Bakı metrosunda fiziki qüsurlu sərnişinlər, demək olar ki, nəzərə alınmayıb. Metroya girmək üçün pilləkənlərdə xüsusi yerlər yoxdur. Stansiyanın içərisində ayrıca yol, otaqlar, eyni zamanda vaqonların içərisində onlar üçün xüsusi yerlər ayrılmayıb. Bunun nəticəsidir ki, əlilliyi olan şəxslər üçün Bakı metrosu təhlükə mənbəyidir.Bakı Metropoliteninin baş mühəndisi Fuad Tağızadə Milli.Az-a açıqlamasında paytaxt metrosunda fiziki qüsurlu sərnişinlərin nəzərə alınmamasını belə əsaslandırdı: “Bakıda əlillər metrodan istifadə etmirlər. Demək olar ki, əlil adamlar metroya girmirlər”.Baş mühəndisin sözlərinə görə, yeni tikilən metro stansiyalarında əlillər nəzərə alınacaqlar: “Onlar üçün xüsusi bardürlər qoyulur. Göz qüsurlu sərnişinlər üçün siqnallar, əlil arabasından istifadə edənlər üçün liftlər qoyulacaq.Milli.Az-ın: “Bəs əlil arabasında olan sərnişin yeni istifadəyə veriləcək “Avtovağzal” stansiyasından liftlə metroya girib "Neftçilər" stansiyasında necə çıxacaq?” sualına F.Tağzadənin cavabı ümidverici olmadı: “Keçmişdə tikilən metro stansiyalarında əlillər nəzərə alınmayıblar. “Neftçilər” stansiyası ötən əsrdə tikilib. Fikirləşək, görək neyləyirik”.
Mənbə: Milli.Az