Trend xəbər verir ki, pilot layihə çərçivəsində "Azərbayan Hüquq İslahatları Mərkəzi"nin sədri Anar Bağırov və GİZ-in Bakı ofisinin rəhbəri Tomas Meltser 18 nömrəli tam orta məktəbdə olub, keçirilən dərslərdə iştirak edib və bu layihə barədə məktəbin kollektivinə və şagirdlərə ətraflı məlumat veriblər.
Layihənin rəhbəri, "Azərbaycan Hüquq İslahatları Mərkəzi"nin sədri A.Bağırov bildirib ki, bu layihə indiyə kimi buna oxşar tədbirlərdən öz unikallığı ilə seçilir. Belə ki, dərslərdə istifadə olunması üçün ilk dəfə Azərbaycan dilində ayrıca dərs vəsaitləri hazırlanıb. Dərslikdən və işçi dəftərindən ibarət olan bu vəsaitlər həm məzmun etibarilə, həm də dizayn baxımından şagirdlərin böyük marağına səbəb olub. Belə ki, vəsaitlərin dizayn tərtibatı Almaniya Rəssamlıq Akademiyasının keçirdiyi müsabiqədə qalib olan tələbələrin rəsmləri əsasında qurulub:
"Layihənin əsas məqsədi 10-cu və 11-ci sinif şagirdlərinin hüquqi biliklərinin inkişaf etdirilməsi və onlara gələcəkdə üzləşə biləcəkləri hüquqi vəziyyətlərdə etməli olduqları davranışların öyrədilməsidir. Eyni zamanda, dərslərdə fərqlənən şagirdlərin məhkəmələrdən birinə ekskursiyaya aparılması nəzərdə tutulub".
GİZ-in Bakı ofisinin rəhbəri T.Meltser isə məktəblə tanış olaraq şagirdlərin keyfiyyətli təhsil alması üçün yaradılmış şəraitdən məmnunluğunu bildirib. Layihə barədə danışan T.Meltser bu metodik vəsaitlərin Azərbaycan dilində Almaniyada çap olunan ilk nəşrlər olduğunu xüsusilə vurğulayıb. O, qeyd edib ki, bu dərslər şagirdlərin hüquqla bağlı anlayışlarına böyük töhfələr verəcək. O, şagirdlərlə sual-cavab formatında diskussiya da aparıb və məktəblilərin layihə barədə fikirlərini öyrənib.
Şagirdlərin bu dərslərə böyük marağının olduğunu qeyd edən 18 nömrəli tam orta məktəbin direktoru V.Hüseynovun fikrincə, hər bir insan öz hüquq və vəzifələrini bilməlidir və bunların artıq məktəbdən şagirdlərə çatdırılması çox müsbət haldır. O, uzun illərdir direktoru olduğu məktəbin uşaq hüquqlarının müdafiəsi ilə bağlı keçirdiyi tədbirlərdən də danışıb.
Qeyd edək ki, məşğələlərin keçirilməsi üçün hazırlanmış dərs vəsaitində Azərbaycanın hüquq sistemi və hüquq tarixi, əsas insan hüquq və azadlıqları, ölkəmizin məhkəmə sistemi, Avropa İnsan Hüquqları Məhkəməsi barədə məlumatlar yer alıb. İşçi dəftərdə isə qeyd olunmuş hüquqi məlumatlara həsr olunmuş illüstrativ-praktiki tədris tapşırıqları krossvord, test, sual-cavab formasında əks olunub. Pilot layihə ilkin olaraq Bakının 18, 236, 240 və 276 nömrəli tam orta məktəblərində və Bağça-Məktəb Lisey kompleksində keçirilir.
Layihənin gələcəkdə digər tam orta məktəblərdə də keçirilməsi nəzərdə tutulur.
Mənbə: Milli.Az