Sözsüz ki, hər bir ölkədə müxalifət partiyalarının qarşıya qoyduqları başlıca məqsəd hakimiyyətə gəlməkdir. Azərbaycan müxalifəti də bu cür arzulardan kənar deyil. Ancaq illər boyu apardıqları uğursuz siyasət ucbatından bu arzuların həyata keçməsinə iynənin ucu qədər də şans olmayıb. Dünya günü-gündən dəyişsə də, müxalifətdə qocalmış insanların dəyişməyə və inkişaf etməyə az da olsun həvəsləri yoxdur.Ötən həftə baş verən hadisələr bunu bir daha göstərdi. Müxalifəti bir araya toplayan Milli Şura yenə də ənənəvi üsula əl ataraq mitinq keçirməyə cəhd etdilər. Bu dəfəki etiraz aksiyasına müxalifətin ümidləri böyük idi. Ölkədə yanacaq qiymətlərinin qalxması səbəbindən narazı insanların da onlara qoşulacağı və effektiv aksiya keçirəcəklərinə çox ümidli idilər. Bundan başqa, bu günlərdə Ukraynada Avrointeqrasiya ilə bağlı keçirilən aksiyadan ruhlanan insanların da bu mitinqə qoşulacağına ümidlər var idi. Ancaq dəfələrlə olduğu kimi, bu mitinqdə də nəticə bir oldu - uğursuzluq! Müxalif cəbhə aksiyada 10 minlərlə adamın iştirak etdiyini iddia etsə də, hər şey gün kimi aydın və ortada idi. Mediada yayılan video və foto görüntülərdən də aydın idi ki, Milli Şura meydana az adam toplaya bilmişdi. Daha dəqiq rəqəm Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasında öz əksini tapdı - 700 nəfər. Bəs Milli Şuranın və ümumillikdə radikal müxalifətin son mitinqinin də ondan əvvəlkilər kimi uğursuz olmasının səbəbi nə idi? Sonuncu mitinq fiaskosunun ilkin səbəbi müxalif partiyaların xalqla qeyri-səmimi münasibətlərindən irəli gəlirdi.Dünya təcrübəsindən görünür ki, sosial tələblərlə keçirilən mitinqlər və etiraz aksiyaları solçu və sosialist ideyaları rəhbər tutan siyasi qurumlar və həmkarlar ittifaqları tərəfindən təşkil olunur. Avropa ölkələrində analoji qiymət artımları baş verdikdə solçu partiyalar öz etirazlarını səsləndirirlər.Milli Şuranın tərkibinə nəzər saldıqda isə burada bir araya gələn siyasi qurumların əksəriyyəti sağçı və mərkəzçi ideologiyaları rəhbər tuturlar. İdeologiyasının əsasında sağ və mərkəzçi ideyalar rəhbər tutulan Müsavat və Xalq Cəbhəsi (AXCP) kimi partiyaların sosial tələblərlə aksiya keçirməsini ən yaxşı halda qeyri-səmimilik adlandırmaq olar.
Milli Şuranın 15 dekabr aksiyasının uğusuzluğunun ikinci və ən başlıca səbəbi isə qurum daxilində baş verən çəkişmələr idi. Prezident seçkiləri başa çatdıqdan sonra məğlubiyyəti həzm edə bilməyən radikallar Milli Şuranı müvəqqəti də olsa, yaşadaraq mübarizə imitasiyası yaratmaq qərarına gəlmişdilər. Ancaq bu imitasiya da AXCP-Müsavat müttəfiqliyi kimi inandırıcı olmadı. Çox keçmədi ki, qurumda ikitirəlik və fikir ayrılıqları yarandı. Şurada baş verən qarşıdurmalar da öz sözünü mitinqdə dedi. Sözsüz ki, monolit olmayan bir qurumun da uğurlu siyasi tədbir keçirməsi mümkün deyil.
Mənbə: Milli.Az