Qadin.NET / "Milan Expo 2015" ölkəmizin pavilyonunun qurulacağı sahə Azərbaycan tərəfinə təqdim edilib

"Milan Expo 2015" ölkəmizin pavilyonunun qurulacağı sahə Azərbaycan tərəfinə təqdim edilib

 

Dekabrın 16-da İtaliyanın Milan şəhərində "Milan Expo 2015" beynəlxalq sərgisinin Təşkilat Komitəsi iştirakçı ölkələrə milli pavilyonlar üçün ayrılacaq sahələrin təhvil prosesinə başlayıb. Heydər Əliyev Mərkəzindən Trend-ə verilən məlumata görə, İtaliya hökumətinin "Milan Expo 2015" sərgisi üzrə baş komissarı Cuzeppe Salanın iştirakı ilə keçən mərasimdə ilk 26 pavilyonun sahələri həmin ölkələrin nümayəndələrinə təhvil verilib. Qeyd edək ki, Azərbaycan "Planeti qidalandırmaq, həyat üçün enerji" adlı "Milan Expo 2015" sərgisində ölkənin tarixi və mədəni irsini, zəngin ekoloji, enerji potensialını və unikal biomüxtəlifliyini tərənnüm edən xüsusi pavilyonla təmsil olunacaq. Azərbaycanın bu sərgidə iştirakı üzrə təşkilatçı tərəfdaş olan Heydər Əliyev Mərkəzi artıq "Milan Expo 2015" üzrə bu vaxta qədər tələb olunan bütün hazırlıqları başa çatdırıb. Dekabrın 16-da sərgiyə hazırlıqla bağlı 140-a yaxın iştirakçı ölkədən öhdəlikləri ilk yerinə yetirən 26 ölkə sırasında olan Azərbaycan tərəfinə ölkəmizin pavilyonunun qurulacağı sahə təqdim edilib. Təşkilat Komitəsinin nümayəndəsinin sözlərinə görə, Azərbaycan "Milan Expo 2015" sərgisinin hazırlıq və qurulma prosesində ilkin mərhələdə iştirakçı ölkələr qarşısında qoyulan tələbləri, pavilyonun məzmun və tərtibatı ilə bağlı təqdimatları ən tez yerinə yetirən ölkələr sırasındadır. Qeyd edək ki, sərgidəki milli pavilyonda Azərbaycanın tarixi, coğrafi və mədəni özəllikləri, həmçinin müasir həyatı xüsusi proyeksiyaların təqdimatı ilə izləyicilərə çatdırılacaq. 2015-ci il mayın 1-dən oktyabrın 31-dək keçiriləcək "Milan Expo 2015" sərgisi 1,7 mln. kvadratmetr ərazidə təşkil olunacaq. Dünyanın müxtəlif ölkələrindən 30 milyonadək qonağın iştirakı ilə keçirilməsi nəzərdə tutulan bu sərgidə məqsəd saglam həyat və ekologiyaya, təhlükəsiz və sağlam qidalanmaya diqqət cəlb etməkdir. "Milan Expo 2015" sərgisi Azərbaycanın tarixinin, mədəni irsinin dünyada tanıtımı və ölkənin iqtisadi-mədəni potensialının təqdimatı baxımından əhəmiyyət kəsb edir. Bu layihə həm də Azərbaycanı sağlam həyat mənbəyi olan ölkə kimi tanıdan özəlliklərin, həyata keçirilmiş ekoloji layihələrin bir daha təqdim olunmasına imkan verəcək.

Mənbə: Milli.Az

 

16 dekabr 2013
GO BACK