Dünyanın əksər mədəniyyətlərində qadınlar və kişilər üçün uzun illər ərzində formalaşmış şablonlar var. Nə qədər hüquq bərabərliyi ideoloji baxımdan qəbul edilsə də, kişilər məsuliyyəti öz üzərinə götürən və fikrini qəbul etdirən, qısacası səlahiyyətli şəxslər olaraq qəbul edilir. Eləcə də yüz illər boyunca iş dünyasında kişilərin hakim olması, bu gün də çalışanların əksəriyyətinin kişi olması onların daha təcrübəli olması kimi fikir formalaşdırıb. Belə düşünən insanlar bunu ona əsaslandırırlar ki, kişilərin rəhbərlikdə üstünlüyü artıq özünü göstərib, qadınlar isə ancaq ailəni qoruyub, saxlayandırlar. Beləliklə, qadınların iş həyatında yüksəlməsi və vəzifə əldə etməsi üçün onlar mühüm fədakarlıqlar etməyə və güzəştə getməyə məcburdurlar, başqalarından daha çox çalışmalıdırlar. Beləliklə, kişilərin hakim olduğu iş dünyasında qadınlar yüksəlmək üçün daha aqressiv olmaq məcburiyyətində qalır, bu da onları sərt xarakterli göstərir. Xüsusilə də məktəb illərindən karyer və qalibiyyəti düşünən qadınlar bəzən qarşılaşdıqları çətinliklər nəticəsində aqressiv olurlar. Məqsədləri mütləq kişi kimi olmaq deyil, bəlkə də davamlı olaraq qalib olmaq uğrunda mübarizə kişilərə nisbətən qadınları çox yorur. Nəticədə təbiət etibarı ilə səbirsiz olduqları üçün daha gərgin bir qadın görüntüsü ortaya çıxır. Ancaq bu hər kəsə aid deyil, bir az da insanın hansı sektorda, necə bir şirkətdə çalışması ilə əlaqədardır.Çalışanların böyük əksəriyyəti kişi rəhbərlərlə çalışmaq istəyir?Bəzən kişilər belə fikirdədirlər ki, qadınların təbiətində bir iqtidar iddiası var. Hətta belə bir fikir var ki, kişilər Marsdan, qadınlar isə Venera planetindəndirlər. Bəzən kişi rəhbərin qadın işçini anlaması və ya qadın işçinin kişi rəhbərə özünü anlatması çətin olur. Beləliklə, özünü isbat etmək və davamlı yüksək performans nümayiş etdirmək qayğısı qadın rəhbərlərin işçilərinə hədsiz təzyiqi kimi başa düşülür. Qadınlarla bağlı mənfi rəylərdən biri də onların çox duyğusal olması, hissləri ilə hərəkət etməsi və buna görə də məntiqli qərar verə bilməməsi hesab edilir.ABŞ alimlərinin rəhbər şəxslərlə bağlı apardığı araşdırma qadınların başqalarının haqlarını daha çox qoruduğu və qərarvermə mərhələsində daha çox birgə çıxış etdiklərini, rəhbəri qadın olan şirkətlərin daha yaxşı nəticələr əldə etdiyini göstərib. Həmçinin nəticələr kişi rəhbərlərin qanun, ənənəvi iş üsullarına görə qərarlar aldığını, qadınların isə bu parametrlərə daha az bağlı olduğunu və dəyişikliklərə hazırlıqlı olduqlarını göstərir. Lakin araşdırma onu da göstərir ki, çalışanların böyük əksəriyyəti kişi rəhbərlərlə çalışmaq istəyir. “Seçmək imkanınız olsaydı, rəhbərinizin qadın, yoxsa kişimi olmasını istərdiniz?” sualına cavab olaraq 62 faiz rəhbərlikdə kişi, 20 faiz isə qadını seçiblər. 18 faiz isə bu mövzuda fərq qoymadıqlarını bildirib. Onu da qeyd edək ki, məsələn, Türkiyədə qadınların kişilərə nisbətən daha irəli yaşlarda rəhbər olduğu müşahidə edilərkən, Avropa ölkələrində rəhbər qadınların sayı sürətlə artır. Belə ki, burada kişilərin 60, qadınların isə 40 faizi rəhbərlikdə təmsil olunur. Ümumilikdə dünya miqyasında rəhbər olma yaşı 40-45 arasında olduğu bildirildiyi halda, 30 yaşda ən gənc rəhbərlər İsveçdədir. Almaniya, Fransa, Hollandiya və İspaniyada isə kişi rəhbərlər qadınlara nisbətən daha irəli yaşlarda rəhbər olurlar.