Qadin.NET / Bakının təkrar mənzil bazarında ən cəlbedici rayonlar hansıdır?

Bakının təkrar mənzil bazarında ən cəlbedici rayonlar hansıdır?

 

"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyindən Milli.Az-a verilən məlumata görə, 2013-cü ilin noyabr ayı ərzində daşınmaz əmlakın təkrar mənzil bazarı seqmentində aparılan araşdırmalar zamanı bağlanan əqdlərin dinamikasında oktyabr ayı ilə müqayisədə 1.7% artım müşahidə edilib. Təkrar mənzil bazarı üzrə ümumi təklif portfelində ciddi azalma müşahidə olunub. Son 11 ay ərzində bazarın bu seqmenti üzrə təklifin kəskin azalması və qiymət dinamikasının kəskin artımı müşahidə olunub. Son dövrlər bazarda baş verən proseslərin mənzil tikintisinin tempinə göstərdiyi müsbət təsirlər nəticəsində yeni tikililərin reablitasiya və dövriyyə imkanları ötən ilin müvafiq göstəriciləri ilə müqayisədə xeyli artıb. Noyabr ayında təkrar mənzil bazarında aktivlik əmsalına görə ən cəlbedici rayonlar ötən ayda olduğu kimi Xətai, Yasamal, Nizami və Nərimanov rayonları olub. Araşdırmalar göstərir ki, söküntü işlərinin başlanmasından və ipoteka kreditlərinin aktivləşməsindən sonra bu rayonlara olan maraq tədricən dərinləşməkdə davam edib. Ümumilikdə ipoteka prosesində əməliyyatların əsas çəkisi də bu rayonların üzərinə düşür. Bu, həmin rayonlarda qiymətlərin ipotekanın normativ tələblərinə yaxınlığı ilə də bağlıdır. Amma son 6 ay ərzində demək olar ki, bütün rayonlarda aktivliyin artımı ictimai nəqliyyatla tam təmin olunan, metrostansiyalara yaxın ərazilərdə qiymətlərin daha kəskin artdığını göstərir. Noyabr ayında aparılan araşdırmalara əsasən təklif (3,0%) azalıb və nəticədə bazara satış üçün təklif olunan mənzillərin sayı 4600-ə enib. Yasamal, Nəsimi, Nərimanov və Xətai rayonlarının təklif portfelindəki payı ötən aylarda olduğu kimi mütləq çoxluq təşkil edib və onların ümumi payı 78,7%-ə bərabər olub. Təklif portfelinin strukturunun uzun müddətdir ki, bu 4 rayonun hesabına formalaşmasının əsas səbəbi həmin rayonlar üzrə yeni tikililərin təkrar bazara daxil olması ilə də bağlıdır. Aparılan araşdırmalar göstərir ki, ilkin bazarda da təklif portfeli daha çox bu 4 rayonun hesabına formalaşır. Layihələr üzrə təklif portfelində yeni tikililərdəki mənzillər əsas çəkiyə sahibdir. Noyabr ayında da otaqlar üzrə mənzillərin vəziyyətinə gəldikdə, 4 və 5 otaqlı mənzillərin sayında azalma baş verib. Təklif üzrə ən çox azalma 4 otaqlılar üzrə qeydə alınıb. 1, 2 və 3 otaqlı mənzillərin təklif üzrə payında isə artım müşahidə olunub. Təkliflə yanaşı otaqlar üzrə qiymət artımı ən çox 1 və 2 otaqlı mənzillərtdə baş verib. Təklif üzrə ən çox artım 2 otaqlı mənzillərdə qeydə alınıb və 2,6% təşkil edib. Noyabr ayında orta qiymət ötən ay 1342$/kv.m təşkil edib. Bazarda mənzillərin 1 kv.m-nin orta qiymətindən (1342 ABŞ dolları) aşağı olan mənzillər ümumi portfeldə daha çox paya, yəni 52,6%-ə malikdir. Mənzillərin orta otaq göstəricisi 2.89, hər otağın orta satış qiyməti 50114 ABŞ dolları, mənzilin orta qiyməti isə 118569 ABŞ dolları təşkil edib.

 

Mənbə: Milli.Az

16 dekabr 2013
GO BACK