Böyük Qafqaz sıra dağlarının əhatəsində, Kürmük çayının sol sahilində yerləşən qədim tarixə malik, ən gözəl turizm məkanlarından olan İlisu... Qış sanki bu kəndə digər kəndlərdən bir addım öndə gəlir. Payız fəslindən başlayaraq, kənddə temperatur aşağı düşür. Qış gəldikdə isə bu füsunkar məkan ağ örpəyə bürünür. Kənd, demək olar ki, mart ayının sonlarına qədər örpəyini çıxarmır. İstər yay, istərsə də qış fəslində bu gözəl məkanı görmək istəyənlərin sayı kifayət qədərdir. Qışın sərt qarının yollarda yaratdığı çətinliklərin qarşısını almaq, gediş-gəlişi tənzimləmək üçün yollar mütəmadi olaraq buz qatından təmizlənir. Qax şəhərindən 9 km uzaqlıqda yerləşən İlisu kəndinin şəhərlə əlaqəsi heç vaxt kəsilmir. Füsunkar təbiəti ilə göz oxşayan İlisu kəndində işıq və su daimidir. Hər həyətdə və küçələrdə buz bulaqlar öz ahəngi ilə axır. Ancaq indiyə qədər sərt iqlim şəraitinə malik olan İlisu kəndində qızınmaq üçün odundan istifadə olunur. Lakin bu istiqamətdə də müəyyən addımlar atılır. Kəndə təbii qazın çəkilməsinə başlanıb. Artıq gələn ildən ilisulular qazdan istifadə edə biləcəklər. Yayı sərin, qışı isə sərt keçən bu kəndin sakinlərinin əsas məşğuliyyəti isə əkinçilik və maldarlıqdır. Sərt qışı olan İlisu sakinləri isə qış fəslində çətinlik çəkməmək üçün əvvəlcədən qış tədarükünü görür. Sakinlər sərt qışa alışdıqlarını, əgər odun, ət və un olarsa, problemin olmadığını bildirdilər. Qış fəsli üçün qurudulmuş qaxaca hər evdə rast gəlmək mükündür.
Azərbaycanın zəngin mətbəx nümunələrindən olan ət qurusu əsl sərt qış mövsümü üçün hazırlanır. Tədarük olunan qaxac və unla xəmir xörəkləri bişirilir. 82 yaşlı Zülfü nənə də qış fəslinin başqa bir gözəlliyə malik olduğunu, isti odun sobasının ətrafında gündəlik olaraq, xəmir xörəklərindən bişirib yediklərini söyləyir. Məhz xəmir xörəkləri ilə sərt qışa sinə gəldiklərini bildirir. Azərbaycanın mətbəxi, təbiəti gözəldir. Təbiət mövsümlə əlaqədar öz libasını dəyişirsə, bu onun daha bir gözəlliyidir. Qışa hazırıqsa, bunu daha rahat duya bilərik. Qədim tarixə malik İlisunun da qışda öz gözəlliyi var. Qalır bu gözəlliklərdən ilham almaq.
Mənbə: Mili.Az