Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, Qax rayonunda yeni-yeni turizm obyektlərinin istifadəyə verilməsi və görülən digər tədbirlər turistlərin bu bölgəyə marağını artırır. Eləcə də, bura gələn turistlərə rayonun gəzməli, görməli, tarixi yerlərinə marşrut üzrə turlar təşkil olunur. Burada turistlərə yerli, milli və Avropa mətbəxlərindən ləziz yeməklər təklif olunur. Yerli xəmir xörəkləri isə turistlərin ən çox xoşladığı yeməklərdəndir. Obyektlərdə, böyüklər və uşaqların istirahətini daha yaxşı təmin etmək üçün hər cür şərait yaradılıb. Rayona gələn turistlər otellərlə yanaşı, xüsusi kənd evlərində qalmağa da üstünlük verirlər. Ümumiyyətlə, rayonunun gözəlliklərini görmək istəyənlərin sayı ildən-ilə artmaqdadır. Yerli turizm obyektlərində qiymətlərin münasib olması da turistləri cəlb etmək baxımından əhəmiyyət daşıyır. Bu mərkəzlərdə bir nəfərin 1 sutka ərzində istirahəti 30-35 manata başa gəlir. Xidmətlərə gün ərzində 3 dəfə yemək də daxildir. Hətta qış mövsümündə bir çox istirahət mərkəzlərində endirimlər də gözlənilir. Qış mövsümündə Qaxda 7 lisenziyalı turizm obyektində eyni vaxtda 600 turisti yerləşdirmək imkanı var. Qeyd edək ki, 2012-ci ildə rayona 18 mindən artıq turist gəlib. 2013-ci il ərzində isə bura gələn turistlərin sayı 20 mini ötüb.
Mənbə: Milli.Az