“Azəriqaz”: “Hamam otağında havadəyişmə sistemindən əlavə, nəfəslik də qoyulmalıdır”. FHN: “Qarajda, qapalı məkanda avtomobil mühərriki işlədikdə zəhərlənmə baş verir” Dünən Bakıda dəm qazından zəhərlənmə ilə bağlı daha bir xəbər yayıldı. Belə ki, Bakının Sabunçu rayonunda Gürcüstan, Nərimanov rayonunda isə Rusiya Federasiyasının vətəndaşları zəhərlənərək ölüblər. Son günlər havaların soyuması ilə əlaqədar mənzillərin qızdırılmasında mavi yanacaqdan istifadə olunur ki, bu da faciələrə səbəb olur. Lakin çox ehtimal bu hələ son deyil. Söhbət ondan gedir ki, Azərbaycanın hər yerindən, hər gün dəm qazından ölümlə bağlı xəbərlər alırıq. Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, dəm qazından zəhərlənmə halı yanğın olduqda, sobanın qapağı erkən bağlandıqda, qarajda, qapalı məkanda avtomobil mühərriki işlədikdə baş verir. Mənzillərdə isə dəm qazından zəhərlənmə təhlükəsi əksər hallarda evi qızdırıcı cihazlarla qızdırarkən və ya hamam otağında yaranır.
“Azəriqaz” İstehsalat Birliyi isə bildirir ki, təbii qazdan düzgün istifadə edilməsi qaydalarının pozulması hallarına rast gəlinir və bu da arzuolunmaz hadisələrin yaranmasına səbəb olur.
Birliyin açıqlamasında qeyd olunur ki, hamam otağında təbii qazla işləyən suqızdırıcıları quraşdırılan zaman otaq müstəqil havadəyişmə və tüstü bacası ilə təchiz edilməlidir. Otaqda havadəyişmə sistemindən əlavə, nəfəslik də qoyulmalıdır.
Həkimlər bildirirlər ki, dəm qazından zəhərlənmənin iki forması var: yüngül və ağır. Ağır zəhərlənmə zamanı insan 3 dəqiqə ərzində komaya düşür. Nisbətən yüngül zəhərlənmə də 10 dəqiqə ərzində insanın ölümünə səbəb ola bilir. Zəhərlənmiş insana edilən ilkin tibbi yardıma gəlincə, ilk olaraq, otaqdakı havanı dəyişmək, yaxud zərərçəkəni təmiz havaya çıxarmaq lazımdır.
Hazırda Azərbaycanda yol-qəza hadisələrindən sonra ölümə səbəb ola biləcək ən böyük təhlükə dəm qazı ilə bağlıdır. Amma dəm qazı ilə yol-qəza təhlükəsinin kütləviliyinə görə bir fərqi var. Söhbət ondan gedir ki, hər ailədə avtomobil yoxdur, amma mavi yanacaqdan ailələrin 90 faizi istifadə edir. İndi Azərbaycanın ən ucqar bölgələrinə də qaz çəkilir, bu yaxşı haldır, amma ondan düzgün istifadə edilməməsi ailələrə faciə gətirir. Demək olar, Azərbaycanın hər yerindən, hər gün dəm qazından ölümlə bağlı xəbərlər alırıq. Ölənlər arasında gənclər də var, yaşlılar da. Təbii ki, yayla müqayisədə qışda dəm qazından ölənlərin sayı daha çox olur. Bu isə həm də evlərin qızdırılmasında standartlara uyğun olmayan sobalardan istifadə ilə bağlıdır.
Göz yaşarır, baş ağrısı, başgicəllənmə müşahidə olunur
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, dəm qazından zəhərlənmə halı yanğın olduqda, sobanın qapağı erkən bağlandıqda, qarajda, qapalı məkanda avtomobil mühərriki işlədikdə, ağzıbağlı kabinədə uzun müddət qaldıqda baş verir. Mənzillərdə isə dəm qazından zəhərlənmə təhlükəsi əksər hallarda evi qızdırıcı cihazlarla qızdırarkən və ya hamam otağında yaranır.
