Qadin.NET / Azərbaycanlı gimnastlar Bolqarıstanda səkkiz medal qazanıblar

Azərbaycanlı gimnastlar Bolqarıstanda səkkiz medal qazanıblar

 

Azərbaycanlı gimnastlar bu qış günlərində Bolqarıstanın dünya şöhrətli kurort şəhəri Varnada keçirilən beynəlxalq turnirdə dördü qızıl olmaqla səkkiz medal qazanıblar. Bazar ertəsi Azərbaycan Gimnastika Federasiyasından Trend-ə daxil olan məlumata görə, daha çox mükafat 15 yaşlı bakılı idmançı Nilufər Niftəliyevanın hesabındadır. O, halqa və gürzlərlə tapşırıqlarda qalib gəlib, həmçinin çoxnövçülük üzrə yarışda ən yaxşı hesab edilib. Yalnız topla kombinasiya onu iddialarından bir qədər geri çəkilməyə vadar edib və bu yarışda ikinci yerə çıxıb. 1998-ci il təvəllüdlü gimnastların lentlə tapşırığı yerinə yetirdikləri yarışda yenə də azərbaycanlı idmançı ön sıraya çıxıb. Nəticədə Gülsüm Şəfizadə öz rəqiblərinə heç bir şans qoymayaraq fəxri kürsünün birinci pilləsinə qalxıb. Yeniyetmələrdən ibarət qrup komandası Varnadan üç medalla qayıdıb. Bunu milli komandanın baş məşqçisi Mariana Vasilyeva bildirib. Cənnət Məmmədova, Səbinə və Samirə Əliyevalar, Emiliya Bağiyeva və Səbinə Hümmətovadan ibarət 14 yaşlı kollektiv beş cüt gürzlə çıxış edərək qalib Rusiya komandasından sonra ikinci yeri tutublar. Beş halqa və çoxnövçülük üzrə yarışda qızlar üçüncü yeri tutublar. Komanda Çində 2-ci Gənclər Olimpiya Oyunları üzrə seçmə yarışlara hazırlaşırlar. Təsnifat yarışı fevralın sonunda Moskvada keçiriləcək. Baş məşqçi bildirib: "Biz yola saldığımız ilin sonunda yeni proqramımızı nümayiş etdirməyə risk etdik və mən həm mütəxəssislərdən, həm də həvəskarlardan onlar haqqında müxtəlif fikirlər eşitdim. Müsbət rəylər sevindirir, amma əlbəttə ki, tənqidləri də nəzərə almaq lazımdır. İyunda Bakıda keçiriləcək Avropa çempionatının kulminasiya olacağı növbəti mövsümün başlanmasından əvvəl, yaxın iki ayda bizi çox ciddi hazırlıq gözləyir". Batut üzrə mütəxəssislər də bu il son turnirlərini keçiriblər. "Uçan" gimnastlar Belorusun Vitebsk şəhərində Açıq Slavyan Oyunlarına toplaşıblar. Oyunlarda Azərbaycanın nümayəndəsi də iştirak edib. Əsas və sərbəst proqramları yerinə yetirən Ruslan Ağamirov yarışların finalına çıxıb. Finalda o, sərbəst tapşırıqla ikinci yeri tutub. Yığmanın məşqçisi İqor Boqaçovun sözlərinə görə, yeni ildə onun yetirməsi üçün əsas yarışlar apreldə Portuqaliyada keçiriləcək Avropa çempionatı və noyabrda ABŞ-dakı dünya birinciliyi olacaq.

 

Mənbə: Milli.Az
16 dekabr 2013
GO BACK