Bütün mağazalarda müxtəlif broylerlərin istehsal etdiyi yumurtalarla yanaşı, "kənd" yumurtası da satılır. Son günlərsə yumurtanın qiymətində artım müşahidə olunur. Belə ki, topdansatış ünvanlarına gedən ticarət adamlarına artıq yumurtanın ədədi 13-14 qəpiyə təklif edilir. Satıcıların sözlərinə görə, sonuncu dəfə broyler yumurtasını 12 qəpiyə alıb 13 qəpiyə satıbmışlar ("musavat.com"). Ancaq sonuncu qiymət artımından sonra dükanlarda yumurtanın birini 15 qəpiyə satmalı olublar. Satıcılar qiymətin artan xətt üzrə gedəcəyini istisna etmirlər. Onların sözlərinə görə, seçkiöncəsi 9-10 qəpiyə satılan yumurtanın qiyməti bu gedişlə 2011-ci ildəki kimi 25 qəpiyə qədər qalxa bilər.
Satıcı Həcər Əfəndiyeva deyir ki, kənd yumurtasını mağazaya yaxın yaşayan bir-iki fermer, broyler məhsullarını isə şirkət işçiləri gətirirlər. Məhsulların keyfiyyətinə və təzəliyinə gəlincə, satıcı məhsulun üzərində olan istehsal və son istifadə tarixinin, məhsulun gətirildiyi taranın, yumurtanın növü haqqında məlumatın sahibkarlar tərəfindən onlara verildiyini bildirir. "Mən, sadəcə, satıcıyam. Amma məhsulu gətirən işçilər onların keyfiyyəti, təzəliyi haqqında məlumat verirlər. Bundan əlavə yumurta qablaşdırılarkən taranın və yumurtanın üzərinə istehsal edildiyi broylerin adı və tarix vurulur. Yəni istehlakçı məhsulun üzərində qeyd olunanlara baxıb, yumurtadan rahatlıqla istifadə edə bilər".
"Kənd yumurtası" adı ilə satılan yumurtaların üzərində heç bir qeyd olmadığı üçün satıcı istehlakçılara yumurta alanda diqqətli olmağı tövsiyə edir.
Dietoloq Samir Əhmədovun sözlərinə görə yumurta, ana südündən sonra insanın ehtiyacı olan bütün qida elementlərini saxlayan tək qidadır. "Yumurtanın tərkibində olan keyfiyyətli zülallar heç bir qidada yoxdur. Çünki yumurta zülalında insan bədənində sintez edilə bilməyən və insan orqanizmi üçün çox önəmli olan amin turşuları mövcuddur. Bu zülallar insan orqanizmi tərəfindən asanlıqla mənimsənilib zülala çevrilir".
Mütəxəssislərin fikrincə, yumurta ilə mütəmadi qidalanma xüsusilə uşaqlar üçün önəmlidir. Yumurtada A, D, E və B qrupu vitaminləri ilə yanaşı digər vitaminlər də var. Yumurta sarısındakı A vitamini gözün yaxşı görməsini təmin etməklə yanaşı, sümük inkişafı və sağlam dişlər üçün də lazımlıdır. Bədən hüceyrələrinin inkişafına kömək edən A vitamini tənəffüs və həzm sisteminin sağlam olmasını və infeksiyalara qarşı qorunmasını təmin edir.
D vitamini insan bədənində kalsiumun istifadə edilməsinə köməkçi olur. Yumurta sarısı D vitamini təmin edən bir neçə qidadan biridir və günəş şüalarından da kifayət qədər faydalanıldığı təqdirdə yumurta xüsusilə uşaqlarda D vitamini əskikliyinə bağlı sümük pozuntusunun meydana gəlməsinin qarşısını alır.
