“Fəqr” (fəqirlik) anlayışı dini ədəbiyyatda bir neçə mənada işlədilir. Ərəb dilindən tərcüməsi “yoxsul, kasıb, möhtac” deməkdir. Mənaların birinə görə, bütün insanlar fəqirdirlər, çünki Allah-təalanın mərhəmətinə möhtacdırlar. Yalnız Allah qənidir (zəngindir, ehtiyacsızdır): “Allah zəngindir, siz isə yoxsulsunuz” (Mühəmməd, 38). Milli.Az İslam.az-a istinadən bildirir ki, digər mənaya görə, fəqirlik – maddi yoxsulluq, kasıblıq deməkdir. Bəzi ayə və hədislərdə bu cür fəqirlik insanın imanına zərər yetirə biləcək pis bir hal kimi göstərilir: “Şeytan sizi yoxsulluqla qorxudaraq, alçaq işlərə sövq edər...” (Bəqərə, 268). “Fəqirdənsə qəbir yaxşıdır” (İmam Əli (ə)). Fəqirliyin bu cür dəyərləndirilməsinin səbəbi budur ki, kasıb insan özünün və ailəsinin dolanışığını təmin etmək üçün başqalarına, hətta dinsiz və mənəviyyatsız şəxslərə də möhtac olar, bununla öz şəxsiyyətini, müstəqilliyini itirər, alçalar. Bir qrup rəvayətlərdə isə fəqirlik bəyənilən bir hal kimi göstərilir. Hətta Həzrət Mühəmməd Peyğəmbərin (s): “Fəqir mənim fəxrimdir”, “Bu ümmətin ən yaxşıları fəqirlərdir” buyurduğu rəvayət olunur. İmam Əli (ə) isə: “Axirətdə insanların ən zəngini bu dünyada ən kasıb olanıdır” deyib. İmam Mühəmməd Baqir (ə) buyurub: “Kasıb möminlər cənnət bağlarına varlı möminlərdən 40 il əvvəl buraxılacaqlar”. Sonra imam öz fikrini belə açıqlayıb: “Təsəvvür et ki, gömrük məmuru iki gəmini yoxlayır. Gəmilərdən birinin boş olduğunu görəndə deyir ki, buraxın üzüb getsin. Amma o biri gəminin dolu olduğunu görəndə əmr verir ki, saxlasınlar (ta ki, içindəkiləri yoxlasın)”. Bu qismdən olan rəvayətlərdəki fəqirlik – Allahın verdiyinə razı olmaq, qənaətlə yaşamaq, dünyanın haram nemətlərindən qaçmaq mənalarını ifadə edir. Fəqirlik yalnız maddi deyil, mənəvi yoxsulluğa da şamil olunur. Məsələn: “Nə çoxdur elə fəqir ki, bütün zənginlərdən daha zəngindir” (İmam Əli (ə)). Təsəvvüf aləmində də fəqirlik anlayışı məhz bu mənada qəbul edilir. “Deyirlər ki, iki cür fəqr var. Bunların birindən Peyğəmbər bizarlıq edib Allaha buyurub: “Fəqrdən sənə pənah aparıram”. Fəqrin o biri növü haqqında isə buyurub: “Fəqr fəxrimdir”. Birincisi küfrə, ikincisi haqqa yaxındır. Küfrə yaxın olan – qəlbin fəqirliyidir ki, elm, hikmət, əxlaq, səbir, təslim və təvəkkül qəlbdən gedər. Amma Peyğəmbərin fəxri olan fəqirlik budur ki, insan dünyanı atsın və bununla Allaha yaxın olsun” (Xacə Abdullah Ənsari. Kəşfül-əsrar). İslam şəriətində fəqir elə şəxsə deyilir ki, özünün və ailəsinin bir illik dolanışıq xərcinə sahib deyil və bu məbləği qazanmaq im-kanından da məhrumdur. Belə insana maddi yardım göstərmək qalan müsəlmanların vəzifəsidir. Şəriətdə vacib buyurulan ehsanat (zəkat, fitrə zəkatı, fidyə, kəffarə), həmçinin, sədəqə bu cür şəxslərə ünvanlanmalıdır. Fəqirə yardım göstərmək İslamda savab sayılır. Əksinə, fəqirə təhqir gözü ilə baxmaq, kasıblığına görə onu alçaltmaq, könlünü qırmaq çox böyük günahlardandır. Dinimizdə fəqirin də özünü aparma qay-daları barədə bəzi göstərişlər vardır. Fəqir şəxs özünü zəlil şəklə salmamalı, şəxsiyyətini alçaltmamalı, yeri gəldi-gəlmədi ətrafdakılardan yardım ummamalıdır. Həmişə ruzi axtarışında olmalıdır, işləyə bilirsə, qazancını halal zəhmətlə əldə etməyə çalışmalıdır, verilənə qane olmalıdır. Qurani-kərimdə belə şəxslərin rəftarı təqdirəlayiq sayılıb: “Sədəqə Allah yolunda canından keçərək, yer üzündə hərəkət edə bilməyən fəqirlər üçündür. Belə şəxslər həyalı olub dilənçilikdən çəkindiklərinə görə, nadanlar onları dövlətli hesab edirlər. (Ya Rəsulum!) Sən isə onları üzlərindən tanıyırsan. Onlar heç kəsdən israrla bir şey istəməzlər. Sizin mallarınızdan bunlara nə verdiyinizi, şübhəsiz ki, Allah bilir” (Bəqərə, 273).
Mənbə: Milli.Az