Qadin.NET / "Azərbaycanda etnik və dini tolerantlıq dövlət səviyyəsində təbliğ edilir"

"Azərbaycanda etnik və dini tolerantlıq dövlət səviyyəsində təbliğ edilir"

 

"Etnik və dini tolerantlıq Azərbaycanda dövlət səviyyəsində təbliğ edilir və hökumət bütün dini və etnik azlıqlar üçün bərabər imkanları və bərabər hüquqları, o cümlədən dinc və rahat yaşamaq şəraitini təmin edir". Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev Brüsseldə Avropa Yəhudi Parlamentinin Baş Assambleyasının V sessiyasında çıxışı zamanı deyib. A.Quliyev bildirib ki, etnik azlıqlar da doğma dildə təhsil hüququ da daxil olmaqla, azərbaycanlılarla bərabər bütün hüquqlardan sərbəst istifadə edirlər. Onun sözlərinə görə, talışlar, avarlar, ləzgilər, ruslar, ukraynlar, gürcülər, polyaklar və digərləri də daxil olmaqla, Azərbaycanda 40-dan çox azlıqlar və etnik qruplar var. Deputat çıxışında bildirib ki, Şərqlə Qərbin kəsişməsində yerləşən Azərbaycan müsəlman azərbaycanlıların üstünlük təşkil etdiyi çoxmədəniyyətli bir cəmiyyətdir: "Əsrlər boyu Azərbaycanda müxtəlif dinlərə mənsub xalqlar sülh və harmoniya şəraitində yaşayıb. Beynəlxalq Tolerantlıq Gününü qeyd etməklə Azərbaycan dünyanın beş ən tolerant ölkələri sırasına daxil olub. Azərbaycanın tolerant ölkə olması faktı bir çox elm adamları, siyasətçilər, jurnalistlər və ictimai xadimlər tərəfindən tanınır. Bir çoxları inanır ki, Azərbaycan dünyada etnik və dini tolerantlığın yaxşı bir nümunəsi kimi xidmət edə bilər. Həm İslam, həm xristianlıq, həm də yəhudilik əsrlər boyu Azərbaycanda sülh şəraitində birgə mövcud olub". A.Quliyev qeyd edib ki, Azərbaycanda iki böyük yəhudi cəmiyyəti mövcuddur. Onlardan biri üç senaqoqun və təqribən on beş yəhudi təşkilatının mövcud olduğu Bakı şəhərində yerləşir. Digər yəhudi cəmiyyəti isə Azərbaycanın Quba rayonunda Qırmızı qəsəbədə yaşayır: "XIX əsrin sonunda Qırmızı qəsəbə İsraildən kənarda yerləşən və tamamilə yəhudilərin məskunlaşdığı yeganə qəsəbə idi. Bu qəsəbə, həmçinin kiçik Yerusəlim kimi də tanınırdı. Qəsəbədə on bir sinaqoq yerləşir və onlardan 7-si ümummilli lider Heydər Əliyevin prezidentliyi dövründə təmir edilərək yenidən yəhudilərin istifadəsinə verilib. Bundan əlavə mən fəxrlə deyə bilərəm ki, antisemitizm heç zaman Azərbaycanda problem olmayıb". Deputat çıxışında vurğulayıb ki, bu gün Yəhudi cəmiyyəti Azərbaycanın ictimai-siyasi və mədəni həyatında xüsusi rol oynayır: "Bu cəmiyyətin üzvləri Azərbaycanda hüquqi və dünyəvi dövlət quruculuğunda aktiv iştirak edir. Onlar parlamentdə, bələdiyyələrdə və digər dövlət və hökumət orqanlarında təmsil olunurlar. Yəhudi cəmiyyəti Azərbaycanın ictimai-siyasi həyatında kifayət qədər aktiv olan QHT-lər yaradıblar. Mən inanıram ki, bizim yəhudi cəmiyyəti ilə əməkdaşlığımız inkişaf etdikcə demokratik Azərbaycanın daha da güclənməsinə öz töhfəsini verəcək".
Mənbə: Milli.Az

 

16 dekabr 2013
GO BACK