığını təmin edə bilər: “İlk olaraq hər şeyin başında düşüncə dayanır. Yəni hər bir hal düşüncədən başlayır və düşüncədə də bitir. Gərginlikdən azad olmaq üçün düşüncələrimizi, fikirlərimizi dəyişməliyik. Problemlə rastlaşanda düşüncə tərzimizi o problemə qarşı dəyişsək, həmin problemi aradan qaldıra bilərik. Amma həmişəki kimi istisna hallar da var. Məsələn, aldığı tramvalar nəticəsində və bəzi xarakter cəhətdən zəif olan insanlar var ki, depressiya kimi hallardan çıxa bilmir və bunun da nəticəsində problemlərini, üzləşdikləri çətinlikləri özləri təkbaşına həll edə bilmirlər. Artıq burada mütləq mütəxəssis köməyinə ehtiyac yaranır”.
 Psixoloq da bildirir ki, son illər onlara müraciət artıb. Ancaq müraciət edən insanlar bunu çox vaxt yaxınlarından gizlədirlər. Psixoloq İ. Dadaşovanın sözlərinə görə, bunun bir səbəbi də cəmiyyətdə maariflənmənin aşağı səviyyədə olmasıdır: “Bizdə, adətən, psixiatr ilə psixoloqu səhv salırlar. İnsanlar bunları ayırmaqda çətinlik çəkirlər. Hətta əvvəllər insanlar psixoloqa “dəli həkimi” kimi yanaşırdılar. Hələ ki, bu düşüncəni tam aradan qaldırmaq mümkün olmayıb. O da danılmaz faktdır ki, bunun üçün maariflənmə işləri görülməlidir. Amma buna baxmayaraq, sevindirici haldır ki, gənclər psixoloqa müraciətə müsbət yanaşırlar. Bu kimi hallara orta nəsil normal yanaşmır. Bunun üçün isə bir az vaxt lazımdır. Çünki hər şeyi birdən-birə dəyişə bilmərik”. 
Xoşbəxt olmağın digər yolu
Problem varsa, bununla yanaşı, xoşbəxtlik də var. Hər xoşbəxtliyin isə özünəməxsus xarakteri, yönləri var. Psixoloq İ. Dadaşova qeyd edir ki, dünyada nə qədər insan varsa, o qədər də xoşbəxtliyin forması, xarakteri var: “Çünki hər kəs xoşbəxtliyin yolunu və onu necə tapmaq lazım olduğunu özünəməxsus qəbul edərək tapmağa çalışır. Kimisi axtarır və tapır. Kimisi fikirləşir ki, axtarmaqla xoşbəxt olmaq olmaz, onu gözləmək lazımdır. Mənim kimi fikirləşənlər də vardır ki, o bizim içimizdədir. Xoşbəxtlik elə bizik. Yaşayırıqsa, demək xoşbəxtik. Gördüyümüz hər işdən zövq alaraq, istədiyimiz nəticələrə çatmaq üçün səy göstəririksə, hər kəsi sevməyə çalışıb, hörmət ediriksə, deməli elə xoşbəxtliyin yolunu da tapmışıq. Xoşbəxt olmağın digər yolu da təmənnasız yaxşılıqlar etmək və yaşadığımız hər andan zövq almağı bacarmaqdır”. 
“Bir şey haqqında çox düşünəndə bu da gərginliyə gətirib çıxarır”
Psixoloq-psixoterapevt Dəyanət Rzayev isə deyir ki, bir çox hallarda insanlar özlərini psixoloji olaraq çıxılmaz duruma salırlar: “İnsanlar həyatlarında yaranan xoşagəlməz hadisələri beyinlərinə salaraq daim onun haqqında fikirləşir, bundan azad ola bilmirlər. Bir sözlə, eyni şeylər barədə həmişə düşünür və bu da onlarda sıxıntı yaradaraq, gərginliyə gətirib çıxardır. Həmçinin ailədə, ər-arvad arasında yaranan münaqişələr və s. Stressin yaranmasının digər səbəbi isə uşaq vaxtı alınan tramvalardır. İnsan hara gedir getsin, travma onu “izləyir”.
 Özümüzü bəzi çətin situasiyalardan çıxara bilərik...
İnsanın mənən güclü olmasının vacibliyini qeyd edən psixoloq bunun üçün öz üzərimizdə çalışmalı olduğumuzu qeyd edir: “O insanlar ki, özlərini maarifləndirir, lazım olan kitabları oxuyurlar, daim öz üzərlərində işləyirlər, həmin insanlar özlərini hansısa situasiyalardan çıxara bilirlər. Bəzən elə vəziyyətlər də olur ki, insan öz-özünə kömək edə bilmir. Bu zaman köməyimizə kiminləsə məsləhətləşmək, duyğularımızı bölüşmək gəlir”.
Mənbə: Zaman Azərbaycan
19 dekabr 2013
GO BACK