Miqrantların Rusiyada 90 gündən çox qala bilməmələrini nəzərdə tutan yeni qanun layihəsi Duma tərəfindən ilk oxunuşda qəbul edilib. Maraqlı məqam isə odur ki, miqrantlara qarşı qanun layihələrinin indiyədək daha çox Jirinovskinin rəhbərliyindəki Liberal Demokrat Partiyası tərəfindən irəli sürüldüyü halda bu dəfə təklif hakim Vahid Rusiya Partiyasının dağıstanlı millət vəkili Rizvan Kurbanovdan gəlib. Onun fikrincə, qanun ölkədə qeyri-rəsmi miqrantların sayının azalmasına kömək edəcəkAnspress yazır ki, qanun layihəsinin müəllifi Rizvan Kurbanov bildirib ki, qanunun ölkəmizdə rəsmi olaraq çalışan miqrantlara heç bir zərəri olmayacaq: “Bu qanunun ölkəmizdə rəsmi olaraq çalışan miqrantlara heç bir zərəri olmayacaq. Tələbələr, işadamları və Rusiyada uzun müddət qalmaq niyyəti olanlar qeydiyyatdan keçə bilərlər. Amma unutmamalıyıq ki, 1 milyon 300 min miqrant ölkəmizdə qeyri-rəsmi çalışır. Ümid edirəm gələn ilin mart ayından etibarən tətbiq ediləcək qanun onların bu özbaşınalığına son verəcək”.Dumanın bu addımı miqrantlar tərəfindən heç də xoş qarşılanmayıb. Xüsusilə bu ölkədə ticarətlə məşğul olan həmyerlilərimizin yeni qanundan ciddi şəkildə zərər görə biləcəyi deyilir.Rusiya Miqrasiya Federasiyasının vitse-prezidenti Mais Qurbanovun sözlərinə görə, əgər Rusiyada ticarətlə məşğul olan miqrant 180 günün 90 gününü burada, digər 90 gününü vətəndə keçirmək məcburiyətində buraxılsa, onun biznesi çökəcək: “Sovet hökuməti dağılandan sonra çox sayda həmyerlilərimiz gəlib burada öz işlərini qurdular. Onlar yayda vətəndə dincəlirdilər və qalan müddətdə isə buradakı işləriylə məşğul olurdular. İndi isə bu insanların biznesi çox ciddi təhlükə altında qalmış olacaq. Belə ki, əgər burada ticarətlə məşğul olan miqrant 180 günün 90 gününü burada, digər 90 gününü vətəndə keçirmək məcburiyətində buraxılsa, əlbəttə ki, onun biznesi çökəcək”.Millət vəkili Vladimir Jirinovski isə bu gün miqrantlara qarşı daha bir qanun layihəsiylə çıxış edib. O qeyri-qanuni miqrantların öz vətənlərinə pul köçürmələrinə vergi tətbiq edilməsini təklif edib.
Mənbə: Milli.Az