ATƏT PA-nın Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini, Büro üzvü Azay Quliyev dekabrın 18-də Portuqaliya parlamentində sözügedən qurumun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Soareşlə regionda mövcud olan münaqişələrin həlli məsələlərini müzakirə etdi.Trend bildirir ki, Azay Quliyev regionda sülhün və təhlükəsizliyin təmini üçün Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından dərhal çəkilməsinin və Dağlıq Qarabağ münaqişəsinin qəbul edilmiş beynəlxalq sənədlər əsasında həll olunmasının vacibliyini bildirdi. Azərbaycan millət vəkili münaqişənin həlli ilə bağlı ATƏT-in vasitəçilik missiyasının nəticə vermədiyini və bu uğursuzluğun əsas səbəbinin Minsk qrupunun həmsədr ölkələrində olduğunu qeyd etdiAzay Quliyev bu ilin iyul ayında ATƏT PA-nın İstanbulda keçirilən illik toplantısında səsləndirdiyi təklifi bir daha xatırladaraq, Minsk Konfransının çağırılmasının və həmsədrlik institunun tərkibinə yenidən baxılmasının, o cümlədən Türkiyənin problemin həllinə yaxından cəlb edilməsinin vacibliyini vurğuladı.Azay Quliyev ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Joao Soareşdən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı obyektiv bir hesabatın hazırlanmasını və Parlament Assamblyeasının müzakirəsinə təqdim olunmasını da xahiş etdi.Joao Suareş münaqişənin həllinin uzanmasından ciddi narahat olduğunu, hələ 2008-2010-cu illərdə ATƏT PA-nın prezidenti olan zaman dəfələrlə bölgəyə səfər etdiyini, Azərbaycan və Ermənistanın prezidentləri ilə məsələni müzakirə etdiyini bildirdi. Son zamanlar hər iki ölkənin dövlət başçıları ilə keçirdiyi görüşlərdə gəldiyi nəticəni bölüşərək bildirdi ki, Azərbaycan tərəfinin münaqişəni həll etməkdə daha çox konstruktiv mövqe tutduğunun şahidi olsa da, eyni nikbinliyi Ermənistan haqqında demək mümkün deyildir.O, Türkiyənin problemin həllində daha yaxında iştirak etməsi fikrinə müsbət yanaşdığını və bu istiqamətdə konkret addımların atılmasının faydalı olacağına inandığını bildirdi.Joao Suareş bölgədəki münaqişələrin həlli ilə bağlı hesabatın hazırlanması haqqında Azay Quliyevin təklifini bəyəndiyini və ATƏT PA-nın növbəti sessiyasına kimi belə bir sənədin müzakirəyə təqdim edilməsinin istisna olunmadığını vurğuladı.
Mənbə: Milli.Az