O, “Media forum” saytına deyib ki, “Şahdəniz-2” investisiya layihəsi dünya tarixində ən böyük sərmayə qoyuluşudur:
“İlkin qiymətləndirmələrə görə, sərmayənin həcmi 40 milyard dollardan artıqdır. Bu məbləğin yarıdan çoxu Azərbaycanda investisiya ediləcək. Amma anlaşma xarici neft şirkətləri, eləcə də benefisiar və tranzit ölkələr üçün də əhəmiyyətlidir.
Əvvəla, xarici şirkətlər böyük investisiya və eləcə də stabil gəlirlər imkanı qazanır. İkincisi, benefisiar ölkələr mavi qaza olan tələbatının tam və ya qismən ödənilməsinə nail olacaqlar. Belə ki, Türkiyəyə nəql edilən qazın illik həcmi 12,6 milyard kubmetrə yüksələcək. Türkiyə TANAP-a sahib olmaqla eyni zamanda TAP-a da ev sahibliyi edəcək, ölkənin bu layihədən də öz daxili ehtiyacları üçün faydalanmaq imkanı olacaq. Avropa isə birinci mərhələdə illik 10 milyard kubmetr mavi qaz idxal edə biləcək. Daha sonra bu rəqəm 20 milyard kubmetrədək yüksəldiləcək. Tranzit ölkələr, o cümlədən Gürcüstan və Türkiyə bu anlaşmadan real gəlir əldə edən ölkələr sırasındadır.Azərbaycan artıq öz qazını birbaşa Avropa bazarına, həm də bazar qiymətləri ilə çıxara biləcək. Bu isə ölkənin bir bazardan asılılığının aradan qalxması və Bakının mavi yanacaq ixracatında əsas hədəfə vurması anlamına gəlir. Bakı bu qərarla Moskvanın xətrinə dəymədən Avropa Birliyinin enerji təhlükəsizliyinə ciddi töhfə verir. Odur ki, TAP anlaşması Azərbaycan üçün həm də siyasi-diplomatik əhəmiyyət daşıyır”.
Mənbə: Milli.Az