Görəsən, Lev Tolstoy nədən və necə olub ki, dünyadakı bütün xoşbəxt ailələrin bir-birinə bənzədiyi qənaətinə gəlib? Və bu da həkk olub eşidib-bilənlərin beyninə, qahmar çıxıblar ona… Xoşbəxt olan da, ömründə bu hissin tamını dadmayan da yeri düşəndə kürəyini söykəyib bu fikrə. Axı nədir xoşbəxtlik? Yarandığı vaxtdan insanın can atdığı, axtarışında bulunduğu mübarək hiss… Divanə yolçunun məhək daşını axtardığı təki axtarar onu, özünü unudar, tapar və itirər, xəbəri olmaz. Nə bir düsturu var, nə izahı, nə də qanunu… Rəqibi olmayan, qüsuru tapılmayan ilahi hiss… Hər kəs fərd olaraq müxtəlif təsir və səbəblərdən törəyən yaşantıları ilə sığınar bu duyğuya, xoşbəxt hesab edər özünü. Amma kimsə xoşbəxtliyin içində onu duymaz, düşünməz, rəsmini çəkə bilməz, rəngini, qoxusunu hiss etməz, səsini eşitməz…
Maddi deyil, ona toxunmaq olmaz, gözlə görünməz, əldə tutulmaz, qiyməti də yoxdu, dəyəri bilinməz. Necə gələr, hardan gələr, gec gələr, tez gedər, xoşlayar qalar, ruhuna saçılar nur kimi, gözlərinə dolar işıq kimi… Gözlərin gülər, tel-tel tellənərsən, sel-sel sellənərsən, tumarlanar, sığallanar, xumarlanar, nazlanarsan. Qanad verər, zərif kəpənəyə döndərər səni…
Röya kimidi… gözlərini tutar heç yeri görməzsən, bir ömür boyu oyanmaya bilərsən, lap letargiya yuxusu kimi…
…Dostum, dinlə, içinə qulaq ver, nə eşidirsən?
…Deyirlər hər sağlam bədənin bir mükəmməl musiqisi olur, ritmik, ahəngdar, rahat. Əgər xəstəlik baş qaldırırsa, bu musiqiyə yad tonlar da qoşulur… Ayrılmaz hissəsi olduğumuz təbiətin özü də belədir. Bircə baş verənlər təbii olarsa nə xoş…
…Payız dünəndən yetirib özünü elə bil nəfəsi çatlaya, bağrı partlaya-partlaya çatıb mənzilinə… çatar çatmaz da buludlara xəbər göndərib, ildırıma söz verib, onlar da açıblar sandığı, töküblər pambığı. Ürəyində nəyi var qoyub ortaya... kimdən acıq çıxmalıdı çıxır, hayıf almalıdı alır… İndi də gecənin bir yarısı tap-tap yağır, damcıların səsi sanki “məni gözləmirdiniz, hə?!” pıçıldayır.
…Bir zaman o, qədər həsəd aparmışam ki, belə havada bir sığınacağı olanlara… Evində kirayə qaldığım qadın heç nəyin üstündə küçə qapısını göstərmişdi mənə… axtarıb yeni kirayə mənzil tapmalı idik. Onda da beləcə Yerlə Göy arasında “danışıqlar” gedirdi, payız özünü təqdim və təsdiq edirdi… Külək yağışı sağa, sola səpələyir, çətir tutmağa belə imkan vermirdi. Təpədən dırnağa islanıb cücəyə dönmüşdük, getməyə isə yerimiz yox idi, bax onda göz yaşlarımı gizlətmişdi yağış… Bir plaşa bürünüb, qaça-qaça, tələsə-tələsə yanımızdan ötən bəxtəvərlər duymasın deyə… Elə bircə buna görə təşəkkür etməyə dəyərdi ona…
Amma əsil yağış mənim içimə tökülürdü…
Bu dəli rüzgarda hara gedim mən,
Bir isti yuvam yox, sığına biləm,
Elə doymuşam ki, bu qəm selindən,
Yağma ürəyimə payız yağışı.
Ayrılığın əli gəzib saçımda,
Dərd yoğurur, qəm bişirir içimdə,
Yalvarıram, bu rəngdə,bu biçimdə,
Yağma ürəyimə payız yağışı.
Onsuz da o hay-harayım gedibdi,
Sökülübdü, şah sarayım gedibdi,
Toy-düyünüm, çal-çağırım gedibdi,
Yağma ürəyimə payız yağışı.
Bu karvan yolunun bir yolçusu mən,
Düşüb yolda qalan ən yorğunu mən,
onuncu ümidi alıb əlimdən,
Yağma ürəyimə payız yağışı.
Gözlədiyim qismət uzaqda qaldı,
özüm dilə düşdü ağızda qaldı,
Sənsiz də Şahnaza olan olubdu,
Yağma ürəyimə payız yağışı.
Həyatda hər şeyin iki tərəfi var, xoşbəxtlik və bədbəxtlik kimi, biri digərinin əksi… lap bir almanın iki üzü kimi, ayrı yumurta əkizi kimi… İki çox sadiq dost kimidi, bir birində elə həll olub, elə qaynayıb qarışıblar ki, ayırmaq da olmaz… Uşaq yelləncəyi kimi yırğalar, yırğalar səni hey… Ani xoşbəxt də sanarsan özünü, bədbəxt də… sonda hər şey keçici… Amma anların xoşbəxtliyi ömür sarayını bəzəməyə yetər, dostum… Bəzən özümüzdən asılı olur özümüzü necə hiss etməyimiz… Artıq yağış kəsmiş, ətraf sakitlikdir… Hardasa yığılıb qalan yağış suyu aramla damcılayaraq bu səssizliyi pozur. Ətrafda nə var sanki donub. Hardasa günəş doğur, mehriban şəfəqlərini insanların üzərinə səpələyir, məhəbbətlə isidir dünyanı.
… Hardasa quşlar öz quş dilində xoşbəxt olduğunu ehtiraf edir. Hardasa çiçəklər açır, otlar göyərir, yeni sevgilər başlayır… Nə yaxşı hələ də dünyada sevənlər yaşayır… …Mənə görə xoşbəxtlik elə bütün insani hisslərin vəhdətidir… P.S. Xoşbəxtliyə gedən yol yoxdu, xoşbəxtlik özü bir yoldu. Həyatdan zövq almağı özümüz öyrənək, əzab çəkməyi isə özü öyrədəcək…
Mənbə: Zaman Azərbaycan