Qadın voleybolçular arasında Çempionlar Liqasının “Dördlər finalı”na ev sahibliyi edəcək komandanın adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, qitənin ən nüfuzlu klub turnirinin həlledici qarşılaşması martın 15-16-da Bakıda keçiriləcək. Bu haqda qərarı Avropa Voleybol Konfederasiyası (CEV) verib. Qurum bu gün Lüksemburqdakı mənzil-qərargahında yarışa ev sahibliyi etmək istəyən klubların sifarişlərini nəzərdən keçirərək, “Rabitə”nin “Dördlər finalı”nın təşkilatçısı olmasını məqsədəuyğun sayıb. Yeri gəlmişkən, Azərbaycan çempionu qrup mərhələsini lider kimi başa vuraraq, pley-offa yüksəlmişdi. Onlar keçirdikləri 6 oyunun hamısını qələbə ilə başa vurmuşdular. “Dördlər finalı”na ev sahibliyi isə komandamızı 1/6 və 1/3 final mərhələsindən azad edib. Onlar yarışda çıxışlarını Bakıda olacaq yarımfinaldan davam etdirəcəklər. Bundan başqa, onların ev sahibliyi “İqtisadçı”nın da pley-offa yolunu açıb. Komandamız ən yaxşı üçüncü yerin sahibi kimi Çempionlar Liqasında oynayacaq. 2012-ci ildə də Azərbaycan paytaxtında təşkil olunan “Dördlər finalı”nın isə bu dəfə “Bakı Kristal Hall”da baş tutacağı gözlənilir. Buna səbəb 2015-ci ildə olacaq I Avropa Oyunlarının voleybol yarışlarının məhz burada keçiriləcəyidir. Qeyd edək ki, 2012-ci ildə ölkəmizdə keçirilən “Dördlər finalı” Bakı təmsilçisi olmadan baş tutmuşdu. Həmin vaxt Türkiyənin “Fənərbaxça” klubu Azərbaycanı kubokla tərk etməyi bacarmışdı.
Mənbə: Milli.Az