Altıqat olimpiya çempionu, yamaykalı sprinter Useyn Bolt daha bir dünya rekordu vurub. Planetin ən sürətli insanı bu dəfə Argentinanın paytaxtı Buenos-Ayresdə sərnişin avtobusunu qabaqlayıb. Milli.Az Daily Mail-ə istinadən bildirir ki, xeyriyyə məqsədilə keçirilən tədbirdə qaçış sprinterdən rekord nəticə tələb etmirdi. Useyn Bolt startdan sonrakı ilk metrlərdə daha sürətli olduğunu anlayıb və "gəzinti" sürətinə keçib. Finiş xəttinə bir metr qalanda isə o, avtobus sürücüsünün əlini sıxıb, fotoqraflar qarşısında pozalar verib. 100 metr məsafəyə qaçış Argentina paytaxtının ən geniş küçələrindən birində, hər hərəkət istiqamətində 7 zolaq olan Avenida Nueve de Hulioda olub. Finişdən sonra Useyn Bolt bildirib ki, 2016-cı ildə Braziliyanın Rio de Janeyro şəhərində keçiriləcək Olimpiya Oyunlarında 400 metr məsafəyə qaçmaq niyyətində deyil. "Bu məsafəyə qaçış çox çətindir və çoxsaylı məşqlər tələb edir. Olimpiya oyunlarında məqsədim 100 və 200 metr məsafəyə qaçışda qələbə, habelə nəticələrimin yaxşılaşdırılmasıdır", - Bolt bildirib.
Mənbə: Milli.Az