Qadin.NET / Dəm qazı ölümü: Niyə yayda deyil, qışda?

Dəm qazı ölümü: Niyə yayda deyil, qışda?

 

Son illər ən soyuq fəsil Azərbaycanda həm də insan ölümünün artması ilə müşayiət olunur. Məsələ sadə yanaşma tələb edir: Qışda qazdan boğulma halları ən çox hamamlarda baş verir. Əcaba yay aylarında da insanlar duş qəbul etmirlərmi? Deyərdik ki, hətta yay aylarında qışa nisbətən daha çox hamamdan istifadə edilir. Bəs dəm qazından hamamlarda boğulma halı niyə qışda baş verir. Elə ən qəribəsi də budur. Ekspertlər mavi yanacağın qış aylarında daha çox can almasını qazın artırılması və onun tərkibinin təmizlənmədən, az qala xammal şəkildə istismara verilmə ilə izah edirlər. İananaqmı? Təkcə bu ilin oktyabr ayında dəm qazı ilə əlaqədar 65 çağırış daxil olub ki, nəticədə 50 nəfər xəstəxanaya yerləşdirilib. Noyabr ayında isə stansiyaya 127 çağırış daxil olub ki, 93 nəfər xəstəxanaya yerləşdirilib. Modern.az saytı qış aylarında dəm qazından zəhərlənmə hallarının yay aylarına nisbətən daha çox olmasınının səbəblərini araşdırmağa çalışıb. Kommunal xidmətlər üzrə ekspert Ələkbər Ağasıyev dəm qazından boğulma hallarının sayının artmasının bir neçə səbəbi olduğunu bildirir. Onun sözlərinə görə, boğulma hallarının ilk səbəbi qış aylarında əhali tərəfindən quraşdırılan qaz cihazlarının qüsurlu olmasıdır. Ekspert hesab edir ki, ikinci ən böyük səbəb isə qazın istehlakçılara verilməsindən əvvəl təmizlənməməsidir: “Son illər ərzində bu səbəbdən insan tələfatlarının sayı artıb. Eyni zamanda xidmətin təhlükəsizliyi, keyfiyyəti və fasiləsizliyi də əhəmiyyət kəsb edən faktorlardır. Bu üç keyfiyyət təchizatçı qurumlar tərəfindən qorunmalıdır. Lakin bunlara yaxşı əməl olunmur. Bundan başqa emal müəssisələrində qazın hansı səviyyədə təmizlənib-təmizlənməməsini yoxlamaq mümkün deyil. Çünki Azərbaycan qanunvericiliyinə əsasən, müstəqil ekspertiza tərəfindən verilmiş rəy heç bir dövlət qurumu, hətta məhkəmə üçün maddi sübut kimi qəbul olunmur. Aydındır ki, belə olan halda təchizatçı idarənin bu və ya digər yolla tabeliyində çalışan idarənin tərkibində ekspertiza aparılırsa, həmin ekspertizanın rəyi birtərəfli olur”. Ələkbər Ağasıyev qış aylarında dəm qazından boğulma hallarının sayının artmasını əhalinin təhlükəsizlik tədbirlərinə əməl etməməsinin də böyük rol oynadığını bildirir: “Əvvəllər qış mövsümü başlamamışdan qabaq bütün yaşayış məntəqələrində tüstü bacaları yoxlanılırdı. Cari və profilaktik tədbirlər həyata keçirilirdi. Bacaların yararlı vəziyyətə gətirilməsi üçün müəyyən tədbirlər görülürdü. Bunun üçün bacatəmizləyənlər çalışırdı. Bütün bu işlərin həyata keçirilməsi istehlakçının istəyindən asılı olmayaraq mərkəzləşdirilmiş şəkildə həyata keçirilirdi. Bu işlərin yerinə yetirilməsindən sonra mənzil mülkiyyətçilərinin və mənzil kommunal təsərrüfatı işçilərinin iştirakı ilə akt tərtib olunurdu. Tüstü bacalarının istismara yararlı olduğunu təsdiq edən bu aktlar da yerli rayon qaz idarələrinə təqdim olunurdu. Sovet vaxtı qazdan boğulma halları demək olar ki, yox idi. Amma belə hadisələr baş verəndə təchizatçı idarələrin yerli rayon qaz istismar sahələrinin müvafiq vəzifəli şəxsləri xidmətin təhlükəsizliyi ilə bağlı məsuliyyət, o cümlədən cinayət məsuliyyəti daşıyırdı. Hətta belə bir təhlükə yaranırdısa, həmin vəzifəli şəxs tutduğu vəzifədən azad olunurdu. Amma indi hələ qış başlamayıb, artıq qazdan boğulma halları fantastik dərəcədə artıb. Bu günə qədər xeyli sayda insan tələfatına səbəb olan xidmətlə əlaqədar vəzifəli şəxslərdən kiminsə həbs olunmasını eşitməmişəm. Son illər bizdə belə bir ənənə formalaşıb ki, təchizatçı qurumlar çalışırlar ki, insan tələfatı və xəsarəti baş verərkən vəfat edəni təqsirkar çıxarsınlar. İstehlakçılara belə münasibət onu göstərir ki, yaxın illərdə bu sahədə köklü dəyişiklik gözləmək əbəsdir”. Ekspertlərin dediyi kimi, qış aylarında qazın tərkibinin təmizlənmədən istehlakçılara verilməsi ilə bağlı “Azəriqaz” İstehsalat Birliyi ictimaiyyətlə əlaqə şöbəsinin rəisi Araz Ağayev bildirir ki, abonentlərə satılan qazın tərkibi dövlətlərarası standartın tələblərinə uyğundur:

