Qadin.NET / Ölməyən eşq hekayəsi

Ölməyən eşq hekayəsi

 

"Bu fotoları çəkəndə kövrəlmişdim. Bəzən də ağlayırdım. Amma onun göz yaşlarımı görməsini istəmirdim. Beləcə, fotoları çəkdim. Mənə ən əziz insanlardan birini itirsəm də, o biri yanımdadır. İnanın, hər səhər onun yatağına yaxınlaşır, əyilir, saçlarını qoxlayıram. Həyatım odur indi". ABŞ-ın Ohayo ştatındakı Sinsinati şəhərində yaşayan 34 yaşlı Ben Nunerixanımı Elini 2011-ci ildə itirib. Toydan bir il sonra Elidə ağciyər xərçəngi xəstəliyi aşkarlandı. Eli şam kimi əridi: cəmi 3 aya o, yataqdan dura bilməyən, amma gözlərində həyat eşqi çırpınan qadına çevrildi. Sonra da Eli vəfat etdi. Onu dəlicəsinə sevən əri Beni və kiçik qızı Oliviya ilə vidalaşaraq, "Salamat qalın, gedirəm" pıçıldayaraq. Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Eli vəfat edəndən sonra Benin də həyatı alt-üst oldu. O, toydan əvvəl aldığı evi satmaq qərarına gəldi. Çünki bu evdə Eli ilə həyatının ən bəxtəvər anlarını yaşamışdı və Elisiz ev "bayquş yuvası"na bənzəyirdi.
Ben belə deyir. "Hara baxırdımsa, Elini görürdüm. Bu masaya Elinin əli dəyib, o pərdəni Eli həmişə yana çəkirdi, bu döşəmə taxtası Eli ayağını basanda cırıldayırdı, o qapının dəstəyi Elinin əlinin hərarətini xatırlayır. Gecələr qəhərlənirdim. Tək qalmamaq üçün qızımı yanımda yatırdırdım. Onun mışıltısı, yatanda əllərini yana açıb dodağını tərpətməsi - hər şey mənə Elini xatırladırdı. Oliviya olmasaydı, bəlkə də... Bəlkə də nə olardı, bilmirəm. Yox, o evdə yaşaya bilməzdim artıq", - Ben Nuneri deyib. Evi satışa çıxaran Ben günlərin birində Oliviyanı otağında oynayan görür və...
"Və gördüm ki, yerə düşmüş lələyi qaldıran Oliviya eynən Eli təki davranır. Tanrım, qızım anasına necə də bənzəyirdi. İlk dəfə anladım və içimdən gizilti keçdi. Sonra qərara gəldim ki, Elili günlərimi Oliviya ilə canlandırım. Qızımla fotolar çəkdirdim. Mən və Elinin dünyaya gətirdiyi balaca qızım, mənim mələyim... Dedim, elədim. Yaxşı ki, bu fotolar var. Bilirəm, gün gələcək, qızım da quş təki yuvasını tərk edəcək, yeni yuva quracaq. Mənə qalan Elili günlərimin xatirəsi, bir də bu fotolar olacaq. Oliviya böyüyənədək bu fotolarda Eli yaşayacaq. Sonra isə Oliviyanın övladları olacaq, həyat davam edəcək. Elisiz..." - Ben söyləyir. Tanınmış fotoqraflar Melani və Edam Templər Benlə qızı Oliviyanın "Mən buradayam, ata" adlı fotosessiyasını yaradıblar.
Melani Temp mərhum Elinin kiçik bacısıdır. "Belə sevgi görməmişəm. Benlə Oliviyanın fotolarını çəkəndə sanki Eli yanımızda idi. Sanki bacımın gülüşünü eşidir, onun şən simasını görürdüm. İnanılmaz aura vardı çəkilişlərdə", - Melani Temp deyib. Ben Nuneri fotoları yeni evin divarlarından asıb. "Eli, yeni evimizə xoş gəldin. Bizi görürsən, Eli. Sən həmişə bizimləsən. Mənimlə, qızımızla..." - Ben qəhərini gizlədə bilmədi.
Mənbə: Milli.Az
18 dekabr 2013
GO BACK