Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb. Milli.Az Apasport.az-a istinadən xəbər verir ki, yığmamızın baş məşqçisi Faiq Qarayev Dünya çempionatının seçmə mərhələsi üçün açıqlanan ilkin heyətə 18 oyunçunun adını daxil edib. Belə ki, təcrübəli mütəxəssis yanvarın 3-5-də Serbiya, İsrail və Estoniya ilə görüşlər üçün Ceyran Əliyeva, Kseniya Kovalenko, İrina Makarenko, Anastasiya Qurbanova, Oksana Parxomenko, Odina Əliyeva, Ayşən Abduləzimova, Yelena Parxomenko, Natəvan Qasımova, Natalya Məmmədova, Yana Ağayeva, Yekaterina Jidkova, Şəfaqət Həbibova, Valeriya Korotenko, Aynur Kərimova, Oksana Kiselyova, Polina Rəhimova və Aleksandra Prupasın adını sifariş edib. O, Bakıda keçiriləcək III mərhələnin oyunları ərəfəsində heyətə bir daha “əl gəzdirəcək”. Bu oyunçulardan Makarenko, Jidkova və Prupas debütantdırlar. Müvafiq olaraq, Rusiya, Ukrayna və Belarus əsilli milliləşdirilmiş oyunçuların hamısı yığmamızın bazası hesab edilən “Azərreyl”in şərəfini qoruyurlar. Düzdür, onlardan Aleksandra gənclərdən ibarət komandamızda da çıxış edib. Lakin digərləri birbaşa əsas komandamıza çağırılıb. Həmçinin Qarayev Avropa çempionatının final mərhələsindən sonra milli karyerasını başa vuran Məmmədovaya da dəvət göndərib. Rusiyanın “Omiçka” klubunda oynayan hücumçu da çox güman ki, yenidən komandamıza dönəcək. Qeyd edək ki, qitə birinciliyində sənədlərinin qaydasında olmaması səbəbindən yığmamıza kömək edə bilməyən Ağayeva bu dəfə heç bir problemlə üzləşməməlidir.
Mənbə: Milli.Az