“Bəzən uşaqlar biologiya kitablarında qısa şəkildə yazılan tibbi məlumatlar haqqında sual verdiklərində, onlara şifahi məlumat versək də, ayrıca dərslər keçirilmədiyi üçün bu məlumatlar yetərsiz qalır. Tədris müəssisələrində “Həyat bilgisi” dərsləri istənilən fənn müəllimləri tərəfindən tədris olunur və bu fənnlər üzrə tədris müəllimləri yoxdur. Yaxşı olardı ki, hər ixtisas öz mütəxəssisinə həvalə olunsun”. Sağlam yaşamağın əsas şərtlərindən biri də tibbi biliklərə yiyələnməkdir. İxtisasından, peşəsindən asılı olmayaraq hamının tibbi biliklər əldə etməsi zəruridir. Bu işi müvəffəqiyyətlə həyata keçirən təhsil müəssisələri də elə orta ümumtəhsil məktəbləridir. İnsan və onun sağlamlığı kursunun tədrisində şagirdlərə sağlamlığı möhkəmləndirən və pozan amillər, zərərli vərdişlərdən qorunma tədbirləri, onların profilaktika və müalicəsi, təhlükəli anlarda ilk tibbi yardımın göstərilməsi kimi tibbi bilik və bacarıqlar aşılamaq imkanı vardır. Ancaq orta ümumtəhsil məktəblərində biologiya fənninin tərkibində tədris olunan ilkin tibbi biliklər nəzəri şəkildə keçirildiyi üçün şagirdlərdə bu biliklər haqqında təsəvvür səthi olur.
“Hər ixtisas öz mütəxəssisinə həvalə edilməlidir”
Xətai rayonu 265 saylı orta məktəbin biologiya müəlliməsi Alimə Cəlilova məktəblərdə tibbi biliklərin tədrisinin təhsilin diqqətindən kənarda qaldığını təəssüflə qeyd etdi: “Bəzən uşaqlar biologiya kitablarında qısa şəkildə yazılan tibbi məlumatlar haqqında sual verdiklərində, onlara şifahi məlumat versək də, ayrıca dərslər keçirilmədiyi üçün bu məlumatlar yetərsiz qalır. Tibbi dərslər tamamən yox səviyyəsində deyil. Aşağı siniflərdən “Həyat bilgisi”, IX, X, XI siniflərdə isə biologiya fənninin tərkibində şagirdlərlə bu mövzularda müzakirələr aparılır. Bunların içərisində daha çox qan qruplarının öyrənilməsi, təzyiq, sınıq, çıxıq, zədələnmələr və qanaxmalar zamanı ilkin tibbi yardım necə aparılmalı və digər bilgilərin tədrisi yer alır. Ancaq demək istərdim ki, məktəblərdə tibbi avadanlıqlar olmadığı üçün şagirdlərlə praktik iş görə bilmirik”. Müsahibim əvvəllər məktəblərdə sanitariya dərslərinin keçirildiyini, indi isə bu dərslərin plandan çıxarıldığını diqqətə çatdırdı: “Onu da qeyd etmək istərdim ki, tədris müəssisələrində “Həyat bilgisi” dərsləri istənilən fənn müəllimləri tərəfindən tədris olunur və bu fənnlər üzrə tədris müəllimləri yoxdur. Yaxşı olardı ki, hər ixtisas öz mütəxəssisinə həvalə olunsun”.
“Yeni təmir olunan məktəblərdə təcrübi avadanlıqlar nəzərə alınır”
Təhsildə müsbət nəticələrə doğru addım atıldığını bildirən A.Cəlilova bunun tibbi təhsildə təsir etdiyini sevinc hissi ilə qeyd etdi: “Sevindirici haldır ki, hal-hazırda şəhər məktəblərinin bir çoxunda gedən təmir işləri həmin məktəblərdə laborotoriyaların qurulması, mikroskop və digər avadanlıqlarla təmin olunması da nəzərə alınıb. Bu avadanlıqların olmadığı məktəblərdə müəllimlər imkan olduğu qədər kompyuterlər vasitəsilə şagirdləri bilgiləndirirlər. Ancaq, gözlə görmək və əyani şəkildə həmin prosedurları tətbiq etmək eyni deyil”. Alimə xanım tibbi biliklərin öyrənilməsinə şagirdlərdə böyük marağın olduğunu bildirdi: “Tibbi biliklərə sahib olan şagirdlər öz bilik və bacarıqlarına uyğun olaraq öz valideynlərinə və ətrafındakı digər insanlara da həssaslıq göstərə bilərlər. Bunun da təməli məktəblərdə qoyulduğu üçün, müəllimlərdə də bir çox bilik və bacarıqların olması zəruridir”.
