Qadin.NET / Sovet kinosunun güldürən üzünün ad günüdür

Sovet kinosunun güldürən üzünün ad günüdür

 

Bakılıların da çox sevdiyi məşhur rus aktyoru Yuri Vladimiroviç Nikulinin bu gün doğum günüdür. Milli.Az xəbər verir ki, yaratdığı obrazlarla sovet tamaşaçısının qəlbinə yol tapan aktyor 18 dekabr 1921-ci ildə Rusiyanın Smolensk quberniyasının Demidov şəhərində anadan olub. Onun atası və anası da sənət adamları olublar. Böyük Vətən Müharibəsi başa çatdıqdan sonra evinə dönən Yuri Moskva sirkinin yanındakı klounada studiyasına daxil olur. Studiyanı bitirdikdən sonra o zaman qeyri-adi və məşhur kloun olan Karandaşın yanında köməkçi işləyir. Bu zaman Yuri Nikulin Mixail Şuydinlə tanış olur. Onlar uzun müddət partnyor kimi çıxış edirlər. Beləliklə, onlar xasiyyətcə ayrı-ayrı adamlar olmalarına baxmayaraq, Nikulin-Şuydin dueti yaranır. 1983-cü ildə Mixail Şuydinin ölümündən sonra o, sirkin direktoru vəzifəsində çalışır. Bütövlükdə Yuri Vladimiroviç ömrünün 50 ilini sirkdə işləməklə keçirmişdi. Yuri Vladimiroviç Nikulin bir çox sevilən rus filmlərində maraqlı obrazlar yaradıb. Onun iştirakı ilə çəkilən ən tanınmış kinokomediyalar sırasında "Brilyant əl", "12 stul", "Quldur qocalar" və s. filmlər var. Yuri Nikulin Leonid Qaydayın filmlərindən tanınan məşhur 3 personajdan (Qorxaq, Axmaq və Çoxbilmiş) Axmaq rolunu canlandırmışdı. Həmin o 3 personaj geniş tamaşaçı kütləsinə "Araqçəkənlər", "Köpək Barbos və qeyri-adi qaçış" ("Tam ciddi"), ""I" əməliyyatı və Şurikin digər macəraları", "Qafqaz əsiri və ya Şurikin yeni macəraları" filmlərindən tanışdır.  Yuri Vladimiroviç Nikulin 21 avqust 1997-ci ildə ürək əməliyyatından sonra vəfat edib. 

 

Mənbə: Milli.Az

18 dekabr 2013
GO BACK