Dəm qazından zəhərlənmə zamanı bu simptomlar özünü büruzə verir - göz yaşarır, başağrısı, başgicəllənmə müşahidə olunur. Getdikcə zəiflik, ürəkbulanması, quru öskürək, hafizənin keyləşməsi, eşitmə və görmə problemi başlayır. Qıcolma tutmaları və nəhayət, tənəffüs mərkəzinin iflici nəticəsində ölüm baş verir.
Mənzildə dəm qazı təhlükəsinin qarşısını almaq üçün bir sıra qaydalara riayət edilməlidir. Yadda saxlamaq lazımdır ki, evdə qeyri-standart, yəni kustar üsulla hazırlanmış cihazların quraşdırılması və istifadəsi təhlükəlidir.
10 dəqiqə içərisində insan dəm qazından ölə bilir
Qeyd edək ki, son günlər paytaxtda dəm qazından zəhərlənmələrlə ilə bağlı Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (BŞTTTYS) daxil olan müraciətlərin sayı artıb. Stansiyanın operativ işlər üzrə şöbəsinin baş həkimi Zemfira Vahidova APA-ya açıqlamasında bildirib ki, gün ərzində stansiyaya dəm qazından zəhərlənmə ilə bağlı 10-15 müraciət daxil olur.
Həkimlər bildirirlər ki, dəm qazı yüksək səviyyədə yayıldıqda 3 dəqiqə ərzində insanı komaya salır. Ümumilikdə 10 dəqiqə içərisində insan dəm qazından ölə bilir. Ona görədir ki, bir çox hallarda insanların həyatını xilas etmək mümkün olmur. Dəm qazı insanı bir növ keyləşdirdiyindən təhlükə hiss edən insan bu barədə yaxınlarına məlumat verə bilmir. Nəticədə bağlı qapılar arxasından insanın cəsədləri tapılır.
Ümumilikdə dəm qazından iki cür zəhərlənmə olur: yüngül zəhərlənmə və ağır dərəcəli zəhərlənmə.
Yüngül zəhərlənmə zamanı başgicəllənmə, ürəkbulanma, baş ağrısı, alın və gicgah nahiyəsində güclü ağrı, quru öskürək, qulaqlarda küy yaranır.
Dəm qazından ağır dərəcəli zəhərlənmə zamanı zərərçəkənin bəbəyi genişlənir, bayılır, qıcolma baş verir və s.
Dəm qazından zəhərlənəni necə xilas edə bilərik?
Dəm qazından zəhərlənmiş insanı bir qədər cəld hərəkət edilsə, xilas etmək mümkündür. Bunun üçün zərərçəkmişə ilkin xilasetmə tədbirləri düzgün və dəqiq göstərilməlidir. Bəs bunun üçün nə etməliyik, nələri bilməliyik?
Həkimlərin qənaətinə görə, ilk olaraq, otaqdakı havanı dəyişmək, yaxud zərərçəkəni təmiz havaya çıxarmaq lazımdır. Zərərçəkmişin huşu özündə deyilsə, başını sağa-sola çevirib, ağız boşluğundakı seliyi təmizləmək lazımdır. Əynindəki paltarın yaxasını açmaq, onu yarıoturaq vəziyyətə gətirmək vacibdir. Daha sonra onun alnına, sinəsinə soyuq kompres qoymaq məsləhətdir. Yaxud da naşatır spirti iylətməli, huşu aydınlaşdıqdan sonra isə, ilkin olaraq, şirin çaya limon qatıb verək olar. Əgər zərərçəkən nəfəs almırsa və ürək dayanıbsa, dərhal reanimasiya tədbirlərinə başlamaq lazımdır. Reanimasiya tədbirlərinə tibbi dillə desək, ürəyin xarici masajı və süni tənəffüs aiddir. Reanimasiyanı hər zaman süni tənəffüs hərəkətlərindən başlamaq lazımdır! Tənəffüsün dayanması zamanı xəstə huşsuz vəziyyətdə olur, döş qəfəsi hərəkət etmir, dəri və dodaqlar göyərir. Dəm qazından zəhərlənən insanın tənəffüsü dayanarsa, qanı oksigenlə təmin etmək üçün dərhal ona süni tənəffüs vermək vacibdir. Əgər bu zaman ürək fəaliyyəti də dayanarsa, zərərçəkənə süni tənəffüslə yanaşı, ürəyi yenidən hərəkətə gətirmək üçün xarici (qapalı) masaj adlanan üsuldan istifadə etmək lazımdır. Bütün bu tədbirlər görüləndən sonra hər ehtimala qarşı təcili yardım çağırmağınız məsləhətdir.
