Qadin.NET / Yığmamız MMA-da medal qazandı: "Bu, Azərbaycanın qələbəsidir"

Yığmamız MMA-da medal qazandı: "Bu, Azərbaycanın qələbəsidir"

 

MMA hərtərəfli döyüş növü üzrə Bakıda ilk dəfə olaraq beynəlxalq yarış təşkil olunub. Yalnız bir gün paytaxtımızda möhtəşəm döyüşlər keçirilib. “Okuklu İnşaat”ın dəstəyi ilə Azərbaycana dünyanın ən güclü komandaları gəlib. Yarışlar Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Ümumdünya MMA Assosiasiyası, Azərbaycan MMA Liqası, “Nakhchivan Fight Club”unun təşkilatı dəstəyi ilə keçirilib. Milli.Az xəbər verir ki, "Sərhədçi" Olimpiya mərkəzində peşəkar döyüşçülərlə həvəskarlar öz məharətlərini göstəriblər. Ümumdünya Qarışıq Döyüş Növləri Federasiyasının prezidenti Vadim Finkelşteyn təşkilatçılığın yüksək səviyyədə olduğunu bildirib və əlavə olaraq qeyd edib ki, azərbaycanlı idmançılar belə yarışlarda daha çox iştirak edib təcrübə yığmalıdırlar. Azərbaycan MMA Liqasının fəxri prezidenti Rövşən Həsənov da yarışdan razılıq etdi: "Bugünkü yarışdan çox razı qaldım, çox yüksək səviyyədə keçdi. İnşallah, gələcəkdə biz Azərbaycanda bu döyüş növünü inkişaf etdirəcəyik. Azərbaycanda Dünya və Avropa çempionatlarını, peşəkar M1 qarşılaşmalarını keçirməyi proqramlaşdırmışıq". “Nakhchivan Fight Club”un vitse-prezidenti Himalay Əliyev: "Bu bizim hər birimizin qələbəsidir. İlk növbədə İlkin Səfərovun döyüşünü qeyd eləmək istəyirəm. Ağır döyüş keçdi, amma qələbə bizim oldu. Belə nailiyyətlər çoxalacaq. Bizə şərait yaradan Naxçıvan Muxtar Respublikasının rəhbərinə təşəkkür edirəm". Liqanın prezidenti Kənan Məmmədov yarışma haqda bunları söylədi: "Bu yarış Azərbaycanda ilk dəfə olaraq keçirilib. Azərbaycan 2008-ci ildən MMA Assosiasiyasının nümayəndəsi kimi fəaliyyət göstərib, 2011-ci ildə bu, Azərbaycanda rəsmi idman növü sayılıb. 2011/2012-ci və 2012/2013-cü illərdə ilk dəfə Azərbaycan çempionatı keçirilib və 2 Avropa çempionatında iştirak etmişik. 1 Dünya çempionatında qızıl medal qazanmışıq . Bu Dünya kubokununda 16 ölkə iştirak edirdi, seçmə turda məğlub olanlar çıxırdılar. Final mərhələsinə isə 8 komanda qalırdı. Reqlamentə görə, hər çəki dərəcəsində 1 idmançı çıxış edirdi və xallar hesablanırdı. Yığmamızın 3 idmançısı finalçı olmasına baxmayaraq xal hesabı ilə 3-cü oldu". Qeyd edək ki, fəxri qonağı MMA əfsənəsi Fyodor Yemelyanenko olan turnirdə Rusiya yığması birinci yerə çıxdı. 2-ci yeri isə Qazaxıstan millisi qazandı. 

 

Mənbə: Milli.Az

15 dekabr 2013
GO BACK