Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Mərkəzi Asiya üzrə subregional koordinatoru və Azərbaycan üzrə nümayəndəsi Mustafa Sinasörü qəbul edib. Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, H.Əsədov Azərbaycanda ərzaq təhlükəsizliyinin gücləndirilməsi və kənd təsərrüfatının inkişaf etdirilməsi sahəsində hökumət tərəfəndən həyata keçirilən tədbirlərin dəstəklənməsində FAO layihələrinin rolunu qeyd edərək bu dəstəyə görə təşkilatın nümayəndəsinə təşəkkürünü bildirib. Nazir, həmçinin FAO-nun Azərbaycan hökuməti ilə birgə hazırladığı Ölkə Proqram Çərçivəsi sənədində aqrar sahənin ehtiyaclarının öz əksinin tapmasının vacib olduğunu qeyd edib. M.Sinasör FAO-nun Azərbaycan üzrə yardım strategiyasının ölkənin kənd təsərrüfatı sahəsindəki ehtiyacları ilə uzlaşdığını diqqətə çatdırıb. O, Ölkə Proqram Çərçivəsinin yekun layihəsinin tezliklə Kənd Təsərrüfatı Nazirliyinə təqdim olunacağını bildirib. Daha sonra tərəflər arasında Azərbaycanda heyvan kəsimi üçün sallaqxanaların yaradılması, baytarlıq strategiyasının hazırlanması və digər sahələrdə FAO-nun ekspert dəstəyi ilə əlaqədar məsələlər müzakirə edilib.
Mənbə: Milli.Az