Qadin.NET / Əl əməyi, göz nuru

Əl əməyi, göz nuru

 

Elnarə Qasımova Qazax rayonunun Kəmərli kəndində böyüyüb boya–başa çatıb. Hamı kimi sadə uşaqlıq, yeniyetməlik, gənclik dövrünü yaşayıb. Arzusu nə həkim, nə də müəllim olmaq olub. Sadəcə olaraq, insanlar üçün faydalı, kimsəsizlər üçün dayaq olmağı arzulayıb uşaqlıqdan. Özü də bilmədən Tanrı ona ürəyindəki arzuları həyata keçirmək üçün istəyinə uyğun bir qabiliyyət verib. Sevgi dolu ürəyi, bacarıqlı əlləri ilə öz incə duyğuları üstündə köklənərək insanlar üçün xeyirli bir iş görməyə başlayıb. Əllərinin halal zəhmətinə, gözlərinin sevgi dolu nurunas güvənən bir iş. Və bu istedad və bacarığı tezliklə onu el-oba içində tanıdıb, öz həmyaşıdlarından fərqləndirib. Elnarə Tanrının sevdiyi bəndələrindəndir desək, yanılmarıq. Çünki İlahi tərəfindən ona elə bir istedad verilib ki, zərif əlləri ilə möcüzələr yaradır. Bu gün o, məişətdə işlətdiyimiz əşyalardan, sınıq şüşələrdən, ağacdan, taxtadan, müxtəlif parçalardan, balıq qulağından, bağ-bağçada istifadə olunan toxumlardan, mamırdan belə, sözün əsl mənasında, sənət əsərləri yaradır. Yaratdıqları isə gözləri oxşayır, könülləri sevindirir. Maraqlısı odur ki, Elnarə tək bu əl işləri ilə deyil, həm də gözəl qəlbi ilə fərqlənir. Belə ki, o, bildiklərini, bacardıqlarını yeniyetmə və gənc qızlara da öyrədir. Elnarənin məqsədi özünün ilham aldığı, sevə-sevə məşğul olduğu bu peşəni gənc nəsilə aşılamaqdır. Bunun üçün dərnəklər açan, gənc və yeniyetmələri bu dərnəyə cəlb edən Elnarə öz şagirdləri ilə böyük həvəs və şövqlə çalışır, onların bu peşəyə dərindən yiyələnmələri üçün əlindən gələni əsirgəmir. “Ən böyük istək və arzum imkansızların əlindən tutmaq, qabiliyyəti olanları üzə çıxarmaqdır” - söyləyən Elnarə bu sahədə bir çox işlər görmüşdür. Qısa bir zaman kəsiyində onun ətrafına bu sahədə bacarığı olan onlarla gənc oğlan və qız toplanmışdır. Elnarə onların istedadlarını bu sahəyə yönəldərək bilik və bacarıqlarının inkişaf etdirmək üçün əlindən gələni əsirgəmir.
Yaşadığı Qazax rayonunda onun bu bacarığına dəstək verilmiş, ürəyindən keçən arzuların reallaşması üçün köməklik göstərilmişdir. Belə ki, rayon mədəniyyət və turizm şöbəsi tərəfindən Aslanbəyli, Kəmərli, Qaymaqlı və Yuxarı Salahlı kəndlərində ona məşğələ keçmək üçün otaq da ayrılmışdır. Burada Elnarənin tikiş, toxuculuq, rəsm dərnəkləri fəaliyyət göstərir. Yeniyetmə və gənc qızlar burada Elnarədən incəsənətin sirlərini öyrənməklə yanaşı, asudə vaxtlarını da səmərəli keçirirlər.
Hal-hazırda dərnəyin fəal üzvləri çoxdur. Hərəsinin öz yaradıcılıq qabiliyyətləri, istedadları var. Rayonda keçirilən tədbirlərdə Elnarənin və dərnək üzvlərinin əl işlərinin sərgisi nümayiş olunur. Onların əl işlərini izlədikcə insan sanki sirli-sehirli bir aləmə düşür. Bu işlərdə vətənə məhəbbət, təbiətə vurğunluq öz əksini tapmışdır. Bundan başqa insan qəlbinin incə duyğuları, arzuları, Tanrıya olan sevgisi zərif qadın barmaqları ilə kətana köçürülmüşdür. Hər bir əl işi onlar üçün doğma uşaq kimi əzizdir. Çünki buna əl əməyi, göz nuru sərf olunur. Elnarənin gələcək planları çoxdur. Ən böyük arzusu isə əl işlərindən ibarət sərgi keçirmək və dərnəyə gəncləri daha çox cəlb etməkdir.
Əl əməyi, göz nuru

Əl əməyi, göz nuru

Əl əməyi, göz nuru

Əl əməyi, göz nuru

Əl əməyi, göz nuru

Əl əməyi, göz nuru

Əl əməyi, göz nuru

Əl əməyi, göz nuru

Əl əməyi, göz nuru

Mənbə: Milli.Az
17 dekabr 2013
GO BACK