Qadin.NET / Nümunələri özündən bir hərəkət

Nümunələri özündən bir hərəkət

 

Bu yazıda haqqında bəhs edilməsi bir vəfa borcu olan, gördükləri işlərlə dastan yazanlardan bəhs etmək çox çətin olsa da, söhbət açmaq istəyirəm. Rüşeymləri, pöhrələri və fidanları dünyanın dörd bir tərəfinə kök atmış önəmli bir oyanış hərəkatını bir məqalə çərçivəsində ifadə etmək, görəsən, mümkün olacaqmı? Zənn etmirəm... Bu mövzu ilə bağlı məlumatlarım videolardakı müşahidələrimdən ibarətdir; - hadisələrə şahidliyim eşitdiklərim qədərdir. Qələmim təxəyyülümün əsiridir, görülmüş və görülməkdə olan işlərin ifadə edəcəyi mənanın isə hansı zamana aid olduğunu bilmirəm... İndi bu şərtlər altında nədən bəs edilə biləcəyini siz deyin. Belə olduqda mənim bəhs edəcəyim mövzu olsa-olsa bir gül, ya da bir çiçəyin rəsmində bütün gülləri, çiçəkləri təsvirə cəhd etmək ola bilər. Bu isə ölü bir gül rəsmində böyük bir gülüstan və çiçək bağçasının, həm də hər bir gül və çiçəyin bütün bəzəklərinin, fərqli şivəsi və heyrətamiz ədası ilə təsviri olacaqdır ki, bu yolla gülüstanın da, gül bağçasının da həqiqi təsvirinin qeyri-mümkün olduğu aşkardır. Elə də olsa, çağın bu dastan kimi hadisəsi xatirinə qəlb və qələm əhlini hərəkətə gətirmək naminə belə bir yazının yazılması üçün izhari-cürətə ehtiyac olduğu qənaətindəyəm. Bəzi xeyirpərvər könül əhlinin “bir daha bismillah” demələri, qatma-qarışıq yazılmış bir yazı nəticəsində olacaqsa, məncə, məqsəd hasil olmuşdur. Elə isə ifadə və üslubun səviyyəsinə baxmadan çağın bu önəmli hadisəsindən mütləq bəhs edilməlidir; hər şeydən əvvəl tarixiləşdirmək və bu qəhrəmanlığı reallaşdıran “könlünü bu yola vermiş”lərə vəfa borcumuzu yerinə yetirmək üçün onlardan bəhs olunmalıdır. Yoxsa çox qısa zamanda dünyanın dörd bir tərəfində duyulub hiss edilən bu munis əsinti, bu səmimi hava, bu təptəzə düşüncə və bu sevgi, bu xoşgörü yelləri anladılmazsa, vəfa, fədakarlıq, comərdlik kimi insani dəyərlərə qarşı da sayğısızlıq göstərilmiş olar. Bu hərəkət yazılmalı və üzərində ciddi durulmalı hadisədir; bir neçə qara sevdalı kimsənin düşünmədiyi və ağlına gətirmədiyi bir dövrdə həsrət və hicranın ifadə etdiyi mənaya fikir vermədən, qürbət, yad ellər demədən, hədəflərində Haqqın rizasını əsas tutaraq dünyanın dörd bir tərəfinə səpələndilər. Əzmli, qərarlı və güvənlə dopdolu, həm də qəlblərindəki ölkə sevdasını, vətənə bağlılıq hissini insanlığa xidmət eşqi ilə basdıraraq. Peyğəmbər səhabələri kimi: “Girdik rehi-sevdaya cünunuz...”(Nigari), - deyib yayıldılar məğriblərə, məşriqlərə... Gəncliyin, gənclik ruhundakı dünyəvi arzu və əməllərin tərk edilə bilməyən bir cazibə ilə hər kəsi özünə çəkdiyi, cismaniyyətin insani duyğu və düşüncələri basqı altına aldığı, qəlblərində ilk səfdəkilərin həyəcanı ilə sanki uçub getdilər hər yana. Bu gediş vaxtsız bir dönəmdə röyalarına girən yalançı bir dünya gözəlinin arxasına düşmüş, ömür boyu xəyallarını ovlamış, hicran yaşamış və öz mənliyindən uzaqlaşmış, amma heç vaxt mənzil başına çata bilməyən o fərsiz sevdalıların gedişi kimi də deyildi. Bu gediş ürəkli, hiss, şüur və iradə əsaslı, ixlas və səmimiyyət dərinlikli bir gedişdi. Əgər siz istəsəniz buna, iman onların hər zamankı güc mənbələri, eşq və şövq təbii halları, insanlığa xidmət yolunu tutmaq məfkurələri, Sonsuz Nur (s.ə.s.) rəhbəri, canından, cananından keçənlərin özlərini dünyaya izah etmə cəhdi də deyə bilərsiniz. Bəli, onlar önlərinə çıxan əngəllər qarşısında diz çökmədilər, qəlblərində solmayan tək sevda Haqq rizası və Haqqa vüslət arzusu ilə yürüdülər dünyanın ən əlçatmaz səmtlərinə. Onlar getdilər, yollar öyündü, ruhanilər sevindi və təbii ki, şeytanlar da kinlə çırpındılar... Getdilər, nə atları vardı, nə də minikləri; nə silahları vardı, nə də cəbbəxanaları... Güc qaynaqları, sinələrində hər zaman lavalar kimi köpüklənən o müdhiş iman və həyəcan, üfüqlərində insanlığın xoşbəxtliyi və təbii ki, riza və rizvan; bəxtləri əshab və həvari bəxtinə tay; iffət və ismətləri ilə də ruhanilərlə qardaş bir tövrlə yüksəldilər o anda yeni bir oyanışın, yeni bir doğuşun arxasından; çatdılar və dastanlaşan bir mövzu və solmayan bir xatirə oldular. Səpələndikləri dünyanın dörd bir tərəfinə, Sonsuzdan işıq saçdılar; hər yanda tonqallar qaladılar; alovunda, közündə, dumanında könül rahatlığı. Pozuldu zülmün, qaranlığın sehri. Zülmün, qaranlığın ovsunundan əsər-əlamət qalmadı. Yuxusu qaçdı dinsizlərin və xoflanmağa başladı qaranlıqlar yeknəsəkliklə. Körükləndi bir daha yalan, iftira, hiylə ocaqları; azğınlaşdı qaba düşüncə və təəssübkeşlik; fikir üstünə atlar sürüldü və inanca, əqidəyə öldürücü tələlər quruldu. Amma bütün bu çırpınışlar əbəs idi, faydasızdı; hər tərəf nura qərq olmuşdu; sarmışdı Sonsuzdan gələn nurlar bütün cahanı. Artıq dəm aydınlıq ruhların dəmi, dövran da onların dövranı idi. Sözün düzü, ortalıq qarışıq, üfüqlər də tutqun idi, fəqət artıq qaranlıq və qaba düşüncənin sehri pozulmuşdu.
 Mənbə: Zaman.Azərbaycan
14 dekabr 2013
GO BACK