 

“Qazın tərkibi müvafiq qurumlar və laboratoriyalarda analiz olunur və yalnız bundan sonra satılır. Onu da deyim ki, Azərbaycan istehlakçılarına satılan qazla qonşu ölkələrə ixrac olunan qazın tərkibi və keyfiyyəti eynidir. Bundan başqa yayda da, qışda da əhaliyə verilən qazın tərkibi dəyişilməz qalır. Qazın tərkibi ilə bağlı problem olardısa, yay aylarında da qazdan boğulma halları baş verərdi”.
“Azəriqaz” sözçüsü qış aylarında dəm qazından zəhərlənmə hallarının artmasını əhalinin təhlükəsizlik tədbirlərinə riayət etməməsində görür: “Tüstü bacalarının vaxtında təmizlənməməsi, qeyri-standart qaz cihazlarından istifadə olunması, mənzillərdə mətbəx və hamam otaqlarında tikinti normalarının pozulması bədbəxt hadisələrə yol açır. Nazirlər Kabinetinin 2011-ci il 12 may 80 nömrəli qərarında istehlakçıların vəzifələri sadalanır. Bu vəzifələrdən biri də tüstü bacalarının normal şəkildə işləməsidir. Vətəndaşlar tərəfindən bütün qaz qurğuları onların texniki pasportlarında göstərilmiş şərtlərə uyğun olaraq təhlükəsiz istismar olunmalıdır. Bundan başqa tüstü bacaları və havadəyişmə xətlərinin normal işləməsi üçün vaxtında tədbirlər görülməlidir. Təəssüf ki, bu tədbirlər vaxtında görülmür. Məsələn, hamam otaqlarında lazımi normativlər pozulur. Hamam otaqlarının aşağısında dəliklər olmalıdır ki, hava tənzimlənsin. Amma bu baş vermir. Vətəndaşlar plastik tipli qapılardan və nəfəsliklərdən istifadə edirlər. Həmin qapılar və nəfəsliklər kip bağlandığından və tüstü bacaları yaxşı işləmədiyindən yanacağın tam yanma prosesi getmir. Dəm qazı da yanacağın natamam yanması zamanı əmələ gəlir. Ona görə də belə bədbəxt hadisələr baş verir”.

Mənbə: Milli.Az

17 dekabr 2013
GO BACK