Azərbaycanda mağazalar insanların taleyi ilə oynayır. Bəzən mağazalarda heç bir məsuliyyət hissi keçirmədən vaxtı keçmiş qida satılır. Belə hallardan biri Qəbələdə baş verib.Rayon sakini Milli.Az-a yazdığı məktubda bildirdi ki, dekabrın 12-də şəhər mərkəzində yerləşən mini marketlərdən birində uşağı üçün “Milla” şirkətinə məxsus yoqurt alıb. Lakin evə gətirən görüb ki, yoqurtun vaxtı bir neçə gün əvvəl bitib. Oktyabrın 31-də istehsal olunan məhsulun müddəti noyabrın 29-da bitsə də, dekabrın 12-də mağazada satılır.Məhsulu istehsal edən şirkətin satış şöbəsindən Milli.Az-a bildirildi ki, mağazada vaxtı keçmiş məhsulun satılmasına görə şirkət heç bir məsuliyyət daşımır. Əgər vətəndaşa vaxtı keçmiş məhsul satılıbsa, prokurorluğa, məhkəməyə müraciət edə bilər. “Dövlət qurumları nə üçündür? Araşdırılmalıdır, bəlkə kimsə yalan danışır. Əgər fakt təsdiqini tapsa, mağaza öz məsuliyyətsizliyinin cəzasını çəkməlidir”, - deyə satış şöbəsindən vurğulandı.
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev Milli.Az-a açıqlamasında bildirdi ki, bu işdə məsuliyyəti birbaşa mağaza rəhbəri daşıyır.Bölmə müdirinin sözlərinə görə, əgər istehlakçıya vaxtı keçmiş məhsul satılıbsa, İqtisadi İnkişaf Nazirliyinin Bazara Nəzarət Departamentinə və Qəbələ rayon Gigiyena Mərkəzinə müraciət edə bilər:“Yoqurt artıq istehlakçıya satılıb, ancaq hər hansı ziyan törətməyibsə, ərzaq satşı haqda sanitar qaydaları pozduğuna görə bizim qurum tərəfindən inzibati qaydada 100-200 manat cərimələnə bilər. İqtisadi İnkişaf Nazirliyi isə mağaza sahibini istehlakçı hüquqlarını pozduğuna görə 1300 manata qədər cərimə edə bilər”.
Mənbə: Milli.Az