Əsl problem liderin cinsi deyil, şəxsi keyfiyyətləri ilə daha çox bağlıdırƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin doktorantı Gülnar NəzərovaMilli.Az-a bildirdi ki, tək Şərqdə və Azərbaycanda deyil, ümumiyyətlə, bütün dünyada qadınların rəhbər vəzifələri tutması ilə bağlı stereotip yanaşmalar mövcuddur: “Bu yanaşmaların bir qismi, əsasən, “qadınlar, ümumiyyətlə, lider ola bilməz” yönündədirsə, digər bir qism yanaşma isə “rəhbər vəzifədə olan qadınlar ədalətli ola bilməz” istiqamətindədir. Bunun praktik və psixoloji tərəflərinə diqqət yetirsək, məsələnin nə dərəcədə həqiqətə uyğun olub-olmadığı aşkar olunar.İlk öncə dünyada və Azərbaycanda tarixən iz qoyan qadın liderlərə nəzər salaq. Bunların sırasında heç sözsüz Böyük Britaniyanın baş naziri olmuş Marqaret Tetçer, Avstraliyanın ilk qadın baş naziri Culiya Qillard, Almaniyanın ilk baş naziri Angela Merkel, Banqladeşin ilk qadın baş naziri Şeyx Hasin, Kosta Rikanın ilk qadın prezidenti olmuş Laura Çinçila, Azərbaycanda ilk qadın diplomatı Sara Xatun və b. qeyd etmək olar ki, onlar, həqiqətən də, tarixdə dərin izlər buraxıblar. Amma qeyd etməliyik ki, qadınlar çox az sayda bu cür lider vəzifələri tutmaqdadırlar. Statistik məlumatlara əsasən, dünyada iş vaxtının 2/3 hissəsi qadınların payına düşür. Dünyada parlament vəzifələrinin 14%-ni, nazir vəzifələrinin isə 8%-ni qadınlar tutur. Buradan isə aydın şəkildə məlum olur ki, bu stereotip yanaşmaların dini, mental ənənələrlə birbaşa əlaqəsi yoxdur. Çünki bu problemlər kifayət qədər inkişaf etmiş ölkələrin də problemidir”.G.Nəzərovanın sözlərinə görə, qadın və ya kişi olmasından asılı olmayaraq lider, rəhbər hesab edəcəyimiz şəxs çox məlumatlı olmaqla yanaşı, həm də çoxtərəfli şəxsi keyfiyyətlərə sahib olmalı, eyni anda bir çox insanı idarə etməyi bacarmalıdır: “Bundan əlavə lider daha çox işləyən yox, daha çox düşünəndir. Daha doğrusu, dərin düşünən riskləri nəzərə alandır. Qadın olmağın əsas prespektivi qadının kişidən daha fərqli düşünməsindən irəli gəlir. Qadın istərsə, həm idarə edər, həm lider olar. Qadınların hələ təzəlikcə qəbul edildiyi bu iş dünyasında kişilərin qarşısında əsas söz sahibi olmaları müəyyən mənada çətin qəbul edilir. Tək kişilər yox, qadın personallar da qadın liderləri çətinliklə qəbul edirlər. Bu səbəbdən qadın liderlər həmişə mübarizə aparmaqla yanaşı, hər iki cinsi nəzarətdə saxlamaq məcburiyyətindədirlər. Bir şeyi də qeyd edim ki, qadın tək tutduğu liderlik mövqeyinə deyil, həm də analıq, qadınlıq vəzifələrinə uyğun davranmalıdır. Bütün bu kimi məsələlər qadının daha sərt olması stereotip yanaşmasını ortaya çıxarır”. O da vurğulandı ki, qadının liderlik mövqeyini həzm edə bilməyənlər sərt münasibətlə qarşılaşdıqda bu münasibəti cinsi amillərlə əsaslandırmaqla, qadın liderlərin “qabiliyyətsiz”, “sərt”, “bu mövqeyə yaramadıqlarını” əsaslandırmağa çalışırlar: “Lakin əsl problem liderin cinsi deyil, şəxsi keyfiyyətləri ilə daha çox bağlıdır. İstənilən uğurun əsasında elmi, sosial və ailədən gələn təlim-tərbiyə dayanır. Qadın lider ola bilməyin əsas xüsusiyyəti fəaliyyətlə yanaşı, səbrli olmaq və həyat keyfiyyətini hər zaman qorumaq və ən əsası mütləq şəkildə sərhədləri bilməkdir. Bu çox çətin prosesdir, amma mümkündür. Və ən əsası liderlik insanın təbiətində olmalıdır”.