Qadin.NET / Ali məktəblərin statuslarının müəyyənləşdirilməsi zamanı tələbə qəbulu göstəriciləri də nəzərə alınacaq

Ali məktəblərin statuslarının müəyyənləşdirilməsi zamanı tələbə qəbulu göstəriciləri də nəzərə alınacaq

 

Azərbaycanda ali məktəblərin iki kateqoriyaya bölünərək onlara adi və milli statusların verilməsi zamanı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Təhsil Nazirliyinə həmin təhsil müəssisələri ilə bağlı təqdim etdiyi statistik göstəricilər də nəzərə alınacaq. Trend yazır ki, TQDK sədri Məleykə Abbaszadə jurnalistlərə deyib ki, ali məktəblərin adi və milli statuslara bölünməsi məsələsini bu gün təhsil naziri Mikayıl Cabbarovla müzakirə ediblər: "Hər il qəbul başa çatandan sonra ali məktəblərin hər bir ixtisas üzrə formalaşan keçid balı ictimaiyyətə təqdim olunur. Məsələn, "riyaziyyat müəllimliyi" ixtisası Bakı Dövlət Universitet, Azərbaycan Dövlət Pedaqoji Universiteti, o cümlədən regional universitetlərdə də var. Ancaq həmin ixtisasa keçid balı universitetlər üzrə fərqlidir. Bu ballar bizə universitetlərin potensialının necə formalaşması barədə fikir söyləməyə imkan verir. Bu göstəricilər də komissiya tərəfindən Təhsil Nazirliyinə təqdim olunacaq. Onlar da təbii ki, ali və milli statuslu universitetləri müəyyənləşdirəndə TQDK-nın TN-ə təqdim etdyi statistik məlumatları nəzərə alacaqlar". Qeyd edək ki, təhsil naziri Mikayıl Cabbarovun sözlərinə görə, bütün ali məktəblər - istər özəl, istərsə də dövlət məktəbləri keyfiyyətli təhsil vermə imkanlarına, maddi-texniki şəraitlərinə, elmi-pedaqoji heyətinin potensialına görə iki qrupa - adi və milli statuslu universitetlərə bölünməlidir. Milli statuslu universitetlərə qəbul olmaq istəyən abituriyentlər üçün keçid balı yüksək olmalıdır. Adi universitetlərin keçid balı isə minimal səviyyədə saxlanılmalıdır.


Mənbə: Milli.Az

 

16 dekabr 2013
GO BACK