“Azəriqaz” vətəndaşlara xəbərdarlıq edir
Yeri gəlmişkən qeyd edək ki, “Azəriqaz” İstehsalat Birliyi bu məsələ ilə əlaqədar əhaliyə maarifləndirmə xarakterli müraciət edib. Bildirilir ki, təbii qazdan düzgün istifadə edilməsi qaydalarının pozulması hallarına rast gəlinir və bu da arzuolunmaz hadisələrin yaranmasına səbəb olur: “Abonentlər hamam otaqlarında təbii qazla işləyən tutumlu və düzaxımlı suqızdırıcılarının təhlükəsiz istismarına xüsusi diqqət yetirməlidirlər. Təbii qazla işləyən suqızdırıcıları quraşdırılan hamam otaqlarının həcmi 7,5 kubmetrdən, hündürlüyü 2,5 metrdən az olmamalıdır. Hamam otağında təbii qazla işləyən suqızdırıcıları quraşdırılan zaman otaq müstəqil havadəyişmə və tüstü bacası ilə təchiz edilməlidir. Otaqda havadəyişmə sistemindən əlavə, nəfəslik qoyulmalıdır. Otağın qapısı bayıra açılmalıdır. Hamam otağının qapısının aşağı hissəsində havanı dəyişmək üçün 0,02 kvadrat metr sahəsi olan dəlik olmalıdır (dəlik cəmi qeyd olunan ölçüyə bərabər bir neçə dairəvi deşik və yaxud 0,4 x 0,5 metr ölçüdə jalüz şəklində ola bilər). Hamam otağının daxili qaz xətləri gözəgörünən, texniki baxış və qulluq edilməsi üçün əlçatan yerdə quraşdırılmalıdır. Düzaxımlı suqızdırıcısının qaz xəttində 1, tutumlu suqızdırıcısının qaz xəttində 2 ədəd (biri tənzimləyici, digəri isə nəzarət) qaz kranı olmalıdır. Hamam otağında bütün qaz xətləri və birləşmələr polad boru ilə gözə görünən, əl çatan yerdə çəkilməlidir. Qaz təsərrüfatında təhlükəsizlik qaydalarına uyğun olaraq, texniki norma və qaydalara müvafiq olmayan, yuxarıda qeyd edilən tələblərə zidd hallar, eləcə də hər hansı digər bir qüsur aşkarlanarsa, pozuntular “Azəriqaz”ın müvafiq qurumları tərəfindən sənədləşdirilir və mənzilə təbii qazın verilişi dayandırılır”.
Qeyd edək ki, son dövrlər paytaxtda satış məntəqələrində 25-30 manata xüsusi detektorlar satılır ki, bununla dəm qazı təhlükəsindən qurtulmaq mümkündür. Belə ki, həmin detektorlar mənzildə və ya hamamda dəm qazı yaranan kimi zil səslə siqnal verir. Bununla dəm qazı təhlükəsindən qurtulmaq olar. Bütün hallarda dəm qazı təhlükəsindən uzaq olmağınızı diləyirik. Bunun üçün, ilk növbədə, özümüz tədbirli olmalıyıq...
Mənbə: Milli.Az