Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il 500 min insan onurğa beyninin travmalarından əziyyət çəkir. Amma bu səbəbdən iflic olan insanların Mən gəzə biləcəyəmmi sualına texnologiya bu gün optimistliklə cavab verir. Belə ki, iflic olan insanlara robot texnologiyasının köməyi ilə hazırlanan ekzoskeletlərin (exoskeleton) kömək edə biləcəyinə ümidlər böyükdür. Hazırda sözügedən texnologiya ətrafında intensiv tədqiqatlar davam edir. Texnologiyanın iş prinsipinə gəlincə, ekzoskelet gövdədən bayırda quraşdırılmış karkasın köməyilə insanın əzələ gücünü artıra bilir və əlil arabasından istifadə edənlərə ayağa durmaq və gəzmək üçün imkan yaradır. İlk ekzoskelet 60-cı illərdə ABŞ Hərbi sənayesi və General Electric tərəfindən Hardiman adı ilə istehsal edilib. Hərbi məqsədlə xüsusi təyinatlı qoşunlar üçün yaradılmış birinci nümunə cihazının sınaqları zamanı 4.5 kq-a uyğun fiziki səy ilə 110 kq qaldırmaq mümkün olsa da, bütün komponentlərin birgə fəaliyyətini dəstəkləmədiyi üçün Hardiman layihəsinin praktiki tətbiq edilməsi məhdudlaşdırılır. Milli.Az ICTnews-a istinadən bildirir ki, bu layihənin uğursuzluğuna baxmayaraq, hazırda onun daha da təkmilləşdirilməsi üzərində işlər xeyli genişləndirilib. İşləmə xüsusiyyətlərinə görə bu cihaz indiyə qədər istifadə edilən əl ağacları, korsetlər və əlil insana dayaq kimi istifadə olunan digər yardımçı mexanizmlərdən fərqlənir. Əsas fərqləndirici xüsusiyyət isə ekzoskeletin sadəcə dayaq deyil, insanın minimal əzələ gücünü artırmağa malik olmasıdır. İnsanın biomexanikasını təkrarlayaraq hərəkətin gücünü artırdığına görə sonradan tibdə parezləri olan pasientlərdə istifadə ideyası meydana çıxıb. İlk aparılan tədqiqat zamanı 5 paraplegiyalı və 1 nəfər tetraplegiyalı xəstədə cihazın effektliliyi yoxlanılıb. Bütün pasientlər ilkin məsləhət olunduqdan və cihaza alışdıqdan sonra məşqlərə başlanılıb. Alınmış nəticələr cihazın təkmilləşdiriləcəyi təqdirdə minimal əzələ gücü (hətta ancaq əzələ təqəllüsü səviyyəsində) olan onurğa beyni travmalı pasientlərdə istifadəsini mümkün edir.