Qadin.NET / Ay bu yükün yiyəsi

Ay bu yükün yiyəsi

 

“Ay bu yükün yiyəsi” 2008-ci ildə yazılıb. İlk dəfə çap olunur. 2013-cü ilin dekabrında bu şeirin işıq üzü görməsinə “Media forum” saytının şair Ramiz Rövşənə müraciəti səbəb olub. “Media forum”un müraciəti şairin ad günü ilə bağlıdır. 

Dekabrın 15-i Azərbaycanın böyük şairi Ramiz Rövşənin 67 yaşı tamam olub. 1946-cı ildə Bakının Əmircan kəndində doğulan Ramiz Rövşən Bakı Dövlət Universitetinin filologiya fakültəsini və Moskva Kinematoqrafiya İnstitutunun ali ssenari kursunu bitirib. “Bir yağışlı nəğmə” (1970-ci il), “Göy üzü daş saxlamaz” (1987-ci il), “Kəpənək qanadları” (1999-cu il), “Nəfəs - kitablar kitabı” (2006-cı il) kitablarının müəllifidir. Ramiz Rövşən ədəbi aləmdə həm də bir sıra hekayələrin və məşhur “Daş” povestinin müəllifi kimi tanınır. Uzun illər kinostudiyada çalışan şairin ssenariləri əsasında bir neçə film, o cümlədən “Babamın babasının babası”, “Şəhərli biçinçilər”, “Süd dişinin ağrısı”, “Özgə vaxt” (Hüseyn Mehdiyevlə birgə) bədii filmləri çəkilib.

Ay bu yükün yiyəsi

Gör bir nə tez xərclədim günləri manat kimi,
Əvəzində nə aldım –
heç xəbərim olmadı.
Çox yerdə başa keçdim hörmətli qonaq kimi,
Amma ayaq qoymağa
heç öz yerim olmadı.

Dünyada hərə bir cür qocalmağa başlayır;
Başdanmı qocalan çox, ayaqdanmı?
Kim bilir.
Hansı pisdi –
yerişi, yoxsa ağlı itirmək?
Axsaqdanmı soruşaq, axmaqdanmı?
Kim bilir.

Mən nəsə ayağımdan qocalmağa başladım,
Ağıllı başım çətin köməyimə yetişə.
Ayağımın ucundan başlayan şiş yeriyib
Yavaş-yavaş haçansa ürəyimə yetişər.

Bilirəm, gec-tez məni yıxsa, ürək yıxacaq,
Ayaqlarım zay olub lap sıradan çıxsa da.
Çox dostlarla günbəgün aram soyuyur, –
ancaq
Mən aradan çıxmaram, kim aradan çıxsa da.

Bir vaxt iri köpəklər hürərdilər üstümə,
İndi xırda küçüklər hürüşür addımbaşı.
Hürməkdə o köpəklər
yaman ustaydı, usta,
Bu küçüklər hələ ki,
bir az naşıdı, naşı.

İt hürər, karvan keçər...
Yox, mən karvan deyiləm,
Mən – karvanı talanmış
tənha, yorğun bir dəvə.
Dörd tərəfi bürüyən toz-dumanın içində
Baş götürüb gedirəm
ağlım kəsən tərəfə.

Yük altında göynəyir kürəyimin qabarı,
Yük altında təngiyir hər addımda nəfəsim.
Nə atmağa qıyıram,
nə gücüm var – aparım,
Hayandasan, di gəl çıx, ay bu yükün yiyəsi!..

Mənbə: Milli.Az
17 dekabr 2013
GO BACK