“Evdə valideyn deyən sözlə, məktəbdə müəllim deyən sözdə fərq var”
Qafqaz Universitetində mülki müdafiə dərsini tədris edən Yalçın Zeynalov orta ümumtəhsil məktəblərində tibbi biliklər və mülki müdafiə dərslərinin yetəri qədər tədris olunmadığını, şagirdlərin bu biliklərdən məhrum olduğunu bildirdi: “Həyat bilgisi”, “Oxu”, “Ana dili” dərsliklərinin tərkib hissəsində ilkin tibbi biliklər haqqında şagirdlərə məlumat verilməli, yuxarı siniflərdə isə biologiya fənninin tərkibində daha geniş şəkildə tədris olunmalı, X-XI siniflərə gəldikdə isə gənclərin hərbi hazırlığı dərslərinin tərkibində şagirdlərə bu biliklər verilməlidir. Bu biliklər nədən ibarət olmalıdır? Şagirdlər fövqəladə hallar zamanı nə etməli, hansı sığınacaqlardan istifadə etməli, insanlara vəziyyət haqqında necə xəbər verməli və bu müddətdə də yaralılara hansı tibbi müdaxilələrlə yardım etməli olduqlarını bilməlidirlər” . Y.Zeynalov şagirdlərin istənilən mühitdə tibbi yardımlar haqqında maarifləndirilməsinin mümkün olduğunu bildirdi: “Evdə valideyn uşaqları bu bilgilərlə məlumatlandırmalıdır. Ən azından evdə tək qaldığı müddətdə baş verən hər hansı fövqəladə hadisədən qorunmaq üçün nə etməli olduğu haqqında onları maarifləndirmək doğru addım olardı. Ancaq bu mövzuda məktəbdə müəllimlərin üzərinə düşən vəzifə danılmazdır. Ona görə ki, evdə valideyn deyən sözlə, məktəbdə müəllimin dediyi sözdə fərq vardır. Çünki, uşaqlarla müəllimlər arasında səmimiyyət baxımından məsafə olduğu üçün, şagirdlər müəllimin sözünə daha məsuliyyətli yanaşırlar. Məsələyə ümumi nəzərdən baxdıqda isə, demək istərdim ki, Fövqəladə Hallar Nazirliyi məktəblərə bunun üçün kifayət qədər maarifləndirici slaydlar hazırlayıb, panolar yerləşdirib bilgiləndirici məlumatlar veriblər”. Ancaq bunların yetəri olmadığını dilə gətirən müsahibim son olaraq yenə də, əsas məsələnin məktəblərin üzərinə düşdüyünü bildirdi.
“Məsləhət görərdim ki...”
Y. Zeynalov bu mövzudakı boşluqları sadəcə tədris sistemi ilə əlaqələndirmədi: “Şagirdlər XI sinifə çatdıqdan sonra, bu dərslərdən demək olar ki, xəbərləri olmur. Repetitor yanına, yaxud da digər hazırlıq kurslarına getdikləri üçün məktəbdə az zaman keçirirlər. Bu da onların tibbi biliklərdən geri qalmasına səbəb olur. Buna görə də, məsləhət görərdim ki, bu dərslər şagirdlərə IX-X siniflərdə tədris olunsun. XI sinifdə isə bu dərsin təkmilləşdirilməsi məsələsinə diqqət edilməsi daha məqsədəuyğun olardı”. Müsahibim bu sahədə dərs deyən müəllimlərin ixtisaslı şəxslər olması məsələsinə də toxundu: “Müəllimlər bu işin məsuliyyətini dərk etməli, mümkün olduğu qədər əyani vəsaitlərdən istifadə etməlidirlər. Şagirdlər ən azından məktəb vaxtından bu biliklərə sahib olmalıdırlar ki, bu hallarla qarşılaşdıqlarında özlərini itirməsin və zərərçəkəni düşdüyü vəziyyətdən çıxara bilsinlər”.
