Qadin.NET / Daha hansı filmlərimiz rənglənməlidir?

Daha hansı filmlərimiz rənglənməlidir?

 

Son günlərdə Azərbaycan kino tarixində çox mühüm addımlardan biri atılıb. Belə ki, kinomuzun incilərindən sayılan və 1945-ci ildə lentə alınan “Arşın mal alan” filmi rənglənərək fərqli formada tamaşaçılara çatdırılıb. Bu, öz-özlüyündə filmin daha uzun müddət yaşamasına və mədəni irsimizi yaşatmasına yönələn bir addım idi. Görəsən, Azərbaycanın başqa hansı filmlərinin bu cür rənglənməyə ehtiyacı var? Milli.Az modern.az saytına istinadən bu barədə mütəxəssislərin rəyini almağa çalışıb. Mütəxəssislər isə bunu çox gözəl bir iş saysalar da, ümumən ağ-qara filmlərin daha təbii olması qənaətindədirlər:

Rövşən Almuradlı  (rejissor)
- Mən ağ-qara filmlərə daha çox üstünlük verirəm. Niyə görə? Çünki bu filmlərdə tamam ayrı bir effekt var.  Rəngləri görmürsən,  ancaq onu öz fantaziyanda təsəvvür edə bilirsən. Məsələn, lalənin rəngi qırmızıdır. Ağ –qara filmdə bunun qırmızı olduğu görünmür. Amma laləni görən kimi hərə beynində öz qırmızısını təsəvvür edir. Tamaşaçının özü burada bir qədər yaradıcı qüvvəyə çevrilir. Məsələn, radioya qulaq asanda özümüz təsəvvür edirik. Ağ-qara filmlərə baxanda tamaşaçı rəngləri özü duyur və özü seçir. Bu, ona bir qədər də yaradıcı əhval-ruhiyyə qatır. Bu əhval-ruhiyyə tamaşaçıya xoş gəlir, onun üçün əlavə əyləncəyə çevrilir. Bu mənada ağ-qara filmlərin özünün estetikası, üstünlükləri var. Amma indi elə zamanda yaşayırıq ki, biz ağ-qara filmlərdən uzun müddət ayrı düşmüşük. Tamaşaçının zövqü artıq uzun müddətdir rəngli filmlərə uyğunlaşıb. O cür filmlərin rənglənməsi dəyərli olar. Amma ağ-qara filmlərin də özünün bir gözəlliyi var idi. 
Aydın Dadaşov (kinoşünas)  
- Dünyada elə rejissorlar var ki, indi ağ-qar filmlərə qayıdır. Bu filmlərdə effekt daha güclüdür. Belə ki, rəngli filmlərdən fərqli olaraq ağ-qara filmlərdə obrazın üz cizgiləri, mimikası daha təbii əks olunur. Real və irreal filmlər var. Real filmlər üçün ağ-qara daha effektli üsuldur. Çünki rəngli filmlərdə sifətin ifadəsi itir. İfadənin üzərini rəng örtür. 

Mənbə: Milli.Az

18 dekabr 2013
GO BACK