Day.Az saytının redaksiyasına Şamil Kazımov adlı oxucu məktub göndərib. Milli.Az-ın məlumatına görə, məktubda deyilir: "Mən yeni avtomobil almışam. Hazırki qanunvericiliyə əsasən, yeni avtomobil 4 il ərzində texniki baxışdan keçirilmir. Bununla belə, avtomobillər üçün yol vergisi nəzərdə tutulur. Mənim avtomobilim üçün bu vergi 20 manatdır. Yeni avtomobil sahibləri də yol vergisi ödəməlidirlərmi?" Məsələyə aydınlıq gətirmək üçün saytın əməkdaşı Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevlə əlaqə saxlayıb. Onun sözlərinə görə, 4 il ərzində texniki baxışdan azad olan avtomobillər yol vergisindən azad olunmurlar. "Digər sürücülər kimi, yeni avtomobillərin sahibləri də dövlətə yol vergisi ödəyirlər. Digər avtomobil sahibləri texniki baxış zamanı yol vergisini ödəyirlər. Yeni avtomobilin sahibləri isə vergini bankda ödəməlidirlər", - K.Əliyev əlavə edib.
Mənbə: Milli.Az