Yeni ilin gəlişinə sanılı günlər qalır. Balacalar Yeni ilin gəlişini səbirsizliklə gözləyirlər. Əyləncə, hədiyyələr, məhdudiyyətsiz şirniyyatlar, attraksionlar, şənliklər, bir sözlə, bu bayramın hər bir özəlliyi körpələr üçün kifayətdir ki, Yeni il onların ən sevimli bayramı olsun. Artıq uşaqlar sadəcə şam ağacının bəzənməsi ilə kifayətlənmir, çöl-bayıra can atır, daha fərqli əyləncələr istəyir. Valideynlər isə 2-3 günlük bayramı mümkün qədər uşaqlarına zövqlü yaşatmağa, imkanı olduğu qədər bu günün şən keçməsi üçün çalışırlar. Şaxta babanın gətirdiyi hədiyyələrlə maraqlanan uşaqları adi hədiyyələr artıq razı salmır. Bu isə o deməkdir ki, bu bayramda da valideynlərin əlləri ciblərində olmalıdır. Bakı sakini Günel Məhərrəmovanın sözlərinə görə, Yeni il şənliklərinin əyləncəsi indi çoxdur, lakin keçmişlə müqayisədə bahadır: "Təxminən 9-10 il bundan əvvəl maskalı hədiyyələr vardı. Bundan başqa, hədiyyə olmurdu və belə maskaların da qiyməti köhnə pulla "1 şirvan"a yaxın olurdu. Hamıda eyni hədiyyə olduğu üçün uşaqlar arasında narazılıq yaranmırdı. Uşaq bağçalarında da valideynlər özləri hədiyyəni bağlatdırıb aparırdılar ki, bunu uşağa verərsiz. İndi belə deyil. Mənim qızım dekabr girən kimi hədiyyə siyahısını hazırlayıb ki, Şaxta baba gətirəcək. Bilir ki, onun Şaxta babası mənəm, ona görə istəkləri bitmir. Əyləncəyə qaldıqda isə bu il haraya gedəcəyimizi bilmirəm, ötən il Opera və Balet Teatrında olmuşduq. Əyləncəli keçir, amma hədiyyə, əyləncə qarışıq il-ildən bahalaşır". Uşaq şənliklərinin keçirilməsinə gəlincə, 27, 28, 29, 30 dekabr tarixlərində Heydər Əliyev Sarayında uşaqlar üçün "Yeni il" şənlikləri keçiriləcək. Yeni il şənliyində uşaqların əyləncəsinə rəng qatacaq bir-birindən maraqlı rəqslər, musiqilər və sürprizlər olacaq. Uşaqları təbrik edənlər sırasında Yeni ilin personajları Şaxta Baba və Qar qız da olacaq. Yeni il şənlikləri saat 12:00-da başlayacaq. Biletlərin qiyməti isə 5-15 manat arasında dəyişir. Adəti üzrə Heydər Əliyev Sarayının rəhbərliyi bu konsertdə də Qarabağ müharibəsi şəhidləri, əlilləri və iştirakçı ailələri, əlil uşaqları və uşaq evlərinin sakinlərinə təmənnasız yer ayıracaq. 27, 28, 29, 30 dekabr və 2, 3, 4 yanvar Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında uşaqlar üçün bayram ab-havalı "Maşa və Ayının Şərqdə Yeni il macəraları" adlı Yeni il tamaşası göstəriləcək. Uşaqlar üçün tamaşa rus və Azərbaycan dilində göstəriləcək. Tamaşaçılar Yeni il bayramını Maşa və Ayı ilə birlikdə qarşılayacaq və bu, unudulmaz macəraya çevriləcək. Qiymətləri 6-20 manat arasında dəyişən tamaşa iki dildə - həm rus, həm Azərbaycan dilində göstəriləcək. 27 dekabr 12:00 və 15:00-da Azərbaycan dilində, 17:00-da rus dilində, 28 dekabr - 12:00 və 15:00-da rus dilində, 17:00-da Azərbaycan dilində, 2 dekabr - 12:00 və 15:00-da Azərbaycan dilində, 17:00-da rus dilində, 3 dekabr - 12:00 və 15:00-da rus dilində, 17:00-da Azərbaycan dilində uşaqları əyləndirəcək. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında da balacalar üçün şənlik təşkil olunacaq. 27 dekabr-5 yanvar tarixlərində "Cırtdanın Yeni il sərgüzəştləri" adlı tamaşa uşaqların ixtiyarında olacaq. 27 dekabrdan əvvəl və 5 yanvardan sonra da əyləncəli tamaşalar 2 manata körpələri sevindirməyə davam edəcək. Bakı Dövlət Sirkində də qiymətlər münasibdir. 26 dekabr-12 yanvar arası keçiriləcək Yeni il sirk tamaşalarında qiymətlər yerlərdən asılı olaraq 6-8-10 manat arası dəyişir. Proqramda ekzotik heyvanlar (timsahlar, ayılar), hava gimnastları, akrobatlar, klounlar, Şaxta Baba və Qar qızın çıxışları nümayiş olunacaq. Dövlət teatrlarında olan bilet qiymətləri əksər valideynlər üçün münasib olduğu halda bir çoxları üçün bahadır. Lakin özəl təşkil olunan Yeni il şənlikləri ilə müqayisədə dövlət şənlikləri olduqca ucuz və münasibdir. Belə ki, özəl təşkil olunmuş Yeni il şənliklərində 30 manatdan ucuz yer tapmaq müşküldür. 25, 26, 27 və 28 dekabr Caz Mərkəzində maraqlı Yeni il şou-proqramı keçiriləcək. Şouda sevimli parodiya personajlarının iştirakı, oyunlar, müsabiqələr və viktorinalarla müşayiət olunan qala-konsert keçiriləcək. Şouda iştirak edəcəklər Zorro, Ariel, Spanç Bab, Mister Krabs, Betman və başqa personajlar uşaqları əyləndirəcək. Şənlik biletləri isə 35 manatdır. Bu qiymətə valideynlərə pulsuz giriş və uşaq hədiyyəsi də daxildir. 25, 26, 27 və 28 dekabr saat 11:00, 13:00, 15:00 və 17:00-da Bakı Əyləncə Mərkəzində də uşaqlar üçün yeni il şənlikləri təşkil olunur. Biletin qiyməti 35 manatdır və bu qiymətə 1 uşaq və 1 böyüyün tamaşaya baxması, uşaq üçün hədiyyə, çay, təbii şirələr və şirniyyatlar daxildir. Yeni il şənlikərinin ən bahalı məkanı isə Opera Sky klubdur. Burada 2 gün keçiriləcək şənlik üçün 1 uşağın giriş qiyməti 50 manat, valideynin giriş qiyməti isə 15 manatdır. Teatrlarla müqayisədə bu cür əyləncə məkanları uşaqları yemək-içməklə də təmin edir. Yeni il şənliklərini evə gətirmək də təxmini bu qiymətə başa gəlir. Yeni ildən əvvəl və ya sonra evə xüsusi Şaxta baba və Qar qız sifariş etmək 1 saatlıq 50 manatınızı alacaq. Personajların bayram günü gəlməsi isə məbləği bir az da artıracaq. İstənilən halda bayram günlərini səmərəli keçirmək üçün çıxış yolu dövlət teatrları, parklar və uşaqların dostları ilə birlikdə yığışa biləcəyi isti bir məkandır. Münasib yer tapmaq isə valideynlərin növbəti problemlərindən biridir.
Mənbə: Ekspress.Az