“Təhsil Nazirliyi ilk olaraq dərsliklərin birbaşa məktəblərə çatdırılmasının və dərsliklərdə sonradan yaranan problemlərin qarşısını almaq məqsədi ilə bu ildən (ildə iki sinif dərsliyi olmaqla) iki sinif üzrə tender elan edib”. Lent.Az-ın məlumatına görə, bunu nazirliyin dərslik və nəşriyyat şöbəsinin müdir müavini Əsgər Quliyev bildirib. O qeyd edib ki, 7-8-ci sinif dərslikləri növbəti dərs ilində çox məhdud sayda çap olunaraq, sınaqdan keçiriləcək: “Bu sınaq dərsliklərin keyfiyyətinin yüksəlməsinə səbəb olacaq. Bu gün ölkədə dərslik müəlliflərinin qıtlığı yaşanır. Bunun bir neçə səbəbi var. Azərbaycanda dərslik hazırlanma təcrübəsi müstəqillik dövrünün məhsuludur. Təhsil Nazirliyi tərəfindən dərslik müəllifləri üçün treninq keçiriləcək, kurrikulumun qaydaları seçiləcək dərslik müəlliflərinə daha dərindən öyrədiləcək”. Təhsil Nazirliyi tərəfindən müəllif hüquqlarının qorunması ilə bağlı çox ciddi addımlar atıldığını vurğulayan Ə. Quliyev qeyd edib ki, müəllif hüquqları nazirliyin səlahiyyətinə verilib: “Bu doğru bir addımdır. Çünki dərsliyi dövlət maliyyələşdirirsə, dərsliyin müəllifi də dövlət (onun təmsilçisi kimi Təhsil Nazirliyi) olmalıdır. Uzun müddət idi ki, mətbuat dərsliklərdəki çatışmazlığa görə Təhsil Nazirliyini ittiham edirdi. Elə bilirlər ki, dərslik müəlliflərini Təhsil Nazirliyi seçir. Artıq 7 ildir ki, dərsliklər müsabiqə yolu ilə hazırlanır. Yəni müəlliflər nazirlik tərəfindən seçilmir. Dərslik müəllifləri nəşriyyat tərəfindən müəyyən edilir”. Nazirlik rəsmisi onu da qeyd edib ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının dərsliklər haqqında yekun rəylərində dil və üslubla bağlı nöqsanların olduğu bildirilib. “Bunun qarşısını almaq məqsədi ilə bu ildən etibarən bütün dərsliklərə (ixtisasından asılı olmayaraq) dil və üslub üzrə redaktor təyin olunacaq. Azərbaycanda təhsilin məzmunu ilə bağlı yalnız bir müəssisə - Təhsil Problemləri İnstitutu məşğul olur. Ancaq sovetlər məkanında 13 elmi-tədqiqat müəssisəsi təhsilin məzmunu ilə məşğul olurdu. İnanıram ki, qarşıdakı illərdə də bununla bağlı işlər görüləcək”-deyə, şöbə müdirinin müavini əlavə edib. Ə. Quliyevin sözlərinə görə, Təhsil Strategiyasında dərsliklərin hamısının yeniləşdirilməsi, yəni yeni prinsiplərə uyğunlaşdırılması nəzərdə tutulur: “Ümid edirəm ki, Strategiya ilə bağlı fəaliyyət proqramı hazırlanandan sonra dərsliklərlə əlaqədar yeni proqram qəbul olunacaq”.
Mənbə: Lent.Az