Qadin.NET / Azərbaycanda "Aktiv Qadınlar Şəbəkəsi" təsis edilib

Azərbaycanda "Aktiv Qadınlar Şəbəkəsi" təsis edilib

 

On aydan çoxdur ki, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Avrasiya Regional Mərkəzi (İKGF, ARM) və Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyası (ABİA) "Gənc qadınların liderlik qabiliyyətlərinin artırılmasında dini icmaların rolu" mövzusunda layihə həyata keçirir. Trend xəbər verir ki, layihə çərçivəsində ölkənin yeddi bölgəsi - Bakı və Gəncə şəhərləri, Sumqayıt, Lənkəran, Quba, Zaqatala və Şamaxı rayonlarında yaşayan və dini icmaların üzvləri olan gənc qadın və qızlar üçün cəmiyyətimizdə qadın hüquqlarına aid olan problemlər, qadınların ictimai sektorda iştirakının vacibliyi, onların bütün sahələrdə, xüsusilə də cəmiyyət üçün həssas problem olan erkən nikah məsələsində hüquqlarının qorunması, qızların təhsil problemləri, eləcə də kiçik biznes sahəsində qadınların iştirak fəallığının stimullaşdırılması ilə bağlı maarifləndirici təlimlər keçirilib, gənc qadınların liderlik qabiliyyətlərinin artırılmasında dini icmaların rolu araşdırılıb. Layihənin rəhbəri və ABİA-nın sədri Sevinc İsgəndərova bu gün keçirilən mətbuat konfransında bildirib ki, bundan sonra sözügedən layihə təsis olunmuş "Aktiv Qadınlar Şəbəkəsi" çərçivəsində davam etdiriləcək. Belə ki, Türkiyə İşbirliyi və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi ilə şəbəkəyə cəlb edilən qadınlar müxtəlif peşə ixtisaslarına yiyələnmək imkanları əldə edəcəklər. İlk olaraq şəbəkə çərçivəsində qadınların cəmiyyətdə aktivliyinin artırılması və kiçik biznes sahəsində iştiraka təşviq etmək üçün onlara bu regionlarda xalçaçılıq, dərzilik və mühasibat kursları keçiriləcək. Şəbəkə çəçivəsində gənc qadınlar və qızlar müxtəlif yerli və beynəlxalq təlim və tədbirlərdə iştirak etmək şansı qazanacaqlar. TİKA-nın Azərbaycan üzrə təmsilçisi Mustafa Haşim sözügedən şəbəkənin təqdimatında bu layihəyə verəcəkləri dəstəkdən, layihənin muasir zamanda əhəmiyyətindən danışıb, eləcə də bu layihənin Azərbaycanın bütün bölgələrində həyata keçirilməsini tövsiyə edib. İKGF ARM-nin direktoru Elçin Əsgərov və DQİDK-nin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli təmsil etdikləri qurumların layihəyə verdikləri dəstəkdən və bu sahədə gələcəkdə həyata keçiriləcək planlardan bəhs ediblər.

Mənbə: Milli.Az

 

16 dekabr 2013
GO BACK