Qadin.NET / Psixoloq: "Hər xəstəliyin təməlində qorxu dayanır"

Psixoloq: "Hər xəstəliyin təməlində qorxu dayanır"

 

“Sözünü deməkdən qorxmayan insan ailədə böyüklərlə, işdə müdirlə rəftar qaydalarında xətaya yol verə bilər. Bu da həmin insanın cəmiyyətdə hörmətini itirməsinə səbəb ola bilər”. Bəzən çox şey edə biləcəyimiz halda səssizcə dayanmağı seçirik. Halbuki, addım atmağa qorxduğumuz yollar var ki, bizi zirvəyə apara bilər. Qorxu və cəsarətsizlik insanı çox şeydən məhrum buraxa bilər. Lazım olan şey isə 20 saniyəlik cəsarətdir. Bəzi şeyləri seçmə haqqımız olmadığı kimi hisslər də insana yaradılışdan verilir. Qorxu hissi çox insanda var. Bu da normal haldır. Bəs qorxmayan insanlar necə? Heç bir hadisə qarşısında zəif olmayan, son dərəcə cəsarətli, qorxmaz olan bu insanlar nə üçün digər insanlardan fərqlənirlər? Bu hal onlarda yaradılışdan var, yoxsa sonradan qazanılan bir xüsusiyyətdir? Yeri gəlmişkən, yersiz cəsarət də bəzən əks nəticələr verə bilir. Necə deyərlər, hər şey yerinə görə...
 Qorxmazlığın səbəbi
Qəzetimizə müsahibə verən Qafqaz Universitetinin psixoloqu Hüseyn Xəlilovbu məsələyə aydınlıq gətirdi. Bunun həm bioloji, həm də sosial faktorlara dayandığını deyən müsahibimiz bəzən bu vəziyyətin genetik də ola bildiyini qeyd etdi: “Beyində maddələr mübadiləsinin çox olması qorxu mərkəzlərinin qarşısına bir növ sədd çəkir. Beyində bəzi maddələrin, xüsusən də, nikotinin çox olması buna səbəb olur. Nəticədə insan qorxu hissinə qalib gəlir. Bu zaman, o həssaslıqdan uzaqlaşır və daha soyuqqanlı olur. İnsanın sosial həyata hazırlıqlı olması da onun bəzi qorxularını arxada qoymasına kömək edir. Qeyd edim ki, burada genetik keyfiyyətlərin də təsiri var. Məsələn, elə adam var ki, ulu babaları qorxmaz insan olub, düşməndən çəkinməyib. Bu, nəsildə sonra gələn insanlarda da özünü göstərə bilir. Lakin bu çox da rast gəlinən hal deyil”.
 Qorxmazlığın sosial təsirləri
İnsan xarakterinin formalaşması və onun bir sıra sosial inkişafında cəmiyyətin təsiri danılmazdır. Qorxularından azad ola bilməyən insan nə sosial münasibətlərdə, nə də cəmiyyətdə özünə yer tuta bilər. “Qorxmaq” ilə “qorxmamaq” arasındakı incə xəttin önəmini vurğulayan H.Xəlilov ağlın gücü ilə orta yolu tapmağın mümkün olduğunu söylədi: “Qorxmazlıq insanda özünə güvən hissini formalaşdırır. İnsanın qorxmaması müsbət haldır. Ancaq bunun mənfi tərəfləri də var. Cəsarətli insan ətrafdakıların güvənini, etibarını qazanır. Hər kəs onunla dostluq etmək istəyir. Lakin insanların qorxmazlığından, cəsarətindən süi-istifadə edənlər də az deyil. Yəni həmin insanı aldadaraq ona zərər verə bilərlər. İnsan nə qədər qorxmasa da gələ biləcək hər cür təhlükəyə hazır olmalıdır. Ağılla düşünüb qərar verməlidir. Bu halın insanın özünə də mənfi təsiri var. Belə ki, qorxmazlıq insanda təkəbbürün, eqonun yaranmasına, özünə güvənin ifrat həddə çatmasına səbəb ola bilir. Odur ki, qorxu bilməyən insan bu hissini təfəkkür və iman çərçivəsinə aşmağı bacarmalıdır”.
İnsanın çox cəsarətli olduğu zaman səhvlərə yol verə biləcəyini deyən müsahibimiz bunu belə izah etdi: “Cəsarət bəzən insanlarda düzəlməyən səhvlərə yol açır. Sözünü deməkdən qorxmayan insan ailədə böyüklərlə, işdə müdirlə rəftar qaydalarında xətaya yol verə bilər. Bu da həmin insanın cəmiyyətdə hörmətini itirməsinə səbəb ola bilər”.
