Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib. Dekabrın 16-18-də paytaxt Bakıda "Şahdəniz-2" layihəsi üzrə sənədin imzalanma mərasiminin keçirilməsi nəzərdə tutulur. Mərasimdə Monteneqro, Albaniya, Türkiyə, Xorvatiya, Yunanıstan, İtaliya, Böyük Britaniya, Bolqarıstan, ABŞ, Gürcüstan və digər ölkələrin, eləcə də Avropa Komissiyası və "bp" şirkətinin yüksək vəzifəli rəsmi nümayəndələri iştirak edəcəklər. Artıq qonaqların qarşılanması və yerləşdirilməsi işlərinə başlanılıb. Tədbirin "Fairmont", "Absheron Mariott", "Four Seasons" hotelləri və onların yerləşdiyi ərazilər, eləcə də Heydər Əliyev Mərkəzi və Bayraq Meydanı istiqamətində keçirilməsi nəzərdə tutulub: "Heydər Əliyev Beynəlxalq Hava Limanından şəhər istiqamətinə, Heydər Əliyev prospekti, C.Qədirbəyova küçəsi, 10-cu zavod dairəsi, Yusif Səfərov, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Rəsul Rza küçələri, Azadlıq və Neftçilər prospektləri, "Azneft" meydanı, Niyazi, İstiqlaliyyət, 10-cu park, Lermontov, Teymur Elçin, Mehdi Hüseyn küçələri, eləcə də Mərdəkan dairəsi, Mərdəkan şosesi, Buzovna dairəsi, Zuğulba prospekti istiqamətində avtomobillərin hərəkətinə fasilələrlə mədudiyyətlər qoyularaq istiqamət dəyişdirilir. Ona görə də Bakı Yol Polisi İdarəsi bütün avtomobil sürücüləri və sahiblərinin nəzərinə çatdırır ki, keçiriləcək bu tədbirin dövlət əhəmiyyətli olduğunu nəzərə alıb, qeyd edilən istiqamətlər üzrə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilsin və yaxud hərəkət sadalanan marşrut üzrə ictimai nəqliyyat vasitələrinin köməyi ilə edilsin".
Mənbə: Milli.Az