Norveç Çindən sonra Bitcoin rəqəmli valyutasını valyuta kimi tanımaqdan imtina edərək bəyan edib ki, kompüter pulları həqiqi valyuta olmadığından onlardan birja alətləri üçün xarakterik olan vergilər tutulacaq. Milli.Az ICTnews-a istinadən bildirir ki, Norveç Vergi Xidmətinin baş direktoru Hans Xristian Holte qeyd edib ki, Bitcoin pul və valyuta haqqında ənənəvi təsəvvürlərə uyğun deyil. Biz bunu müzakirə etdik və Bitcoina verginin tətbiq edilməsi ilə bağlı yekdil fikrə gəldik. Nəticədə rəqəmli valyuta birja alətinə bərabərləşdirildi. Bu isə o deməkdir ki, bu aktivə sahib olanlar kapital artımına görə vergi ödəməli olacaqlar, - deyə o vurğulayıb. Xatırladaq ki, avqustda Almaniya virtual pula vergi tətbiq edib. Hazırda dünyada rəqəmli pulların ümumi sayı 12 milyon təşkil edir. Bitcoin yaradıcısı Satoşi Nakamoto alqoritmi yaradan zaman kompüterlərin populyarlığının və məhsuldarlığının sürətlə artmasını da nəzərə alıb. Sistemdə 21 milyonluq pul sayına yalnız 2140-cı ildə nail olunacaq. Qeyd edək ki, Bank of America analitikləri Bitcoin virtual valyutası haqqında ilk hesabat dərc ediblər. Hesabatda deyilir ki, Bitcoin böyük potensiala malikdir və internetdə əsas ödəniş vasitəsi ola bilər. Bitcoin dünyanın heç bir ölkəsinə məxsus deyil və mərkəzləşdirilmiş server olmadan müstəsna olaraq müəyyən proqram təminatı istifadəçiləri arasında dövr edir. Odur ki, rəqəmli pullardan istifadə edilərək həyata keçirilən bütün tranzaksiyalar, sadəcə, anonim şəklində olur.
Mənbə: Milli.Az