Bakı şəhərinin belə yolları da varmış. Qaradağ rayonu Puta qəsəbəsinin sakinləri həll olunmayan problemlərini Milli.Az vasitəsilə həll etmək istəyirlər. Sakinlər yazır ki, Qaradağ rayonunda sakinlər məmur diqqətsizliyindən əziyyət çəkirlər: “Lökbatan-Qızıldaş yolu buna əyani sübutdur. Əgər mümkünsə, gəlin, o yolu gözünüzlə görün. Müəlliməm, hər səhər dərslərə gecikirəm. Kimin üstündə, hansısa işi bacarmayan birinə görə? Bizə kömək edin, ya da hansısa bir ünvan deyin ora müraciət edək”. Qaradağ rayon İcra Hakimiyyətindən Milli.Az-a bildirildi ki, Lökbatan-Qızıldaş yolunu daş karxanasından gəlib-gedən ağır tonnajlı yük maşınları bərbad vəziyyətə salıb. Yolun, əsasən, Qızıldaşdan gələn hissəsi dağılıb. Çünki Qızıldaşa gedən zaman maşınlar boş gedirlər. Hazırda həmin yolda bir neçə yerdə problemlər var ki, bu da həllini tapacaq. “Həmin yol bir neçə dəfə daxili imkanlar hesabına düzəldilib. Qəsəbədaxili yol deyil, "Azəryolservis"inin balansındadır. Ancaq buna baxmayaraq, 2014-2016-cı illər Bakı şəhərinin sosial inkişafı proqramına salınıb. Yəqin ki, Qızıldaş yolu proqrama salınar və əsaslı təmir olunar”, - deyə icra hakimiyyətindən deyildi.
Mənbə: Milli.Az