Assosiasiya sədri qeyd edib ki, anadangəlmə ürək qüsurları iki cür - göy və göy olmayan tipli olur. Göy tipli ürək qüsurlarından əziyyət çəkənlərdə bu xəstəliyin əlamətləri kənardan baxdıqda da hiss edilir. Belə xəstələrin dodaqları göyərmiş olur. Digər tipli ürək qüsurlarından əziyyət çəkənlərdə xəstəlik özünü büruzə vermir: "Azərbaycanda göy tipli xəstəliklər arasında 4 tipli ürək qüsurlarına daha çox rast gəlinir. Bu, mürəkkəb anadangəlmə ürək qüsurlarından biridir. Ən gözəl haldır ki, bu gün Azərbaycanda ən mürəkkəb ürək qüsurları belə müalicə edilir və bu işlər dünya tibbi ilə eyni səviyyədədir".
Uşaqlarda anadangəlmə ürək qüsurlarının yaranma səbəblərinə gəldikdə, R.Mahmudov deyib ki, bu, yalnız bir faktorla bağlı deyil. Bunların ən əsas səbəbi genetik faktorlardır: "Ailədə görülməyən, ancaq genetikada olan, bilmədiyimiz xəstəliklərdir. Eyni zamanda, qohum evlilikləri zamanı gizli olan xəstəliklər yan-yana gəldikdə gizli olan proses dominant hala gələrək xəstəliyə çevrilir. Bu amil, eləcə də qadınların hamiləykən, xüsusilə hamilələyin ilk 3 ayı ərzində həkim nəzarəti olmadan istifadə etdiyi bəzi dərmanlar, hamiləliyin ilk 3 ayı ərzində yoluxulan virus mənşəli infeksiyalar uşaqlarda anadangəlmə ürək qüsurlarının yaranma ehtimallarını artırır". R.Mahmudov deyib ki, qazanılmış ürək qüsurları çox zaman uşaqlarda stress faktoru, uşaqların həyat tərzi ilə əlaqəli olaraq yaranmır: "Bütün məsələ uşağın özündən qaynaqlanmır. Uşağın orqanizminin formalaşma periodunda genetik olaraq problemlərin əmələ gəlməsi buna təsir edir". Qeyd edək ki, 2012-ci ildə ölkə üzrə 271 295 nəfər qan dövranı xəstəliklərindən əziyyət çəkib (2013-cü ilin statistikası növbəti il hazır olacaq). Statistik rəqəmlərə görə, ölkədə qan dövranı xəstəliklərindən əziyyət çəkən 0-13 yaşlı uşaqların sayı 14-17 yaş arasında olan uşaqlarla müqayisədə daha çoxdur. 2012-ci ildə Azərbaycanda 0-13 yaşlı uşaqlar arasında 15 982, 14-17 yaş arasında olan uşaqlardan 4079, 18-19 yaş arasında olanlardan 21 983, 30 və daha yuxarı yaşlı insanlar arasında isə 229 251 qan-damar dövranı sistemi xəstəliklərindən əziyyət çəkən xəstə olub.
Mənbə: Milli.Az