Ədalətli olmaq həm kişi, həm də qadın üçün çox çətindir“Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyinin sədri Lyudmila Xəlilova bu məsələyə fərqli yanaşdığını deyir: “Ədalətli olmaq harzdasa Allahdan insana verilən bir üstünlükdür. Çünki bunu hər kəs bacarmaz. Ümumiyyətlə, ədalətli olmaq həm kişi, həm də qadın üçün çox çətindir. Qadınlar çox çətin özünü realizə edirlər. Çünki kişilər həm güclüdürlər, həm daha məqsədlidirlər, özlərinə daha inamlıdırlar. Reallığa baxsaq, təəssüflər olsun ki, cəmiyyət də kişiləri dəstəkləyir. Unutmaq olmaz ki, qadın anadır və belə olan halda onun üzərinə çox vacib, məsuliyyətli digər bir missiya düşür, Vətənə layiqli, savadlı, bacarıqlı övladlar böyütməlidir. Bundan başqa seçdikləri sahələrdə bilik və bacarıqlara nail olduqdan sonra qadınlar da bir vətəndaş olaraq istəyirlər ki, həyatda özlərini realizə etsinlər və hansısa nailiyyətlər qazansınlar. Bu zaman onların rəhbər olmaq istəyi də ortaya çıxır”.L.Xəlilova hesab etmir ki, rəhbərlik ya kişi, ya da qadın üçün yaranmış bir statusdur. Onun fikrincə, bu status daha çox peşəkar insana aiddir: “Əgər qadın peşəkardırsa, arzuolunandır ki, o, həmin vəzifəni əldə etsin. Yox, əgər kişi daha peşəkardırsa, təbii ki, onun hüququdur. Cəmiyyətdə bu gün qadın müəyyən stereotiplərlə, çətinliklərlə üzləşsə də, mən hesab edirəm ki, kifayət qədər sözünü deyə bilmiş qadınlar var. Ümumiyyətlə, kişi, yaxud qadın olmasından asılı olmayaraq əgər onun qarşısında bir məqsəd varsa və ona doğru yolları açıq-aydın görürsə, öz üzərində çalışıb o yollarla gedib həmin məqsədi mütləq əldə edəcək”.Ədalətli olmağa gəldikdə bildirildi ki, bu insandan xüsusi istedad, böyük müdriklik, dünyagörüşü, insani keyfiyyətlər tələb edir, hətta dinə, milli dəyərlərə bağlılığı da vurğulamaq olar: “Kişi, yaxud qadın olmasından asılı olmayaraq hər bir insan ədalətli olmalıdır, istər ailədə, istər cəmiyyətdə, istərsə də vəzifədə. Bu da, ilk növbədə, öz maraqlarını düşünmək yox, ətrafında olan insanların maraqlarını qorumaq, onların istəklərini nəzərə almaq, onlara münasibətdə ədalətli olmaq və əgər o rəhbər vəzifədədirsə, çalışdığı insanlara qarşı daim ədalətli olmalıdır, onları düzgün qiymətləndirməlidir. Onlar tərəfindən aldığı hər bir müsbət işin qarşılığını verməlidir. Rəhbərlik, liderlikdə kişi, yaxud qadın olmasından asılı olmayaraq peşəkar insan olmalıdır ki, hansısa nailiyyətlər əldə etsin, daha böyük vəzifələr tutsun və bu zaman mütləq ədalətli olmalıdır”.Qadın daha dözümlüdür“XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova isə deyir ki, qadın öncə humanistdir, anadır: “Kişilər adətən işdə kişilərə üstünlük verirlər, adətən qadınları yaxına buraxmaq istəmirlər. Bəlkə də qadınlarin işinə qısqanclıqla yanaşırlar. Amma kişilərlə müqayisədə qadınlar işlərində daha məsuliyyətlidirlər. Rəhbərlikdə qadınların aqressiv olması fikrinə gəldikdə isə kişilərdən təpki görməsələr, aqressiv olmazlar. Qadın ifarəedicilik qabiliyyətinə malikdir. Elə ailə qurduqdan sonra ailəni idarə edir, ailənin büdcəsini, bütün öhdəlikləri öz üzərinə götürür, ana olduqda uşaqları böyüdür. Kişi, sadəcə, işə gedir və evdə qadın hər bir şeyi idarə edir. Bu, o deməkdir ki, qadın kişidən daha yaxşı idarə edə bilər, daha bacarıqlıdır. Kişi, sadəcə, işə gedib, evin büdcəsinə yardım edirsə, qadını aparıcı qüvvə kimi görürük. Qadın həm də daha güclüdür. Məsələn, görürük ki, xəstələndikdə kişi onu necə keçirir, qadın necə keçirir. Qadın daha dözümlüdür”.Ölkəmizdə az bir qism qadının dövlət orqanlarında rəhbər vəzifələrdə təmsil olunduğunu deyən birliyin sədri qeyd etdi ki, onlar kişilərlə müqayisədə daha məsuliyyətlidirlər. Bu gün Milli Məclisdə təmsil olunan qadınlar, onların gördüyü işlər o deməkdir ki, qadın böyük qüvvədir və dövlət orqanlarında nə qədər çox təmsil olunarsa, işlər bir o qədər irəli gedər. İşçilərə münasibətdə də qadın aqressiv olmaz, ana qayğısıyla yanaşıb problemlərinə də səthi münasibət göstərməz. Hətta qadınların maliyyəyə kişilər qədər hərislikləri olmur. Qadın olana qane olar”.
Mənbə: Milli.Az