Müasir dövrdə insanların gün ərzində bir-biri ilə ünsiyyət saxlamaq üçün istifadə etdikləri əsas vasitələrdən biri mobil telefonlardır. Bakı şəhərində hər addımbaşı bir mobil telefon mağazasına rast gəlmək olar. Rəsmi statistikaya görə, son illərdə ölkəmizə gətirilən mobil telefonların sayı artıb. Məsələn, 2008-ci ildə Azərbaycana təxminən 5 milyon dollarlıq 57 mindən çox telefon gətirilmişdisə, 2009-cu ildə 9 milyon dollarlıq 180 mindən çox telefon idxal olunub.
Bəs ölkəmizdə ən dəbdə olan mobil telefonlar hansılardır?
“Yeni Müsavat” olaraq şəhərin müxtəlif yerlərində mobil telefon mağazalarında satıcılar və alıcılar arasında sorğular apardıq. Bu nəticəyə gəldik ki, son aylarda ən çox satılan Samsung Galaxy, Blackberry, iPhone, Nokia telefonlarıdır. Onların içərisində isə markasına görə ən dəbdə olanı Samsung Galaxy S - 4-dür. Gülnar adlı satıcı ilə söhbətimizdə bizə o da aydın oldu ki, ölkəmizdə qiymətindən asılı olmayaraq insanlarımız daha çox son marka mobil telefonlara maraq göstərirlər. Bunların içərisində gənclər xüsusi ilə fərqlənir: “Yaşlı insanlar, əsasən, telefonun sadəliyinə, kiçik olmasına önəm verirlər. Gənclərdə isə bu hal müşahidə olunmur. Onlar, əsasən, son çıxan, dəbdə olan görünüşlü telefonlara üstünlük verirlər. Bu işdə xüsusi ilə qızlar fərqlənir. Əgər oğlanlar mobil telefonların sadəliyinə, böyük olmasına fikir vermirlərsə, bundan fərqli olaraq qızlar, əsasən, onun yaraşıqlı, rəngli, cəlbedici, funksiyalarının çox olmasına önəm verirlər”. “Bəs son aylarda ən çox satılan və dəbdə olan telefon hansıdır” sualımıza isə Gülnar xanım belə cavab verdi: “Ən çox müraciət olunan telefon “Samsung”dur. S-2, 3, 4 və 5 olmasından asılı olmayaraq alıcılarımız daha çox “Samsung Galaxy” ilə maraqlanırlar. Onların içərisində isə daha çox alınanı “Samsung Galaxy S-4”dür. Həsən adlı alıcı gənc oğlan ən gec 1 ilə bir telefon dəyişdiyini söylədi: “Müasir zamandır. Hansı əşyanı alırsan al, tez zamanda köhnəlir və yenisini, dəbdə olanını almaq lazım gəlir. Hal-hazırda ən son model olan “Samsung Galaxy S -5” almaq istəyirəm. Hələ dəbdə olmasa da, qısa zamanda olacağını bilirəm. Çünki bizim xalq hər zaman yeniliyə tərəfdardır”. Kreditlə satılan telefon mağazalarında da olduq. Olduğumuz qısa müddət ərzində kreditlə telefon almaq üçün müraciət edənlər əksəriyyət təşkil edirdi. Satıcılarla söhbətimizdə onlar bunu ölkədəki insanların maddi durumunun aşağı olması ilə əlaqələndirdilər. Bir satıcı “Bir ilə yaxındır burada işləyirəm. Bu müddət ərzində nağd telefondan çox nisyə telefon (kreditlə verilən C.A.) satmışıq. Hətta çox zaman bu kreditləri alan zaman da çox çətinliklərlə üzləşirik. İnsanlarımız bəzən kreditl ödənişində də çətinlik çəkirlər” - dedi. Apardığımız müşahidələrdən bu nəticəyə gəldik ki, insanlarımız baha telefonlardan ətrafdakı insanlardan fərqlənmək üçün istifadə edirlər. Bir sözlə, telefonunu göstər deyim sən kimsən...
Mənbə: Milli.Az