Yumurta E vitamini ilə də zəngindir. E vitamini qoruyucu təsirə malik olduğu üçün bədənimizi zərərli maddələrdən qoruyur. Yumurtanın tərkibində olan B qrupu vitaminləri bəzi qida elementlərinin bədəndə enerjiyə çevrilməsi üçün lazımlıdır. Yumurta xüsusilə B2 vitamini baxımından çox zəngindir. Bu vitamin dəri və göz sağlamlığı üçün də lazımlıdır.
Yumurta dəmir və sink kimi sağlamlığımız üçün çox əhəmiyyətli olan mineralları da özündə birləşdirir. Dəmir, qan istehsalı üçün lazımlıdır. Dəmir qeyri-kafi alındığında anemiya meydana gələr. Ayrıca dəmirin böyümə, inkişaf və xəstəliklərdən qoruma rolu var.
Dietoloqun sözlərinə görə, yumurta alarkən diqqət yetirmək lazımdır ki, yumurta marketlərdə soyuq hissələrdə saxlanılsın. Çatlaq və qırıq yumurta almaq olmaz. Çünki belə yumurtalar tez xarab olur. Yumurtanın qabığı təmiz, düz görünüşlü, kafi qalınlıqda və az nahamar olmalıdır.
Bəzən mağazalarda həddən artıq çirkli yumurtaların satıldığının da şahidi oluruq. Həmsöhbətimiz deyir ki, yumurtanı ancaq istifadə edəndə yumaq olar. Çünki yuyulan yumurta qoruyucu təbəqəsini itirir. Yumurtanı soyuducuda güclü qoxusu olan qidalarla yanaşı qoymaq olmaz. "Yumurtanın qabığı məsaməli olduğu üçün kəskin qoxuları özünə çəkir. Yumurta 3-4 həftəyə köhnəlir və keyfiyyətini itirir".
Aşbaz Nailə Qurbanovanın dediyinə görə, mağazadan yumurta alandan sonra onun köhnə və ya təzə olduğunu test etmək mümkündür. Çünki yumurta köhnələn zaman su və karbondioksit itkisinə uğradığı üçün çəkisi azalır. "Yumurtanın təzəliyini bilmək üçün onu 10 faizli duzlu suya (yarım litr su və 60 qram duz) atın. Təzə yumurta ağır olduğu üçün dibə çökür, köhnə yumurta isə çəkisini itirdiyi üçün suyun üzündə qalır. Bununla yanaşı təzə yumurta qırıldığında yumurta ağı və sarısı ayrı-ayrı olur və qarışmır. Yumurtanın sarısı təzə və şəffaf görünür".
Müsahibimizin bildirdiyinə görə, yumurtalı yeməklər hazırlanmadan əvvəl və sonra əllər, istifadə ediləcək qablar yuyulmalıdır. Çiy yumurtalar təmiz qaba qırılmalıdır. Tərkibində yumurta olan qidalar iki saatdan çox soyuducudan kənarda saxlanılmamalıdır. Yumurta qabıqlı olaraq bişirildiyində 4 dəqiqədə ağı, 12 dəqiqədə hamısı bişir. Həftədə 5-dən artıq yumurta yemək zərər verə bilər. Mütəxəssislər çiy yumurta yeməyi məsləhət görmürlər. Çünki yumurta çiy halda daha gec həzm olunur və tərkibində zərərli mikroorqanizmlər ola bilər. Çiy yumurtada çox zaman salmonella infeksiyasına rast gəlinir. Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin verdiyi məlumata görə, yumurta sərin, quru və iyi olmayan məhsullarla, 0-20 dərəcədə saxlanılmalıdır. Pərakəndə ticarət şəbəkələrində optimal şəraitdə yaz-yay mövsümündə 3 gün, payız-qış mövsümündə 6 gün saxlanıla bilər. Çeşidləndiyi gündən 30 gün müddətində saxlanılan yumurtalar birinci, 180 gündən artıq olmayaraq, soyuducularda saxlanılan yumurtalar ikinci növ yumurta hesab olunur. Yumurtaların üzərinə tarixi göstərilən ştamp vurulmalıdır.
Mənbə: Ekspress.Az