“Həyata tam hazır, sağlam gəncliyin yetişdirilməsi fənnlərin tədrisi prosesində həyata keçirilməlidir”
Təhsil prosesində şagirdlərə tibbi biliklərin tədris olunmasında atılan addımların əhəmiyyətindən danışan Qafqaz Universitetinin Tibbi biliklər fənninin müəllimi Xanlar Qasımovun mövzu ilə bağlı münasibətini öyrəndik: “Gənclərin həyata hazırlaşdırılmasının hansı istiqamətdə həyata keçirilməsindən asılı olmayaraq, birinci vacib şərt onların sağlamlığı olmalıdır. Şagirdlərə yaş və bilik səviyyələrinə uyğun tibbi-gigiyenik biliklər verilməli və tərbiyə aşılanmalıdır. Bu haqda məlumat sahibi olmayan insanlar bu tip hadisə ilə qarşılaşdıqları zaman nə edəcəklərini bilmirlər”. Xanlar müəllim özünün dərs dediyi universitetdə tibbi biliklər fənninin kifayət qədər ciddi tədris olunduğunu vurğuladı: “Düşünürəm ki, universitet səviyyəsində bu dərslərin tədrisinə kifayət qədər saat ayırılır. Biz Qafqaz Universitetində bu fənni bütün pedoqoji fakültələrə tədris edirik. Təhsil müddəti bitdikdən sonra, tələbənin bu biliklərə yiyələnməsinə dair diplomunda məlumat verilir. Əgər tələbə bu fənnin təhsili müddətində adıçəkilən bilgilərə sahiblənə bilməyibsə, bu göstəricilər onun diplomunda göstərilmir. Hətta Bakı Dövlət Universitetində pedoqoji fakültələrdə bu təhsilin öyrənilməsi haqqında tibb işçisi diplomu da verilir”.
“Tibbi biliklərə sahib olan şagirdlər valideynlərinə və digər insanlara da həssaslıq göstərə bilərlər”
Tibbi biliklərə sahib olmaq hər yaş dövründə və istənilən vəziyyətdə insana lazım olan sahə olduğu üçün, bu məsələyə ciddi yanaşılmasını tövsiyə edən X. Qasımov orta ümumtəhsil məktəblərində də tibbi biliklərin tədrisinə qayğı göstərilməsinin çox vacib məsələ olduğunu bildirdi: “Müəllim tibb sahəsindəki yeniliklərdən xəbərdar olmalı, sağlamlığa zidd olan amilləri bilməlidir. Məsləhət görərdim ki, məktəblərə bu sahə ilə əlaqəli tibbi savadlı müəllimlər cəlb edilsin, hətta daha gözəl olardı ki, bu təhsil müəssisələrinə ali təhsil almış həkimlər cəlb edilsinlər. Həmin həkimlər günün müəyyən hissəsini məktəblərdə keçirərək əyani şəkildə uşaqlarla məşğul olsunlar”. Xanlar müəllim sadəcə məktəblərdə deyil, universitetlərdə də bu məsələyə ciddi yanaşılmasının vacibliyini vurğuladı: “Məktəblərdə təməli qoyulan bu biliklərin universitet səviyyəsində inkişaf etməsi üçün yaxşı olardı ki, klinikalarla müqavilələr bağlanılsın və tələbələr müntəzəm olaraq bu klinikalara cəlb edilsin. Eyni zamanda onlara ilkin tibbi yardımın göstərilməsi haqqında slaydlar göstərilsin. Bu yolla tələbələr bayılma halları ilə qarşılaşdıqları zaman hansı yardımı göstərəcəkləri, qanaxma zamanı nə edəcəkləri, şoka dümüş insanı ayıltmaq üçün ilkin tibbi yardım necə göstərməli olduğunu biləcək və biliyi mənbəyindən öyrənmiş olacaqlar”.
İnsan sağlığı zaman və məkan tanımır. Ona yerində müdaxilə etmək Hippokrat andı da tələb etmir. Sadəcə mexaniki tibbi biliklərə sahib olmaq, bəzən bir insanın belə həyatını qurtarmağa kafidir... Bu haqda düşünməyə dəyər!
Mənbə: Zaman.Azərbaycan