Qorxular müxtəlif cür olur 
Qorxu hissi hər insanda özünü fərqli şəkildə büruzə verir. Bəzən kiçik bir hadisə qarşısında dərin qorxu yaşayan insanı heç bir vahimə qorxuda bilmir. Bəzən isə tam əksi olur. Bu mövzuya aydınlıq gətirən Hüseyn Xəlilov heç nədən qorxmayan, ömrü boyu qorxunun üzərinə gedən insanların sonradan hansısa hadisə nəticəsində qorxu hissinə tabe ola bildiklərini də söylədi: “Araşdırmalar göstərir ki, heç nədən qorxmayan insanların sonradan yaşadıqları hadisə onlarda qorxu hissinin yaranmasına gətirib çıxarır. Məsələn, elə adam var ki, doğmasının onun gözləri qarşısında dünyasını dəyişməsi həmin insanda qorxu yaradır”.
Qorxunun həm də şüuraltı proses olduğunu deyən psixoloq insanların vəsvəsə nəticəsində qorxduqlarını bildirdi: “Məsələn, qaranlıq qorxusu olan bir insan yatarkən işığı yandırır. Lakin həmin insan düşünsə, fərqinə varsa, qaranlıqda heç bir təhlükə olmadığını görəcək. İnsan öz iradəsilə hərəkət etmək əvəzinə vəsvəsələrlə hərəkət edir. Əgər insanların beynindəki bütün mərkəzlər təfəkkürə söykənərsə, bu zaman qorxularının öhdəsindən gələ bilərlər”.
Uşaqlarınıza qorxu ilə hökm etməyin 
Uşaq psixologiyasında valideyn təsirinin danılmaz olduğunu deyən H.Xəlilov hər şeyin ailədə formalaşdığını bildirdi: “Valideynlər daha çox uşaqlarını qorxutmaqla nədənsə çəkindirməyə çalışırlar. Unutmayın, hər xəstəliyin təməli qorxudur. Uşaqlarınızı qorxutmaq əvəzinə onlara xəbərdarlıq edin. Onlara dəyə biləcək zərərin sizi incidəcəyini övladınıza izah edin. Siz onlara qorxu ilə hökm etsəniz, bu zaman uşağınızı yalan danışmağa sövq etmiş olarsınız. Uşaqları ən adi hərəkətində belə qorxutmaq onlarda psixoloji pozğunluğa səbəb olur. Bu, uşaq şəxsiyyətinin formalaşmasına mənfi təsir göstərir. Onlar artıq hər şeydən qorxmağa başlayırlar. Valideyn özünə düzgün tərbiyə üsulu seçməlidir. Elə insanlar var ki, onlara çıx səhnədə danış desək, qorxmağa başlayacaqlar. Lakin bu o demək deyil ki, həmin insan qorxaqdır. Sadəcə, səhnədə danışmaq o insanın təcrübəsində olmayıb. Sosial fəaliyyətlərdə olduqca rahat olan, heç bir vəziyyətdə qorxmayan, çəkinməyən insanlar uşaqlıqdan sosial münasibətlərə hazırlıqlı olurlar. Onlara bu hiss uşaqlıqdan aşılanır. Ailələrin bu mövzuya diqqətlə yanaşmalıdırlar”.
Müsahibimiz son olaraq insanların Allahdan qorxmalı olduqlarını söylədi: “Ümumiyyətlə, insanlar “qorxmaq” ilə “qorxmamaq” arasında körpü qurmalıdırlar və Allahın qəzəbindən qorxmalıdırlar. Əslində bizim “Allahdan qorxmaq” anlayışımızda bəzi yetərsizliklər var. Belə ki, Allahdan qorxmaq hər şeydən öncə Allahın mərhəmətindən məhrum olmaqdan qorxmaqdır. Çünki bir insan Allahın mərhəmətindən məhrum hala gəldisə, daha heç bir şey ona kömək edə bilməz. İkinci bir tərəfdən isə müqəddəs kitabımız Qurani-Kərimin də bildirdiyim kimi, əlbəttə, o dünyada cəza var, əzab var. Amma biz hər şeydən öncə Allahın mərhəmətinə yönəlməli, nə halda oluruqsa-olaq, ondan ümidimizi kəsməməliyik və tövbə qapısından keçib bir daha Ona yönəlməliyik”.
Mənbə: Zaman Azərbaycan
14 dekabr 2013
GO BACK