Tayvanın nəhəng Foxconn Technology Group elektronika istehsalçısı yeni növ daşınan texnika hazırlayan start upların maliyyələşdirilməsi üçün nəzərdə tutulan fond təsis edib. Fondun ilkin nizamnamə kapitalı 200 milyon yeni Tayvan dolları (6,8 milyon ABŞ dolları) təşkil edib. Milli.Az ICTnews-a istinadən bildirir ki, fəaliyyətinə gələn ilin sonunda başlayacaq və vəzifələrindən biri elmi tədqiqat işlərinin aparılması üçün 2014-cü ilin birinci rübündə qrantların alınmasına görə namizədlərin seçilməsi olacaq fondun işini Syntrend Creative Park bölməsi idarə edəcək. Rəqabətin artması və satış tempinin azalması səbəbindən elektronika istehsalının rentabelliyinin aşağı düşməsi ilə əlaqədar olaraq Foxconn (sifarişçiləri sırasında Apple və Hewlett-Packard kimi şirkətlər yer alıb) fəaliyyətinin şaxələndirilməsinə başlayıb. Belə ki, şirkət yaradıcısı Terri Qou iyunda hazırda hazırlanması ilə məşğul olduqları ağıllı saatın prototipini nümayiş etdirib. Bundan başqa, oktyabrda Foxconn Tayvanda dördüncü nəsil mobil rabitə xidmətlərinin göstərilməsi üçün lisenziya alıb. Həmçinin, şirkət yaradıcısının oğlu və Syntrend Creative Park bölməsinin rəhbəri Qou Şen-çen gələn ilin dördüncü rübündə Taybeydə Taipei Information Park informasiya parkı açacaq. Onu da əlavə edək ki, Foxconn 2010-cu ildə 12 mərtəbəlik kompleksin inşası və idarəetməsi üçün hökumət tərəfindən keçirilən tenderin qalib olub. Binada yerli və beynəlxalq şirkətlərin ticarət məntəqələri yerləşəcək.
Mənbə: Milli.Az